Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:29

Moldovadakı Rusiya səfirliyinin casuslarla əlaqələri


Kişinyovdakı Rusiya səfirliyi
Kişinyovdakı Rusiya səfirliyi

Moldova avqustda Moskvanın ölkədə sabitliyi pozmaq cəhdlərini səbəb göstərərək 45 Rusiya diplomatı və səfirlik əməkdaşını ölkədən çıxarıb. Bundan bir qədər öncə isə səfirlik binasının damlarından “həddindən çox sayda” antenaların quraşdırıldığına diqqət çəkən bir media araşdırması dərc edilmişdi.

Ancaq AzadlıqRadiosunun moldovan xidmətinin yeni araşdırması hətta kütləvi təmizləmədən sonra belə Rusiyanın Moldovadakı səfirliyinin əsas heyətində Rusiya kəşfiyyatı ilə bağlı diplomatların hələ də qalmaqda olduğunu üzə çıxarıb.

Kişinyovdakı Rusiya səfirliyinin damında antenalar
Kişinyovdakı Rusiya səfirliyinin damında antenalar

FSB və GRU-ya bağlı diplomatlar

Bu diplomatlardan azı ikisi Federal Təhlükəsizlik Xidməti – FSB ilə, daha ikisi Moskvada Rusiya hərbi kəşfiyyat idarəsinə məxsus ünvanlarla əlaqəlidir. GRU kimi tanınan bu qurum Avropanın bir çox yerində zəhərləmə və sabotaj əməlləri ilə ad çıxarıb. AzadlıqRadiosu bu diplomatların kəşfiyyat qurumları ilə bağlılığına dair məlumatı hökumətdən sızan informasiya, habelə data bazalarından əldə edib.

Bu məlumatlar Rusiyanın sızmaya meylli data bazarı sayəsində bir sıra rəsmi mənbələrdən alınıb. Son illərdə bu üsulla Rusiyanın bir sıra kəşfiyyat əməliyyatının üstü açılıb. Bu databazalardan on il əvvələ qədər gedib çıxan pasport və kredit məlumatları, Rusiyaya aid avtomobillər və iş yerlərinə dair informasiyanı əldə etmək mümkündür.

Kişinyovdakı səfirlikdə işləyən və FSB ilə əlaqəsi olan Rusiya diplomatları səfirliyin iki birinci katibləridir. Bu, yüksək diplomatik rütbədir. Səfirliyin hərbi attaşesi və onun köməkçisininsə GRU-nun istifadəsində olan ünvanlarda qeydiyyatda olduğu üzə çıxıb.

Moskva Avropadakı səfirliklərə kimləri göndərir

AzadlıqRadiosunun araşdırması Rusiyanın Avropadakı səfirliklərini kəşfiyyatla əlaqəli personalla doldurmağa davam etdiyini bir daha üzə çıxarıb. Son illər Avropa Birliyi ölkələri diplomatik örtük altında işləyən casusların sayını azaltmağa cəhd etsə də, Rusiya bu yanaşmasını davam etdirir.

Radionun martda apardığı araşdırma nəticəsində bəlli olub ki, casusluq ittihamı ilə AB ölkələrindən çıxarılan və qara siyahıya salınan Rusiya diplomatlarından azı üçü akkreditasiyadan keçmiş diplomatlar qismində Serbiyada peyda olub.

Sentyabrın 5-də Moldova Xarici İşlər Nazirliyi AzadlıqRadiosunun yeni araşdırmasını şərh edərkən bildirib ki, hökumət “Rusiya Federasiyasının ölkəmizə qarşı sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısını almaq üçün bir neçə zəruri sərt addım atıb”.

Rusiyanın Kişinyovdakı səfirliyi radionun araşdırmasının nəticələrini şərh etmək xahişini cavabsız qoyub.

Moldovanın 1991-ci ildə SSRİ-dən müstəqillik qazanmasından bəri Moskva 2,6 milyon nəfərlik ölkə üzərində təsirini qoruyub saxlamağa çalışıb. Bu məsələdə o daha çox Moldovanın Rusiya enerjisindən asılılığını istismar edib. Moskvanın Ukrayna üzərinə tammiqyaslı hücumundan sonra Moldova Rusiya qazından asılılığını azaltmaq yönündə addımlar atıb, Rusiyanın aqressiyasını dəfələrlə qınayıb və 100 mindən artıq ukraynalı qaçqını qəbul edib.

Moskva hələ də “sülhməramlı” adı ilə mindən çox əsgərini Moldovanın separatçı Dnestryanı bölgəsində saxlamaqdadır.

Səfirlikdə 10 diplomat qalıb

Moldova XİN-in əlindəki diplomatik siyahılardan görmək olur ki, avqust təmizləməsindən sonra Rusiyanın Kişinyovdakı səfirliyində cəmi 10 akkreditasiya olunmuş diplomat qalıb.

FSB əməkdaşlarını quruma məxsus binalarda qeydiyyatdan keçirmək Rusiyada geniş yayılmış praktikadır. Birinci katib Konstantin Zyablikov Ukrayna hərbi kəşfiyyatının 2022-ci ilin martında üzə çıxardığı, Avropada Rusiyanın xeyrinə “cinayət əməllərində iştirak etdiyi” iddia olunan yüzlərlə FSB əməkdaşından biridir. O, 2021-ci ilin avqustunda Kişinyovda fəaliyyət göstərən Rusiya diplomatı kimi akkreditasiyadan keçib. Moldova polisinin yaydığı press-relizdə deyilir ki, Zyablikov Rusiya səfirliyinin "təhlükəsizlik və daxili məkanına cavabdehdir”.

Sızan hökumət sənədlərinə görə, səfirliyin hərbi attaşesi və onun köməkçisi QRU-ya bağlıdır. Attaşe Andrey Lobovun qeydiyyatda olduğu ünvan Rusiya ordusuna aid binaya aiddir.

Rusiya hərbi attaşelərinin adları son illərdə Avropanın bir çox yerlərində, o cümlədən Bolqarıstan, Slovakiya və Britaniyada çoxsaylı casus qalmaqallarında çəkilib.

XS
SM
MD
LG