Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Emin Millinin qaynına ölmüş vəkil təqdim olunubmuş


Adil İsmayılov
Adil İsmayılov

-

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov həbs olunarkən xeyli əvvəl dünyasını dəyişmiş şəxs ona dövlət hesabına vəkil kimi təqdim edilib. Bu faktın üstü fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nazim Ağabəyovun işi üzrə məhkəmə iclasında açılıb. Ağabəyovun vəkili Adil İsmayılov bunu sübut edən sənədləri, o cümlədən Vəkillər Kollegiyasının cavabını məhkəməyə təqdim edib.

Vəkil qeyd edib ki, Nazim Ağabəyov həbs olunarkən ona özünün istədiyi vəkilin xidmətindən istifadə etməyə imkan verilməyib: «Bu adama özünün istədiyi vəkil tərəfindən müdafiə olunmaq hüququ izah edilməyib. Müxtəlif hüquq məsləhətxanalarından dövlət hesabına yeddi vəkil təqdim olunub ki, bunların birini seçməlisən. Onlardan da biri – Tofiq Qasımov, ümumiyyətlə, həmin vaxt həyatda olmayıb. Guya o da onlardan birini seçib. Aylıq gəliri 5 min manat olan adamın özü istədiyi vəkillə təmin olunmasına niyə imkan verilməyib?».

Məhkəmə iclasında Nazim Ağabəyovdan tapıldığı iddia olunan narkotik üzrə rəy vermiş ekspert Aybəniz Hüseynova şahid qismində dindirilib. O, məhkəməyə vəkil Adil İsmayılovun ötən iclasda qaldırdığı vəsatət əsasında çağırılmışdı. Vəkil ekspert rəyinə əlavə edilməli olan spektroqramın (narkotik vasitələrin tərkibi barədə) işin içində olmaması və digər məsələlərlə bağlı ekspertin dindirilməsini istəmişdi.

«HEROİNİN XALİS ÇƏKİSİNİ MÜƏYYƏNLƏŞDİRMƏK MÜMKÜN DEYİL»

Aybəniz Hüseynova bildirib ki, Azərbaycanda heroinin xalis çəkisini müəyyən etmək mümkün deyil. Vəkil ekspertin dedikləri ilə razılaşmayıb. Spektroqramın rəyə əlavə olunmamasına gəlincə, ekspert deyib ki, heç bir işdə həmin sənədi əlavə etmirlər. Adil İsmayılov isə narkotiklə bağlı bir neçə başqa cinayət işlərindəki spektroqramları həm ekspertin, həm də məhkəmənin nəzərinə çatdırıb.

Bundan başqa, Nazim Ağabəyova 6 qram heroinə görə ittiham verildiyi halda, ekspertin hazırladığı aktda başqa bir narkotik vasitə olan tiryəkdən də bəhs olunur. Vəkil bunu da diqqətə çatdıranda, Aybəniz Hüseynova özünün səhvi olduğunu etiraf edib.

Daha sonra Adil İsmayılov Nazim Ağabəyovun həbsi zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini əsas gətirərək, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Əflatun Səlimovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil müstəntiqin tərtib etdiyi sənədlərdəki uyğunsuzluqları məhkəmənin nəzərinə çatdırıb. Ötən məhkəmə iclasında vəkil təhqiqatçı Şövqi Əhmədovun da dindirilməsini istəmişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.

Vəkillər Kollegiyasının cavabı. Tofiq Qasımov protokol tərtib olunmamışdan yarım il əvvəl ölüb.
Vəkillər Kollegiyasının cavabı. Tofiq Qasımov protokol tərtib olunmamışdan yarım il əvvəl ölüb.

NARKOTİK VASİTƏNİ TAPMADAN...

«Əvvəlki vəsatətimin təmin olunmaması da bu işin sifarişli olduğunu təsdiqləyir. Keçən dəfə də təhqiqatçı Şövqi Əhmədovu məhkəməyə dəvət etməyinizi xahiş etmişdim. Vəsatətimi təmin etsəydiniz, ona çoxlu suallarım olacaqdı. Məsələn, soruşacaqdım ki, hətta üzərinə baxış keçirib narkotik vasitəni «tapmadan», ekspertiza rəyini almadan hansı əsaslarla Nazim Ağabəyovu Cinayət Məcəlləsinin 234.2-ci (narkotik satışı) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutmuşdu? Soruşacaqdım ki, vəkilləri hansı meyarla seçib Nazim Ağabəyova təqdim edib? Nazim Ağabəyov həmin siyahıdan Qasımov Tofiq Qaraş oğlunu seçsəydi, həmin vəkili necə dəvət edəcəkdi? Axı Tofiq Qasımov bu protokol tərtib olunmamışdan yarım il əvvəl dünyasını dəyişib... Müstəntiq Əflatun Səlimova da bir neçə sualım olacaq. Məsələn, soruşacağam ki, cinayət işi başlamağa səbəb olmuş materialları görmədən onu necə başlamaq olar? İşdəki dərkənarlardan görünür ki, həmin material İstintaq və Təhqiqat İdarəsinə iyulun 24-də daxil olub və Səlimova həmin gün verilməklə, müvafiq araşdırma aparılması tapşırılıb. İyulun 24-də ona veriləcək material əsasında iyulun 23-də cinayət işi başlaması nə dərəcədə qanunidir? Cinayət işi başlamaq haqqında qərarda qanunun tələbi pozularaq konkret saat niyə göstərilməyib? Cinayət işi başlayanda kimyəvi ekspertizanın rəyi onda olubmu? Olmayıbsa, qərarda narkotik vasitələrin çəkisini haradan götürüb?», - deyə Adil İsmayılov bildirib.

TEXNİKİ SƏHV

Dövlət ittihamçısı vəsatətə, o cümlədən müdafiəçinin qeyd etdiyi ziddiyyətlərə münasibət bildirərkən bütün bunları «texniki səhv» kimi qiymətləndirib.

Vəkil isə buna belə reaksiya verib:«Nazim Ağabəyov texniki səhvlərə görə həbsdədir...».

Məhkəmə prosesi martın 3-də davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin N.Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

N.Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

XS
SM
MD
LG