Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:27

Mirziyoyev erkən seçki elan edir


Mirziyoyevlər ailəsi
Mirziyoyevlər ailəsi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev növbəti prezident seçkisinin vaxtından əvvəl keçiriləcəyini bəyan edib.

O bu barədə bəyanatı Konstitusiyaya düzəlişlər üçün keçirilmiş referendumun nəticələrinə həsr olunmuş görüşdə verib.

Ölkə Konstitusiyasının yeni redaksiyasında prezidentlik müddəti 5 ildən 7 ilə uzadılıb, bu isə Mirziyoyevə davamlı şəkildə hakimiyyətdə qalmaq imkanı verir.

Bundan əvvəl Rusiyada Vladimir Putinin prezidentliyi elə buna bənzər sxemlə uzadılıb.

Mirziyoyevin də Putin kimi bundan əvvəlki prezidentlik müddətləri “sıfırlanıb”.

Xalq nə gözləyir?

Lakin Mirziyoyev bu qərarını izah edərkən bunu “öz prezidentlik müddətinin qalan üç il yarımından imtina” adlandırıb:

"Özünüz də görürsünüz ki, bizim Əsas qanunumuza görə birincisi, hakimiyyətin bütün qolları formalaşdırılır, bunların arasında münasibət və balans ciddi şəkildə dəyişdirilir. İkincisi, yenilənmiş Konstitusiya prezidentin, parlamentin, hökumətin, nazirlərin, hakimlərin (icra başçıları-red) qarşısında yeni və təxirəsalınmaz siyasi, ictimai və iqtisadi vəzifələr qoyur”.

Daha sonra prezident deyib ki, “xalq bizdən bütün sferalarda son dərəcə mühüm və aktual islahatların keçirilməsini gözləyir”.

Bu çıxışından sonra Mirziyoyev prezident seçkisinin 2023-cü ilin 9 iyulundan gec olmayaraq keçirilməsi barədə fərman imzalayıb.

Central Asia Due Diligence mərkəzinin direktoru Alişer İlhamov bundan əvvəl demişdi ki, bütün dəyişikliklər Mirziyoyevin indiki müddətlərinin “sıfırlanması” və ona prezidentlik üçün daha iki müddət verilməsi üçün edilir.

66 yaşlı Mirziyoyev ikinci beşillik müddətə 2021-ci ildə seçilib. Elan etdiyi erkən prezident seçkisində qələbə ona əlavə olaraq 14 il, yəni 2037-ci ilədək hakimiyyətdə qalmaq imkanı verəcək.

Tez-tez dəyişən prezidentlik müddətləri

Mirziyoyev ilk dəfə prezidentliyə 2016-cı ildə, xələfi İslam Karimovun vəfatından sonra seçilib.

Mirziyoyev baş nazir kimi keçirdiyi bir sıra islahatlarla bürokratiyanı sıxışdırıb və ən başlıcası Karimov tərəfdarlarını hakimiyyətin qollarından sıxışdıraraq çıxarıb.

Karimovun özü də ovaxtkı Konstitusiyaya zidd olaraq 4 dəfə prezident seçilmişdi.

Onun da vaxtında prezidentlik müddəti 5 ildən 7 ilə çatdırılmış, amma sonra yenidən 5 ilə endirilmişdi.

Mirziyoyev yeni Konstitusiya ilə bu müddəti bir daha 7 ilə uzadıb.

MSK-nın məlumatına görə Özbəkistan Konstitusiyasına düzəlişləri referendumda səs verənlərin 90.2 faizi və ya 15 milyondan çox vətəndaş dəstəkləyib.

Səsvermədə elektoratın 84.54 faizi və ya başqa sözlərlə 16 milyon 600 min nəfəri iştirak edib.

ATƏT referendumun beynəlxalq standartlara uyğun keçirilmədiyini bildirib.

XS
SM
MD
LG