Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var


"Zaminbank"in keçmiş şöbəsi. 20sen2016
"Zaminbank"in keçmiş şöbəsi. 20sen2016

Hazırda mühakimə olunan MTN generallarının işində zərərçəkmiş kimi adı keçənlər sırasında müxtəlif kateqoriyalardan adamlar var - işadamından tutmuş, polisə, hətta valyutadəyişmə məntəqəsinin işçisinədək.

"Dostluq" kinoteatrının yaxınlığında – “Azadlıq prospekti, 64-A” ünvanında yerləşən "Zaminbank"ın valyuta mübadilə məntəqəsinin xəzinədarı Seymur və qardaşı Elşən Həsənovlar da MTN-in "dadını" görənlərdəndir.

Elşən Həsənov əvvəllər - 2004-2010-cu illərdə "Texnikabank"da müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildən 2015-ci ilin iyununadək valyutadəyişmə məntəqəsində qardaşı Seymura yardım göstərib. Elə MTN-lə bağlı hadisə də 2015-ci il mayın 8-də olub.

Buna da bax:​ MTN-in daha üç generalı məhkəməyə çıxarıldı

"Ora-bura zəng eləyib, səs-küy salma, dur, MTN-ə gəl"

Elşən Həsənov istintaqa ifadəsində deyib ki, həmin gün daimi müştərilərindən biri zəng edib və 300 min dolları avroya dəyişmək istədiyini söyləyib. O da qardaşı ilə danışıb, onları bir-biri ilə əlaqələndirib. Bundan bir neçə saat sonra yenə qardaşı ilə əlaqə saxlamaq istəyib, amma ona zəng çatmayıb. Telefonun uzun müddət bağlı olduğunu görəndə, valyutadəyişmə məntəqəsindəki başqa işçilərlə əlaqə saxlamağa çalışıb, ancaq onların da telefonu qapalı olub. Qonşu mağazalarla maraqlananda, ona deyiblər ki, 7-8 nəfər mülkigeyimli adam məntəqədəkilərin hamısını yığıb aparıb.

Elşən Həsənov deyir ki, qardaşının yerini öyrənmək üçün dərhal polisə xəbər verib. Amma az sonra ona MTN-dən zəng gəlib. Danışan adam xəbərdarlıq edib ki, "ora-bura zəng eləyib, səs-küy salma, dur, özün də MTN-ə gəl".

Buna da bax: Keçmiş nazir döyülüb, təhqir olunduğunu deyir

MTN-ə çatanda qardaşını, o biri işçiləri, bir də 300 min dolları dəyişməyə gələn müştərini görüb. MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov onlardan izahat alırmış. Əsasən, onu soruşublar ki, niyə kassadakı pul qeydiyyat kitabında göstərilənlərdən çoxdur.

“500 min istəyib, 200 minə düşdülər”

"Qardaşım dedi ki, bəzən müştərilər ardıcıl gəlirlər, dəyişilən vəsaitlərini dərhal sənədləşdirmək mümkün olmur. Pullar yığılır, boşluq yarananda hesablanıb, sənədləşdirilir. Başladılar qardaşıma təzyiq göstərməyə, bildirdilər ki, həbs olunacaq. Sonra nə fikirləşdilərsə, Natiq Alıyev mənə dedi ki, "böyük qardaş sənsən, elə səninlə danışmaq lazımdır", - Elşən Həsənovun ifadəsindəndir.

Onun sözlərinə görə, birinci danışıqda qardaşını otaqdan çıxarıb, ondan buraxılmaları üçün 500 min dollar istəyiblər. Götür-qoy eləyib, bu qədər pulu heç cür düzəldə bilməyəcəklərini anlayıb və bunu MTN əməkdaşlarına deyib.

Buna da bax:​ "MTN-də elə vurdular ki, implant dişlərim sındı"

Danışıqları 4-5 saat çəkib, razılığa gələ bilmədiklərindən, iki qardaşı, bir də 300 min dolları dəyişmək istəyən müştərini gecə MTN-də saxlayıblar. O biri işçiləri isə buraxıblar. Ertəsi gün danışıqlar davam edib və məbləğ 200 min dollara enib.

Elşən Həsənov deyir ki, təzyiq və hədələrdən qorxub, bu məbləğə razılaşıblar. Əvvəlcə Seymur Həsənovu buraxıblar, o gedib 100 min dollar tapıb gətirib.

Zərərçəkmişin ifadəsinə görə, məntəqəyə basqın zamanı götürülən 300 min dolların 180 minini onlara qaytarıb, 120 minini götürüblər. Beləliklə, son nəticədə 220 minlə Həsənov qardaşları və dolları avroya çevirmək istəyərkən gəlib MTN-ə çıxan müştəri Kamran Ağababayev buraxılıb.

Buna da bax: MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Böyük miqyaslı yükdaşımaları təşkil edən Kamran Ağababayev də zərərçəkmiş qismində tanınıb.

“Nə hədə-qorxu gəlmişik, nə də pul almışıq”

Yuxarıda adları çəkilən keçmiş MTN əməkdaşları Zaur Məmmədov, Natiq Alıyev ünvanlarına söylənilən suçlamaları qəbul etmir, heç kimə hədə-qorxu gəlmədiklərini və pul almadıqlarını deyirlər. Yanvarın 10-da onların məhkəməsi başlanıb. MTN generalları - Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov, nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olmuş Natəvan Mürvətova da onlarla birlikdə mühakimə olunur. Bu iş üzrə adları çəkilən şəxslərlə yanaşı, daha beş nəfər keçmiş MTN-çi də hakim önünə çıxarılıb.

XS
SM
MD
LG