Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:43

Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]


"Amerikanın Səsi". Screenshot.
"Amerikanın Səsi". Screenshot.

Ərəb şahzadələrinin sevimli oyuncağı kimi tanınan "Gelandewagen" - Mercedes-Benz G-Class avtomobilləri, görünür, bəzi azərbaycanlı məmur övladları Bakı küçələrində bir-birləri ilə ötüşmək üçün üstünlük verirlər.

AzadlıqRadiosu-nun yerli media və Daxili İşlər nazirliyinin gündəlik kriminal xronikası əsasında apardığı qısa araşdırmadan belə olur ki, qəzalar zamanı məmur övladları əsasən bu markalı avtomobili idarə ediblər.

Avqustun ilk bir həftəsində 2 qəza...

6 avqust 2017-ci il: Lent.az saytının yazdığına görə Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu 11 yaşlı piyadanı vurub.

Buna da bax:​ Əli Həsənovun nəvəsi həbs edildi

7 avqust 2017-ci il: dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Hökumətə yaxın saytlar öncə bu xəbəri versələr də sonradan saytlardan yığışdırıblar. Sürücünün kimliyi isə hələki açıqlanmır.

3 avqust 2017-ci il: Bakıda Nərimanov rayonu ərazisində “Geländewagen” kimi tanınan markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır qəza baş verib. Rəsmi məlumata görə bu qəzanı törədən Nail Allahverdiyev olub. 22 yaşlı Nail Allahverdiyev isə baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Əli Həsənov özü bunu inkar etməyib, yerli mediaya müsahibəsində sadəcə onu deyib ki, hüquqi dövlətdə heç kim qohumuna görə məsuliyyət daşıya bilməz.

Amerikanın səsi” yazır ki, Nail Allahverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kürəkənidir.

Buna da bax: Deputat: 'Məmurlar övladlarını elə tərbiyə etməlidir ki...'

Amma hələlik Elçin Quliyevin nə özündən, nə də təmsilçilərindən bu barədə hər hansı reaksiya səslənməyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı orada yüksək sürətlə hərəkət edən «Mazda» markalı avtomobilin sürücüsü Bakı sakini, 22 yaşlı Mirməhəmməd İsmayılov da saxlanıb. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

AFN.az” saytı yazır ki, “Maqa” ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Onun qardaşı Rauf İsmayılov isə Nəsimi RPİ-nin 20-ci polis bölməsinin serjantıdır. Sayt yazır ki, Əlövsət İsmayılov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.

Adı çəkilən şəxslər hələlik bu iddiaları nə təkzib, nə də təsdiq ediblər.

Buna da bax:​ Azərbaycanda ataların ərköyün balalarının bəlaları...

“ŞƏRTİ AZADLIĞA ÇIXAN “MƏMUR OĞLU” BU DƏFƏ DƏ...”

2017-ci iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydüyü haqda məlumat yayıldı. Hadisədən bir neçə gün sonra Novruzəli Orucov tutduğu vəzifədən uzaqlaşdırıldı. O yerli mediaya müsahibəsində bildirdi ki, “prezident onu bu dəfə bağışlamadı”.

Bu hadisə Rüstəm Orucovla bağlı ilk hadisə deyildi. Bir neçə il öncə o, bir piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı iddia olunur. Buna görə 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

"12 İLLİK CƏZANIN 3 İLİNİ ÇƏKƏNDƏN SONRA ƏFV"

Bunlar təkcə son 1-2 ayda baş verənlərdir. Yerli media isə zaman-zaman “məmur övladlarının” səbəbkarı olduğu yol qəzalarından yazıb. Bu hadisələrdən bəzilərinə qısa nəzər salaq:Qaynarinfo.az saytının yazdığına görə, Kürdəmir rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu - 16 yaşlı Rahim Sadıqzadə idarə etdiyi “Hyundai Santafe” markalı maşınla 65 yaşlı bir qadını vurub. Qadın hadisə zamanı ölüb.

Buna da bax:​ General Orucov vəzifədən azad edildi, oğlu saxlandı

Yerli medianın ən çox müzakirə etdiyi qəzalardan biri 2014-cü ilin martında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovla bağlı olub. İdarə etdiyi “Geländewagen” markalı avtomobillə törətdiyi qəza nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilsə də 3 ildən sonra əfv olunub.

“QƏZALARDA TƏKCƏ CANLAR ALINMAYIB, HƏM DƏ...”

2014-cü ilin sentyabrın 27-də Türkan-Zığ yolunda Bakının Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi «Mercedes S500» markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşını ilə toqquşub. Nəticədə həmin vaxt «Mercedes»də olmuş, «McDonald's»ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

Buna da bax: Nazirlər bahalı maşınları neçəyə alırlar?

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Yük maşının sürücüsünün atası isə məhkəmənin qərarından göz yaşları ilə danışıb. Oğlunun heç bir günahı olmadığını, qəzadan qurtulmağın mümkünsüz olduğunu deyib. Oğlunun yaralıları maşından çıxarmasına, təcili yardım çağırmasına baxmayaraq, kimsəsiz olduğundan ən ağır cəzanı aldığını vurğulayıb.

Sonradan Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər heyəti hökmü İlham Əsgərli ilə bağlı hissədə dəyişərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb.

Buna da bax:​ İlham Əliyev: 'Məmurlar özlərini apara bilmir...'

“İÇƏRİDƏ QIZLAR OLAN MAŞINA AÇILAN ATƏŞ”

Keçmiş deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun adı isə idarə etdiyi “Geländewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açması ilə hallanıb. Qızların yaxınlarını AzadlıqRadiosu-na danışıblar ki, hadisənin araşdırılması üçün üz tutmadıqları qurum qalmayıb. Amma bir tədbir görülməyib.

Sonda qeyd edək ki, bu məlumatlar yerli mediada getmiş, konkret məhkəmə işləri və zərərçəkənləri olan işlər əsasında hazırlanıb. Lakin bütün məlumatların mediaya sızmadığı halların da olması ehtimalı var.

XS
SM
MD
LG