Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

Naxçıvanda yüz milyonlarla manatı mənimsəməkdə ittiham edilən nazir və başqa məmurlar azadlığa buraxılıb


Səbail rayon Məhkəməsi
Səbail rayon Məhkəməsi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) bir müddət öncə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində yüz milyonlarca manat yeyintidə ittiham olunaraq həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, həbsdən buraxılanlar arasında Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

Adları çəkilən şəxslər 2022-ci ilin noyabrında həbs olunarkən, həmin vəzifələrdə çalışırdılar. Onların həbsindən sonra vəzifələrindən də azad edilmələri barədə sərəncam və əmrlər imzalanıb.

Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.

“Səbail rayon Məhkəməsinin qərarı ilə onların haqqında, ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə məhkəmə qərarıyla artırıldı. Sonuncu dəfə artırılmış həbs müddəti başa çatanda isə daha uzatma üçün məhkəməyə təqdimat verilməyib. Onlar həbsdən buraxılıblar”, - AzadlıqRadiosu-na belə bildirilib.

Cinayət işinə xitam verilməyib?

Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onlar yenə də təqsirləndirilən şəxs statusunda qalırlar.

Azadlığa çıxan keçmiş məmurlardan birinin vəkili də bu məlumatı AzadlıqRadiosuna təsdiqləyib.

Rəfael Əliyev Maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla Maliyyə naziri təyin edilib.

R.Əliyev nazir vəzifəsinə gedəndən sonra Gömrük Komitəsində onun əvvəlki postuna Mansur Əsgərov təyin olunub.

Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri, general-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə - ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi. Məsələn, sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə suçlanırdı. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.

Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.

Penitensiar Xidmətin keçmiş rəisi hələ də həbsdədir

Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir.

2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.

T.Həsənov özünü təqsirli bilmir.

XS
SM
MD
LG