Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

MTN generalları 'Rabitəçilər işi'nə gətirildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

MTN ətrafında 2015-ci ilin oktyabrında baş verən hadisələrdən sonra həbs olunan generallar - Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov və Monitorinq Mərkəzinin rəhbəri olmuş Teymur Quliyev yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Onlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsində şahid statusunda ifadə veriblər.

Buna da bax:​ Ekspertlərin fikirləri haçalandı. 'Gürcüstanda 'elit korrupsiya' daha yüksəkdir'

Elə rabitəçilər də MTN hadisələrindən dərhal sonra həbs olundular. Cinayət işinin materiallarına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov hər ay Sübahir Qurbanov və Teymur Quliyevə pul göndərib. MTN generalları da bu məsələyə görə dindirilib.

“Lazım olanda mənə hədiyyələr alıb”

Sübahir Qurbanov hər ay Rabitə Nazirliyindən 50 min manat “haqq” alması barədə suçlamanı qəbul etməyib: "Eşitdim ki, Vidadi Zeynalov istintaqda belə bir ifadə verib. Amma belə şey olmayıb”.

Dövlət ittihamçısı Fərid Nağıyev generala xatırladıb ki, onun sürücüsü də bu məhkəmədə dindirilib. Amma o, hər ay Vidadi Zeynalovdan bağlama alıb generala çatdırdığını təsdiqləyib.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

"Sürücünüzün sizdən xəbərsiz nə vaxtsa, kimdənsə pul alması halı olubmu?" sualını cavablayan MTN generalı belə bir halı istisna etməyib. Bununla belə, təsdiqləyib ki, o, ara-sıra ad günləri, toy şənlikləri və başqa tədbirlər üçün hədiyyələr tapmağı Vidadi Zeynalovdan xahiş edib. V. Zeynalov da xahişini yerinə yetirib. Amma sonradan o hədiyyələrin pulu ödənilib.

Vidadi Zeynalov özü də şəxsən Sübahir Qurbanova vermədiyini desə də, hər ay sürücü vasitəsilə pul göndərdiyini təsdiqləyir: “Bizim rəhbərliyin razılaşması olub və aylıq 50 min MTN-ə ayrılıb. Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Sürücünün kim olduğunu da istintaqda üzləşmədə bilmişəm. Deyiblər ki, Sübahir Qurbanovun sürücüsüdür”.

Buna da bax:​ 'Rabitəçilər işi'ndə şahid bayıldı

“MTN-ə aylıq 50 min manat göndərməsi rəhbərliyin göstərişi olub”

Digər general Teymur Quliyev də V. Zeynalovdan aylıq 50 min manat alması haqda ittihamda yazılanların yalan olduğunu bildirib. O, Vidadi Zeynalovla qonşu olduqlarını, bir-birini uzun illərdir tanıdıqlarını deyib: “Qonşu idik, lazım olsaydı, elə özüm alardım, sürücünü niyə bu işə qatırdım?!”

Vidadi Zeynalov Teymur Quliyevin ifadəsilə əlaqədar danışarkən vurğulayıb ki, MTN-ə aylıq 50 min manatı rəhbərliyin göstərişiylə göndərib: "Rəhbərlik deyib, mən də göndərmişəm. Deyirdilər ki, bu pullar dövlət əhəmiyyətli işlər üçün lazımdı, verilməlidi. Bir daha deyirəm, mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Mən pulu nazirliyə göndərmişəm, kimə çatdığını da bilmirəm”.

Buna da bax: 'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

Daha sonra dindirilən şahid – Astara telefon qovşağının rəisi olmuş Ələkbər Həmzəyev deyib ki, rəis olduğu dövrdə telefon qovşağı təmir olunub. Binanı təmir edən şirkəti nazirlik müəyyənləşdirib. Şahidin sözlərinə görə, başqa şirkət qovşağı təmir edə bilməzdi.

"Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov da şahid kimi dindirilib. O, həmçinin Tender Komissiyasının üzvü olub.

"İşlərin görülməsi ilə bağlı tenderlər keçirilirdi. 3 zərfdə şirkətlərin layihələri hansı məbləğə icra etməsi ilə bağlı təklifləri olurdu. Ən aşağı qiymətə kim tələb olunan işi görməyi təklif edirdisə, həm şirkət də qəbul edilirdi", – şahid bildirib.

Buna da bax:​ Z.Əsgərov: 'Eldar Mahmudov məsuliyyət daşıyır'

Məhkəmə yanvarın 27-də davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG