Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

Bakı dünyanın “ən keyfiyyətsiz” şəhərlərindəndir


Bakı Formula 1 yarışına hazırlaşır
Bakı Formula 1 yarışına hazırlaşır

Nüfuzlu Mercer konsaltinq şirkətinin ənənəvi “şəhərlər və keyfiyyətli həyat” reytinqində Bakı 230 şəhər arasında yalnız 197-ci yeri tuta bilib.

Azərbaycan paytaxtı son 5 ildə bahalı və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə baxmayaraq həyat səviyyəsinə görə geridə qalan şəhərlərdən biri sayılır

Nüfuzlu Mercer konsaltinq şirkətinin 2016-cı il üçün ənənəvi “şəhərlər və keyfiyyətli həyat” reytinqində Bakı 230 şəhər arasında yalnız 197-ci yeri tuta bilib.

Bundan az əvvəl neft qiymətlərinin düşdüyü və manatın ağır devalvasiyaya uğradığı şəraitdə Formula 1 yarışına görə tənqidlərlə üzləşən Azərbaycan rəsmiləri əsas məqsədin Bakını dünyada tanıtmaq olduğunu bildirirdilər.

Əslində Mercer-in Həyat Keyfiyyəti (Mercer’s Quality of Living Rankings) reytinqinin kriteriyaları arasında beynəlxalq tədbirlərə ev sahibliyinin edilməsi yoxdur.

Yaxşı şəhər azad şəhərdir

Şirkət bildirir ki, onun məqsədi böyük transmilli şirkətlərə və investorlara öz işçilərinə ədalətli maaş verməsi üçün informasiyanın təqdim olunmasıdır. Beləki, əcnəbi işçinin çalışdığı şəhərdə həyat keyfiyyəti aşağı olduqca onun maaşının yüksək olması məntiqlidir.

Qiymətləndirmədə nəzərə alınan 39 faktor aşağıdakı 10 kateqoriya üzrə sadalanır:

Siyasi və sosial mühit (siyasi sabitlik, qanunçuluq)

İqtisadi mühit (məzənnə və bank sistemi)

İctimai və mədəni mühit (media və senzura, insan azadlıqlarının məhdudlaşdırılması)

Tibb və səhiyyə mülahizələri (tibb xidməti, xəstəliklər, kanalizasiya və sanitariya vəziyyəti)

Məktəblər və təhsil (beynəlxalq təhsil ocaqlarının mövcudluğu)

Kommunal xidmətlər və nəqliyyat (su, elektrik, nəqliyyat və tıxaclar)

Əyləncə (restoranlar, teatrlar, istirahət və idman mərkəzləri)

İstehlak malları (ərzaq və başqa tələbat mallarının keyfiyyəti)

Mənzil şəraiti (kirayə, avadanlıq və xidmətlər)

Ətraf mühit (iqlim, təbii fəlakətlər)

Dünya şəhərlərinə qiymətlər məhz bu kriteriyalar üzrə verilir. Bütün bunlar yaşayış keyfiyyəti göstəricisinin çıxarılmasına imkan verir.

Dünyanın bəxtəvər şəhərləri

Mercerin reytinqində Vyana şəhəri Nyu York (44), Paris və Londonu çox geridə qoyaraq birinci olub.

Vyana dünyanın ən yaxşı şəhəri hesab edilir
Vyana dünyanın ən yaxşı şəhəri hesab edilir

18-ci dəfə keçirilən indeksdə sonrakı yerləri Sürix (İsveçrə) və Oklend (Yeni Zelandiya) şəhərləri tutublar.

İlk onluğa Almaniyanın üç şəhəri daxil olub: Münhen, Düsseldorf və Frankfurt.

Qeyri-Avropa ölkələrindən ilk onluğa yalnız Avstraliya (Sidney) və Kanada (Vankuver) daxil ola biliblər.

Lüksemburq, Bern, Helsinki və Sürixin ən yüksək yerləri tutmasına baxmayaraq, Paris (37), London (39), Madrid (52) və Afina (87) kimi şəhərlər yalnız ilk 70-liyə daxil ola biliblər.

Mercer bunu bu şəhərlərin üzləşdiyi terror hədələri və hücumları, habelə ictimai etirazlarla (Afina) əlaqələndirir.

Bakı Yerevan və Tbilisidən geridə

Keçmiş sovet məkanına gəlincə isə, burada, məsələn Cənubi Qafqazda Tbilisinin (188) və Yerevanın (182) göstəriciləri Bakıdan xeyli yaxşıdır.

Tehran, Daşkənd, Aşqabad, Bişkək, Düşənbə (210) Bakıdan sonrakı yerləri tutublar.

İndeksə Rusiyanın iki şəhəri – Moskva (167) və Sankt Peterburq (174) daxil olub.

İstanbul 122-ci yerdədir.

Keçmiş sovetlər arasında ən yaxşı göstəricilər Tallinn (89) və Riqaya (90) məxsusdur.

Dünyanın ən pis şəhəri olaraq Bağdad elan edilib.

XS
SM
MD
LG