Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

'Nardaran məhbusları' 'kars'a salınıblar


Həbsxana
Həbsxana

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə əlaqədar üçüncü qrupun tərkibində mühakimə olunan 12 nəfərin hamısı mayın 1-də keçirilən məhkəmə iclasından sonra «kars»a salınıb. Bu haqda AzadlıqRadiosuna təqsirləndirilən şəxslərdən Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məlumat verib.

Vəkil bildirib ki, ötən iclasda təqsirləndirilən şəxslərin jurnalistlərin zaldan çıxarılmasına etiraz etməsi onların cəzalandırılmasına səbəb olub. Onlar məhkəmədən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına qaytarılan kimi dərhal cərimə kamerasına aparılıblar. Bir neçə saat sonra təqsirləndirilən şəxslərdən doqquzu «kars»dan çıxarılıb. Amma Zülfüqar Mikayılov, Ruzi İsmayılov və Ramil Seyfullayev üç gün orada saxlanılıb.

***Buna da bax-'Nardaran işi-3'də qalmaqal: İki nəfər zaldan çıxarıldı

Mayın 1-də Nardaran məhbuslarının məhkəməsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Elman Bayramov dindirilib. Təqsirləndirilən şəxslər bu idarədə onlara ən çox işgəncə verənlərdən biri kimi Bayramovun adını çəkir.

Polis əməkdaşı ifadə verərkən mikrofondan istifadə olunmayıb. Deyilənlərin zalda eşidilmədiyini hakimin nəzərinə çatdıran vetenugrunda.az saytının əməkdaşı Arzu Abdulla məhkəmə zalından çıxarılıb. Bu saytın baş redaktoru, Azərbaycan İslam Partiyasının sabiq sədr müavini Rövşən Əhmədli buna etiraz etdiyinə görə hakim onun özünün də zaldan çıxarılmasına göstəriş verib.

***Buna da bax-Elçin Qasımov şahid polisə: 'Kişi ol...'

Bundan sonra hakim Elman Bayramovun dindirilməsini davam etdirmək istəsə də, təqsirləndirilən şəxslər etiraz ediblər. Bildiriblər ki, onlara qarşı haqsızlığın, verilən işgəncələrin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin iştirakı vacibdir. Ona görə də, media nümayəndələrinin iştirakı təmin olunmasa, onlar da məhkəmədə iştirak etməyəcəklər.

Etirazlarla əlaqədar hakim məhkəməni yarımçıq dayandırmalı olub.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG