Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:10

Həbsdəki MTN generalının 2 milyonluq əmlakı ailəsinə qaytarıldı


Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, il yarımdır həbsdə olan general-mayor Mövlam Şıxəliyevin ümumilikdə 7 milyon 700 min manat qiymətləndirilən əmlaklarının üzərinə də həbs qoyulmuşdu. Onların arasında 10-dan artıq mənzil, obyekt, torpaq sahələri vardı.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, həmin əmlakların bir hissəsinin üzərindən həbs götürülərək Şıxəliyevlər ailəsinə qaytarılıb. Bir hissəsi isə məhkəmənin hökmü ilə müsadirə olunub, çünki zərərçəkmiş qismində tanınan şəxslərin böyük əksəriyyəti vaxtilə MTN-də onlardan alındığı iddia olunan pulların geri qaytarılmasını tələb edir. Bu məqsədlə Şıxəliyev və digərlərinə qarşı mülki iddiaları qaldırıblar.

Bir mənzil qaytarılıb, qalanları qalıb

Üzərindən həbs götürülərək Şıxəliyevlər ailəsinə qaytarılan daşınmaz əmlakların ümumi dəyəri 2 milyon manatdan çoxdur. Onların arasında paytaxtın mərkəzində -Nizami küçəsi-96 ünvanında (Səməd Vurğun bağının yaxınlığı) yerləşən, generalın oğlunun adına mənzil də var. İstintaq dövründə həmin mənzilə 360 min manat qiymət qoyulmuşdu.

"Sahil" metrostansiyasının üstündəki yeni tikilidə generalın həyat yoldaşı, qızı, oğlu və özünün adına olan beş ayrı mənzilin də üzərində həbs vardı. Məlum olub ki, bu mənzillərin dördü müsadirə olunub, həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına olan mənzil isə ailəyə qaytarılıb, onun üzərindən həbs götürülüb. Sözügedən binada generalın ailə üzvlərinin adına olan mənzillərin hər birinə istintaq 535 min manatdan 770 min manata qədər qiymət qoymuşdu. Beş mənzil ümumilikdə 3 milyon 397 min manat dəyərləndirilmişdi. Ailəyə qaytarılan mənzilin qiyməti 738 min manat dəyərləndirilmişdi.

974 min manatlıq obyekt və İstisuda əmlak

Bakının "8-ci kilometr" ərazisində - Nizami rayonu, Qara Qarayev prospekti-39a ünvanında yerləşən və istintaqda 974 min manat dəyərləndirilərək üzərinə həbs qoyulmuş əmlak da Şıxəliyevlər ailəsinə qaytarılıb.

İsmayıllı rayonunun İstisu kəndində yerləşən əmlak da üzərindən həbs götürülənlər arasındadır.

Şıxəliyevlər ailəsinə məxsus 1.3 milyon manatlıq bağ evi, metronun "Gənclik" stansiyasının yaxınlığında 1.5 milyon manatlıq villa, "Sahil"in üstündəki binada dörd mənzil, Fəvvarələr meydanı yaxınlığında yarım milyon manatlıq obyekt, Nizami küçəsində iki mənzil, torpaq sahələri və s. əmlakların isə müsadirəsinə qərar verilib.

Zərərçəkmişlər narazıdırlar

Bakı Hərbi Məhkəməsinin bəzi əmlakların üzərindən həbsi götürməsi generalın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin narazılığına səbəb olub. Zərərçəkmişlər deyir ki, onların bir hissəsinin qaldırdığı mülki iddialar təmin olunmayıb. Bəzi iddialar tələb etdikləri məbləğdən dəfələrlə az hissədə təmin olunub.

General Şıxəliyev və onunla birlikdə mühakimə olunan sabiq MTN-çilərin əməlləri nəticəsində 589 min manat ziyan çəkdiyini deyən Əfsəl Həsənəliyev əmlakların bir hissəsinin qaytarılmasından narazıdır: "Məni saxta ittihamla həbs eləmişdilər, ailəm evimi girov qoyub, məni onların əlindən qurtarıb. Əsas borc bir yana, illərlə bank faizləri, başqa xərclər... Amma məhkəmə mülki iddiamın cəmi 35 min manat hissəsini təmin elədi. Necə olur, bizə dəymiş ziyan ödənilmir, amma Mövlam Şıxəliyevin bizim pulumuzla sahib olduqları ailəsinə qaytarılır?".

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin MəmmədovVüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor rütbəsi və bir sıra başqa təltiflərinin ondan alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Onlar hətta Zakir Qaralov və Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini tələb ediblər. Onlar bildirib ki, əgər ortada kiminsə qanunsuz həbs olunması varsa, buna görə prokurorluq, həbs-qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində də hallanıb.

XS
SM
MD
LG