Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:34

Vəd edilən metro stansiyası yalnız 2031-ci ildə açıla bilər


Prezident İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının açılışında
Prezident İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" stansiyasının açılışında

Paytaxt Bakının nəqliyyat problemləri tez-tez gündəmə gəlir. Müstəqil ekspertlər ictimai nəqliyyatın səmərəsizliyini bu problemlərin başlıca qaynaqlarından biri sayırlar. Hökumət metro stansiyalarının artırılmasına dair vədlərini vaxtaşırı dilə gətirsə də, özəlliklə metro şəbəkəsinin ləng gəlişməsi diqqət çəkir. Vədlər vaxtında gerçəkləşdirilmir və bir yandan da əhali sayı artdıqca problemlər də get-gedə ciddiləşir.

Azərbaycanda metro şəbəkəsinin inkişafına dair 2011-ci ildə sənəd qəbul edilmişdi. O dönəmdə Bakı Metropoliteninin rəisi olan Tağı Əhmədov mediaya açıqlamasında demişdi: "Biz 2013-cü ilin sonuna "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadəksə "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarını istifadəyə vermək niyyətindəyik".

Metropoliten rəsmisinin 2013-cü ilin sonunda açılacağını bildirdiyi "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üç il gecikmə ilə 2016-cı ildə istifadəyə verilib. Tikinti işlərinin başlamasından 10 ildən çox keçsə də, 2015-ci ilin sonunadək inşası planlanan "Həzi Aslanov-2" stansiyasından hələ də xəbər yoxdur. Bugünlər Bakı Metropoliteninin rəsmisi mediaya bildirib ki, "Həzi Aslanov-2" stansiyasında inşaat işlərinin başa çatdırılması 2030-31-ci illərdə nəzərdə tutulub. Deməli, həmin stansiya hökumətin vəd etdiyi tarixdən 16 il, inşasının başlanmasındansa 20 il sonra hazır olacaq. Tikinti ilə bağlı "Həzi Aslanov" stansiyasına gedən əsas yollardan biri 10 ili aşıb ki, bağlıdır. Bu üzdən həmin yolun çevrəsindəki bir çox ticarət obyekti də fəaliyyətini dayandırıb.

"Həzi Aslanov-2" stansiyası metropolitenin ikinci - Yaşıl Xəttində olacaq. Onun "Həzi Aslanov" stansiyasına (Qırmızı Xətdə yerləşir) birbaşa keçidi nəzərdə tutulur. Tunelin bu stansiyadan "Şah İsmayıl Xətai" stansiyasınadək uzadılması planlaşdırılır.

Gecikmənin səbəbləri

Hökumətin metro şəbəkəsini genişləndirə bilməməsi bu sahəyə ayrılan vəsait azlığından qaynaqlanır. Özəlliklə 2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkə iqtisadiyyatı çətin günlər yaşayıb. Həmin dövrdən bəri metro tikintilərinə də ara verilmişdi. İctimaiyyətə bu layihələrin maliyyə dəyəri barədə yetərli bilgilər açıqlanmırdı. Axır ki, nəzərdə tutulan işlərə nə qədər vəsait ayrılacağı bəlli olub. Bir müddət öncə "Xocahəsən" stansiyasının açılışına qatılan prezident belə bilgiləri açıqlayıb. Bilinib ki, 4.6 km uzunluğundakı "Dərnəgül"-"Koroğlu" xəttinin və üç yeni stansiyanın inşasına 893 milyon – 1 milyard 150 milyon manat arası vəsait və beş il vaxt lazımdır. "Xətai" stansiyasından sonra iki stansiyanın (Y14 və Y15) tikintisi üçünsə 607- 774 milyon manat və üç il müddət gərəkdir. Y15- "Həzi Aslanov" xəttinin və iki yeni stansiyanın tikintisi üçün gərəkli məbləğsə 715-846 milyon manat civarındadır. "28 May" – "Cəfər Cabbarlı" stansiyalarında Qırmızı və Yaşıl xətlərin ayrılmasına 127- 280 milyon manat, Yaşıl Xətt üçün "Dərnəgül" elektrik deposunun inşasının tamamlanmasına isə 153 milyon manat lazımdır.

Beləcə, açıqlanan bilgilərdən görünür ki, Bakıda metro şəbəkəsinin inkişafına toplam 3 milyard manata yaxın vəsait lazımdır. Bu vəsait hesabına üç-beş il içində şəhərin metro şəbəkəsini genişlətməklə ictimai nəqliyyatla bağlı problemləri önəmli dərəcədə azaltmaq olar.

Üç milyard manat Azərbaycan üçün böyük vəsaitdirmi?

Dövlət büdcəsindən hər il 500-600 milyon manat vəsait ayırmaqla təxminən beş il içində Bakıda nəzərdə tutulan metro xətlərinin və stansiyalarının fəaliyyətini təmin etmək mümkündür. Azərbaycanın dövlət büdcəsi ilə bağlı son illərin göstəricilərini gözdən keçirəndə aydın olur ki, bu vəsaitin ayrılması hökumətə heç də çətinlik törətməməlidir. Məsələn, rəsmi rəqəmlərə görə, təkcə 2023-cü il boyunca Qarabağdakı yenidənqurma işlərinə 12 milyard manatın xərclənməsi nəzərdə tutulub. Bu baxımdan, hər il metro tikintisinə həmin vəsaitin cəmi 5 faizi qədər vəsait ayrılması yetərlidir.

Azərbaycanın dövlət büdcəsinin gəlirləri bu il də gözləniləndən yüksək olub. Hökumət ilin ortasında büdcəni yenidən hazırlayaraq xərcləri təxminən 3 milyard manat artırıb. Di gəl, artıq vəsait bölünərkən metro tikintisi yenə gözardı edilib.

Digər tərəfdən, onu da unutmaq olmaz ki, Azərbaycan hökuməti tez-tez vacib olmayan tədbirlərə böyük vəsait sərf etməsi ilə dilə gəlir. Məsələn, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarına 1 milyard manatdan artıq vəsait sərf edilmişdi. Halbuki həmin dövrdə maliyyə çatışmazlığı səbəbindən ölkədə metro tikintisi dayanmışdı. Digər tərəfdən, ölkədə tez-tez dövlət qurumlarının inzibati binalarının tikintisinə də kifayət qədər böyük vəsait ayrılır. Məsələn, bir müddət öncə bəlli olmuşdu ki, Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə yarım milyard manata yaxın vəsait sərf olunub.

XS
SM
MD
LG