Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:38

Daha Dohaya ümid qalmadı?


Neft buruqları
Neft buruqları

-

Neftdənasılı ölkələrin Doha ümidi puça çıxdı. Qətər paytaxtında neft ixracatçılarının istehsalı dondurmaq barədə müzakirələri nəticəsiz qaldı. Müzakirələrdə «qara qızıl»ın qiymətcə sabitləşdirilməsi hədəflənmişdi.

Doha görüşünə 17 ölkə, o sıradan Neft İxrac Edən Ölkələr Birliyində (OPEC-də) təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman qatılmışdı. Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edib.

KİMDİR GÜNAHKAR?

Xarici medianın yazdığına görə, anlaşmazlığa səbəb Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlikdir. Səudiyyə Ərəbistanı özünün neft hasilatını azaltması üçün bütün OPEC üzvlərinin və başqa iri ixracatçıların, özəlliklə İranın istehsalı aşağı salmasını istəyir.

Ancaq Rusiya energetika naziri Aleksandr Novak bəyan edib ki, razılığa gəlinməməsində Səudiyyə Ərəbistanı ilə İranın günahı yoxdur:

«Düşünürəm ki, şərtlərə fərqli yanaşıldığından razılaşma əldə edilmədi. Hasilatın «dondurulmasına» gəlincə, başda Səudiyyə Ərəbistanı, bütün ölkələr bunun məqsədəuyğun addım olduğunu təsdiqlədilər. İrana qarşı ittihamlarsa tam əsassızdır. Ən azı ona görə ki, bu ölkə danışıqlara qatılmamışdı». (APA).

DOHA GÖRÜŞÜ NEFTİ UCUZLAŞDIRDI

Bu il fevralın 16-da Dohada keçirilən və Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasındakı görüşdə neft hasilatının dondurulması təklif edilmişdi. Görüşdə həmin ölkələrin neft hasilatını yanvar ayı səviyyəsində saxlamaq təklifinə digər neftçıxaran ölkələrin də qoşulması istənmişdi.

İndi gözlər iyunda keçiləcək daha bir görüşə dikilib. Fevraldan - bu söhbətlər çıxandan bəri neftin qiymətində artım gözə dəyib. Ancaq Doha toplantısından razılaşmanın çıxmaması nefti yenə ucuzlaşdırmağa başlayıb.

Neftin ucuzlaşması gəlirləri azaltdığından, Doha görüşü Azərbaycanda da yaxından izlənib. İndi qərarsızlığın bazara təsir dərəcəsi, iyunda keçiriləcək görüşə bel bağlayıb-bağlamamaq məsələsi bu ölkədə də diqqət mərkəzindədir.

Vüqar Bayramov
Vüqar Bayramov

ÜMİDLƏR DƏFN OLUNDU?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Dohadakı anlaşmazlığa birjalar tezcə reaksiya verdi: «Neftin qiyməti ilk birja günündə 5 faizədək aşağı düşdü. Beynəlxalq analitiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər dəfn olundu».

Ekspertin fikrincə, OPEC və digər aparıcı istehsalçılar hasilatın dondurulması məsələsini oktyabradək gündəmdən çıxardılar: «Doha görüşü, əslində, bir daha «neft bumu» dövrünə qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi.

«TƏK YOL – İSLAHATLARI SÜRƏTLƏNDİRMƏKDİR»

Təbii ki, neft ölkəsi sayılan Azərbaycan üçün bu görüş əhəmiyyətli idi. Neftin dünya bazarında ucuzlaşması ölkəyə daxil olan valyutanı azaldacaq. Valyuta daxilolmalarını artırmağın tək yolu - islahatları sürətləndirməkdir. Struktur islahatları, liberallaşma və genişmiqyaslı elektronlaşma neftdənkənar sektorun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri «qara qızıl»ın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir».

Ekspert neft hasilatının dondurulması barədə mümkün razılaşmaya da ümidlə baxmır: «Belə görünür ki, aparıcı neft ölkələri ayrı-ayrılıqda öz maraq və prinsiplərini qorumağa çalışırlar. Nəticədə, heç bir razılıq əldə etmək mümkün deyil. İranla Səudiyyə razılıq əldə edə bilməyəcəksə, anlaşma imzalamaq çətin olacaq. Anlaşma imzalansa da, İransız bazara təsir imkanları azalacaq».

Natiq Cəfərli
Natiq Cəfərli

«ANLAŞMA OLMAYACAĞI BƏLLİ İDİ»

Ekspert Natiq Cəfərli bir çox mütəxəssisin anlaşmanın alınmayacağına öncədən əminliyini söyləyir: «Axı maraq və hədəfləri müxtəlif neft ölkələri var. İran hasilatı artırmağı, bazarda daha çox yer qazanmağı düşünür. Liviyada, daxili münaqişə ucbatından, son 2 ildə hasilat 1.5 milyon barreldən 400 min barrelə düşüb. Onlar da hasilatı əvvəlki səviyyəyə qaldırmaq istəyirlər. İraqda da hasilatı artırmağı düşünürlər. Səudiyyə isə tutduğu bazarları itirmək istəmir. Buna görə də anlaşma alınmadı».

Ekspert Doha görüşündən sonra qiymətlərin ciddi şəkildə enəcəyini düşünür: «Yaxın günlərdə 35 dolları da görəcəyik. Qiymətlər bir müddət 35-39 dollar arasında olacaq».

«OPEC BİR TƏŞKİLAT KİMİ ARTIQ NÜFUZUNU İTİRİB»

N.Cəfərlinin sözlərinə görə, son görüş bir daha sübut etdi ki, OPEC bir təşkilat kimi artıq nüfuzunu itirib: «Dünyada gündəlik neft hasilatı 95 milyon barreldir. Bunun cəmi 32 milyon barrelini OPEC verir, yəni bu təşkilata qoşulmayan neft ölkələri, özəlliklə ABŞ bazara daha çox təsir imkanları qazanıblar. İyun görüşündə də ciddi qərarların olması ehtimalı çox azdır».

XS
SM
MD
LG