Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:27

Keçmiş deputat: 'Buraxın sağalım, sonra yenə tutun...'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Bir ildir həbsdə olan keçmiş deputat, işadamı Nazim Bəydəmirli ev dustaqlığına buraxılmasını istəyir. Deyir ki, səhhətində ciddi problemlər var, təcili müalicə olunmalıdır. Onun sözlərinə görə, sağlıq durumu nisbətən yaxşılaşandan sonra yenidən həbsə göndərilməsinə razıdır.

"Mən heç bir cinayət törətməmişəm. Sadəcə, bir yanlış məlumat üzərindən həbs olunmuşam. Səhhətimdə çox ciddi problemlər var. Ailəm, övladlarım narahat olmasın deyə, dilə gətirmirəm. Məni buraxın, sağalım, sonra yenə tutun", - N.Bəydəmirli iyunun 10-da məhkəmədə belə deyib.

61 yaşlı keçmiş deputatın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə N.Bəydəmirlinin vəkili A.Layıc müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyir ki, N.Bəydəmirlinin yaşayış yeri məlumdur, məhkəmədən yayınmaq niyyəti yoxdur. Müdafiəçi vurğulayıb ki, müvəkkilinin cinayət törətməsini təsdiqləyən heç bir sübut yoxdur.

“Şikayətçi olduğum adamdan özümə qarşı istifadə edildi”

Vəkilinin vəsatətiylə həmfikir olan N. Bəydəmirli deyib ki, onun cinayət törətməməsinin əsas şahidləri Daxili İşlər naziri Vilayət Eyvazov, Baş Prokuror Kamran Əliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev, digər idarə rəisləridir:

“Mən illərlə şikayətlər eləmişəm, qəbullarda olmuşam. Bir yanlış məlumat üzərindən cəzalandırıldım. Mənə qarşı qara piar aparıldı və şikayətçi olduğum adamdan özümə qarşı istifadə edildi”.

Sabiq deputat həbsdə saxlanmasını antihumanist addım sayır. O, oğlunun Koç Universitetinin doktorantı olduğunu və Amerikada güvənlik qurumuna işə götürüldüyünü vurğulayıb:

"Ona tapşırmışam ki, harada işləsə də, Azərbaycanın mənafeyini üstün tutsun".

Hakimlər N.Bəydəmirlini ev dustaqlığına buraxmaqdan imtina ediblər. Əsaslandırma da belə olub ki, həbsdən buraxılsa, məhkəmədə dindiriləcək şahidlərə təsir göstərə bilər.

Keçmiş deputatın məhkəməsi davam edir.

Xatırlatma

Nazim Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün məhkəmədə onun haqqında həbs qərarı verilib.

Ona 1996-cı ildə Rusiyada azərbaycanlı işadamı Mürsəl İbrahimovu, 2023-cü ildə də Bakıda “Avto-Qarant” ASC-nin rəhbəri Ədalət Bağırovu şantaj edib, onlardan pul almaqla bağlı ittiham verilib.

Cinayət işində iddia edilir ki, N.Bəydəmirli spirtli içki biznesiylə məşğul olan M.İbrahimovu kriminal aləmdəkilər vasitəsiylə özünü və ailəsini cəzalandırmaqla hədələyib. Tələbi də bu olub ki, biznesə yatırdığı 40 min dollardan imtina etsin, üstəlik, ona 70 min dollar versin. M.İbrahimov da şantajdan çəkinərək, 40 min dollarlıq yatırımdan boyun qaçırıb. N.Bəydəmirlinin özünə isə öncə 28 min, ardından daha 30 min dollar pul verib.

Ə.Bağırovla bağlı ittihama gəlincə, onun intim görüntülərinin yayılmasıyla hədələndiyi iddia edilir. İttihama görə, N.Bəydəmirli ondan 50 min manat istəyib, amma 10 min manat alıb.

N.Bəydəmirli isə deyir ki, hər iki ittiham saxtadır, belə hadisələr yaşanmayıb. Sabiq deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarıyla əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər.

2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun da əhaliyə mənfi təsirinə etirazını bildirmişdi.

XS
SM
MD
LG