Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:23

Polis Nardaranda yenə silah tapdığını deyir


Nardaranda polis. 2015
Nardaranda polis. 2015

Polis Nardaran qəsəbəsində silah tapdığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında bildirilir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları Nardaranda əməliyyat keçirib.

Həmin əməliyyatda Nardaran qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş «İJ-12» markalı tüfəng aşkarlandığı bildirilir. Bundan başqa, polis həmin tikilidən səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edib götürdüyünü açıqlayıb.

***Buna da bax-Elçin Qasımov şahid polisə: 'Kişi ol...'

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə DİN-in açıqlaması ilə bağlı dəyərləndirməsində həyətində silah tapılan şəxsin siyasi məhbus sayılan Atabala Şahbazovun oğlu olduğunu bildirib. «Artıq ölkəmizdə neçə-neçə ailə var ki, həmin ailənin iki, üç, hətta dörd üzvü, yəni evə qazanc gətirən, başıpapaqlı şəxsləri həbsdədir. Nardaran qəsəbə sakini, həbsdə olan siyasi məhbus Atabala Şahbazovun üçüncü oğlu Natiq Şahbazov da bu gün (dünən, mayın 8-i-AR) həbs olunub. Bundan öncə isə Atabala Şahbazovun özü ilə bərabər daha iki oğlu - Əli və Fail həbs olunmuşdu. Hazırda bir ailənin dörd üzvü - ata və oğulları həbsdədir. Bu insanlar 2015-ci il noyabrın 26-sı Nardaranda baş vermiş məlum hadisələrə görə həbs olunublar. Həbsdə olan Şahbazovlara qanunsuz silah saxlama ittihamı irəli sürülüb. Polis onların evində bir neçə dəfə silah-sursat anbarı «aşkar edib». Maraqlıdır ki, ilyarımdır polis bu evdən silah-sursat «tapır» və bu «tapıntı işləri» yekunlaşmaq bilmir», - hüquq müdafiəçisi bildirib.

Oktay Gülalıyev
Oktay Gülalıyev

O.Gülalıyevin bildirməsinə görə, A.Şahbazov 2 il 9 ay azadlıqdan məhrum edilib. Əli və Fail Şahbazovun məhkəmə prosesi isə davam edir. Hüquq müdafiəçisi onların şərləndiyini düşünür.

***Buna da bax-'Nardaran işi-3'də qalmaqal: İki nəfər zaldan çıxarıldı

«Digər tərəfdən, Azərbaycanda İslam Həmrəyliyi Oyunları başlayır. Dindar vətəndaşları şərləyib həbsə atmaq, oruc tutub namaz qılan ibadət əhlini ailəlikcə, nəsillikcə repressiya etmək islam həmrəyliyinin simvoludur, yoxsa qisasçılıqdır?»,-deyə o sual edir.

XATIRLATMA

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 90-a yaxın göstərilib.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırova 20 il, digərlərinə isə 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

XS
SM
MD
LG