Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Parlamentə mitinqlərin sərt üsulla dağıdılması təklif olunur


Çevik Polis Alayı, 9 noyabr 2005
Çevik Polis Alayı, 9 noyabr 2005
Prezident Aparatı kütləvi iğtişaşların qarşısının alınmasında gözyaşardıcı qazdan, elektroşok vasitələrindən, xüsusi itlərdən, atlardan, rezin dəyənəklərdən və rezin güllələrdən istifadə olunmasına icazə verilməsini istəsə də, Milli Məclis həmin təklifləri qəbul etməyib

Prezident Aparatının «Sərbəst Toplaşmaq haqqında» Qanuna təklif etdiyi həmin dəyişikliklər parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komissiyalarının birgə iclasında müzakirə edilib. İnsan hüquqları komissiyasının rəhbəri Rəbiyyət Aslanova hesab edir ki, müxalifət partiyalarının keçirdiyi mitinqlər bəzən iğtişaşlarla nəticələnsə də, onların dağıdılmasında xüsusi vasitələrdən istifadəni genişləndirməyə ehtiyac yoxdur. «Belə xüsusi vasitələrdən istifadə demokratik cəmiyyətin prinsiplərinə uyğun deyil».

Rəbiyyət Aslanova deyir ki, təkliflər Prezident Aparatı nümayəndələri ilə bir daha müzakirə olunacaq.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə parlamentin təklifləri geri qaytarmasını alqışlayır. Onun fikrincə, dünyanın hətta ən demokratik ölkələrində iğtişaşların qarşının alınmasında xüsusi vasitələrin istifadəsinə qanunla icazə verilsə də, Azərbaycanın hüquq-mühafizə orqanları həmin vasitələrdən istifadəyə hazır deyillər:


«Əgər bu gün polis ona verilən səlahiyyətdən istifadə edəndə, vətəndaşın ayağına vurmalı olduğu halda başına vurursa, buna nə ad vermək olar. Xüsusi vasitələrin istifadəsi polisin onlarla davranma ilə bağlı maarifləndirilməsindən sonra mümkündür. İndiki şəraitdə yox».


Kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunması təklif edilən vasitələr arasında elektroşok vasitələri daha müasirdir. Formasına görə odlu silaha oxşayan bu vasitələrdən güclü – minlərlə volt gərginliyində elektrik impulsları buraxılır və beləliklə, bir neçə metr məsafədəki şəxs qısa müddətə iflic edilir. Həmin vasitə dəri üzərində heç bir iz qoymur. Belə vasitələrdən müstəsna hallarda, xüsusən də terrorçuların, narkotik maddənin təsiri altında olan cinayətkarların, qatı xuliqanların zərərsizləşdirilməsində istifadə olunur.


Beynəlxalq təşkilatlar kütləvi aksiyaların dağıdılmasında gücdən həddindən artıq istifadə olunması ilə bağlı Azərbaycan hökumətini dəfələrlə tənqid edib.


XS
SM
MD
LG