Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Dotasiyadan asılı Naxçıvan iqtisadiyyatı və mənimsənən milyonlar


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib.

Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı əməliyyatlar Azərbaycanda əsas gündəm mövzularından biridir. İlk olaraq bu il noyabrın 1-də muxtar respublikanın Dövlət Təhlükəsizlik Xidməti ləğv edildi və qurumun yetkiləri baş idarə səviyyəsinə endirildi. Noyabrın 28-də yayımlanan açıqlamada Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyevin həbsi açıqlandı. O, 144 milyon manat həcmində dövlət vəsaitinin mənimsənilməsində suçlanır. Maliyyə naziri haqqında, hələlik, 4 aylıq həbs qərarı verilib. Həmin tarixdən bir gün öncə muxtar respublikanın gömrük komitəsində də həbslər qeydə alınmışdı. Elan edilən ittihamlardan bəlli olur ki, qurumun əməkdaşları 132 milyon manatı mənimsəməkdə suçlanır. Onlar gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemlə yanaşı, qeyri-rəsmi ikinci yığım sistemi yaratmaqda ittiham edilirlər. Söhbət idxal mallarına rəsmiləşdirmədən əlavə "rüsum" almaqdan gedir. Naxçıvan gömrüyü ilə bağlı yayılan xəbərlərdən bir neçə gün sonra muxtar respublikanın gömrük komitəsi ləğv edildi. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin tabeliyində baş idarəyə çevrildi.

Büdcə gəlirləri dotasiyadan formalaşır

Naxçıvanda korrupsiyaya dair bu qədər irihəcmli rəqəmlərin açıqlanması muxtar respublikanın iqtisadiyyatı ilə bağlı təbii bir sual doğurur: Bəs burada iqtisadiyyat necə inkişaf edib?

Açıqlanan rəsmi bilgilərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin formalaşmasında mərkəzi büdcədən ayırmalar həlledici yer tutur. Məsələn, ötən il muxtar respublikanın toplam büdcə gəlirləri 523 milyon manat olub. Bu vəsaitin 378 milyon manatı - 72 faizi dotasiya hesabına təmin edilib. Yerli gəlirlər 145 milyon manatı keçməyib. Bütövlükdə son 10 il ərzində muxtar respublika büdcəsi gəlirlərinin 72-82 faizi mərkəzi büdcədən ayrılan dotasiyalar hesabına formalaşıb.

Ötən il ərzində Naxçıvan Muxtar Respublikası gəlirlərinin (145 milyon manatın) 104 milyon manatı (72 faizi) vergilərdən yığılıb. Gömrük gəlirlərinin büdcə payı 22 faiz olub. Muxtar respublikanın gömrük orqanları dövlət büdcəsinə ilboyu 31 milyon manat vəsait qazandırıb. Bu o deməkdir ki, ləğv edilən gömrük komitəsi muxtar respublikanın illik gömrük yığımlarından təxminən beş dəfə çox vəsaiti mənimsəməkdə ittiham edilir.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən əldə edilən vəsait 7 milyon manatı ötüb. Muxtar respublikanın büdcə xərclərinin 90 faizə yaxını maaş, pensiya və digər sosial ödənişlərdən ibarət olub. Yerdə qalan vəsaitin – 50 milyon manatınsa tikinti və quruculuq işlərinə sərf edildiyi bildirilib.

Gələn il Naxçıvana nə qədər vəsait ayrılır?

Gələn il muxtar respublika büdcəsinin 635 milyon manat olması planlaşdırılır. Bu vəsaitin 185 milyon manatı muxtar respublikanın daxili gəlirləri hesabına təmin ediləcək. Mərkəzi büdcədənsə 449 milyon manat ayrılacaq. Başqa deyimlə, gələn il də NMR büdcəsinin 71 faizi dotasiyadan ibarət olacaq. Gələnilki dövlət büdcəsi ilə bağlı diqqətçəkən bir məqam da müzakirə gedişində buraya ayrılan dotasiyanın azaldılmasıdır. Hökumətin təqdim etdiyi ilkin büdcə layihəsində gələn il muxtar respublikaya 480 milyon manatın ayrılması nəzərdə tutulmuşdu. Ancaq büdcənin ikinci oxunuşu zamanı bu vəsaitin 31 milyon manat azaldığı məlum oldu. Buna səbəb kimi muxtar respublikanın gömrük və təhlükəsizlik xidmətlərinin struktur dəyişikliyi göstərilib və həmin qurumlar üçün nəzərdə tutulan vəsait dotasiyalardan silinib.

Naxçıvan – işsizlik olmayan bölgə

Naxçıvan Muxtar Respublikası ilə bağlı açıqlanan rəsmi statistik göstəricilər də tez-tez mübahisə doğurur. Müstəqil ekspertlər açıqlanan göstəricilərin reallığı əks etdirmədiyini düşünürlər, axı, rəsmi göstəricilərə görə, Naxçıvanın əksər sosial-iqtisadi göstəriciləri ölkə üzrə ən yaxşı səviyyədə sayılıb qeydə alınır. Halbuki minlərlə naxçıvanlı ailə iş tapmaq ümidi ilə, Bakı və İstanbul başda olmaqla, digər bölgələrə miqrasiya edib. Açıqlanan rəsmi göstəricilərsə bu ilin əvvəlinə Naxçıvan Muxtar Respublikasında yaşayan iqtisadi fəal 253 min 700 nəfərdən cəmi 300 nəfərin işsiz olduğunu bildirir. Belə çıxır ki, qalan 253 min 400 nəfər məşğul sayılır və Naxçıvanda iqtisadi fəal əhalinin cəmi 0.01 faizi işsizdir.

Təhsillə bağlı açıqlanan rəqəmlər də burada ciddi köçdən xəbər verir. Rəsmi rəqəmlərə görə, muxtar respublikada 460 min nəfərə yaxın əhali yaşayır. Bu, Azərbaycan əhalisinin təxminən 4.6 faizi deməkdir. Di gəl, təhsilə dair göstəricilərdən aydın olur ki, ölkədəki 1 milyon 690 min şagirdin cəmi 53 min 370 nəfəri, yəni bütün şagirdlərin cəmi 3.2 faizi Naxçıvanda təhsil alır.

XS
SM
MD
LG