Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:36

İqtisadçıdan neft-qaz gəlirlərinin azalmasına diqqət: 'Təxirəsalınmaz tədbirlərə ehtiyac var'


Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür

Bu ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı həcmində artım olsa da, Azərbaycanın mavi yanacaqdan gəliri iki dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında ölkədən 3 milyard 451.1 milyon dollar dəyərində 9 milyard 912.6 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə qazın hər 1000 kubmetrinin qiyməti 614-dən 348 dollara düşüb.

Üstəlik, "Azəri", "Çıraq", "Günəşli" üzrə neft gəlirləri də azalıb.

Neft-qaz gəlirləri azalırsa, bu, iqtisadiyyata necə təsir göstərəcək? Sosial layihələr ixtisara düşə bilərmi?

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"Neft-qazdan olan itkilərin kompensasiyası..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, dünyada dördüncü sənaye inqilabının çağırışları ənənəvi təbii resurslardan alternativ resurslara keçidi əhatə edir: "Azərbaycan da praktiki olaraq bu istiqamətdə lazımi addımları atır".

Deputat dünyada istər neft, istər qazın qiymətinin dəyişkən olduğuna diqqət çəkir: "Əgər ilyarım bundan öncə qazın hər min kubmetrinin qiyməti 2 min dollardan artıq idisə, bu gün bundan qat-qat aşağıdır. Bu da, şübhəsiz ki, dövlət büdcəsinin gəlirlərinə təsir göstərir".

Amma M.Əfəndiyevin sözlərinə görə, hökumət Azərbaycanda iqtisadiyyatın "ağardılması", onda müəyyən zərərli təsirlərin aradan qaldırılması istiqamətində tədbirlər görür və bunun nəticəsidir ki, bu ilin dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin həcmi artır: "Bu da müəyyən mənada neft-qazdan olan itkilərin kompensasiya olunması anlamını verir. Lakin iqtisadiyyat inkişaf etdiyi üçün bütün iqtisadiyyatdakı və dövlət büdcəsindəki gəlirlər, xərclər tam dəqiqliyi ilə hesablanmalıdır. Mümkün qədər elə etmək lazımdır ki, dövlət büdcəsində gəlir hissəsi ilə xərc hissəsi arasında balans olsun".

Natiq Cəfərli
Natiq Cəfərli

"Alternativ iqtisadi modelə keçə bilmədi"

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan iqtisadiyyatının neft və qaz gəlirlərindən asılı olması tendensiyası uzun illərdir davam edir: "Hökumət bu illər ərzində alternativ iqtisadi modelə keçə bilmədi. Neftdən asılılıq yeni bir məsələ deyil. 2002-2003-cü illərdən, yəni ölkəyə böyük neft pullarının gəlməsindən bəri həm ümumi daxili məhsulda (ÜDM), həm büdcənin formalaşmasında, əsas da xarici ticarətdə neft və qazdan asılılıq faiz nisbətində dəyişməyib".

İqtisadçının sözlərinə görə, 20 il əvvəl ölkəyə valyuta gətirən xarici ticarətdə qaz, neft və neft məhsullarının payı 90 faiz olubsa, indi də 90-91 faizdir: "İndi qaz ucuzlaşır, gəlir azalır. Başqa bir problem isə ondan ibarətdir ki, neftin hasilatı kəskin düşür. Mayda biz 500 min bareldən az neft hasil etdik. 2000-ci illərdən bəri bu, ilk dəfədir baş verirdi. Bu isə o deməkdir ki, neftdən gələn gəlirlər də kəskin azalır".

N.Cəfərli hazırda bunda qorxulu heç nə görmür: "Dövlət Neft Fondunda, Mərkəzi Bankda kifayət qədər və büdcə formalaşması üçün üçillik ehtiyatlar var. Eyni zamanda, xarici borc da ÜDM nisbətində aşağı səviyyədədir və Azərbaycanda MDB ölkələr arasında ən yaxşı göstəricidir. Amma tendensiya davamlı olarsa, nə olacaq? Əsas sual budur. Hökumət 20 il itiribsə, üç ilə yeni istehsal sahələri yarada biləcəkmi? Açığı, buna inanmaq çox çətindir".

O hesab edir ki, təxirəsalınmaz tədbirlərə ehtiyac var: "Ölkə iqtisadiyyatı kifayət qədər liberallaşmalıdır, ölkədə azad, rəqabətli mühitin yaradılması, başqa sahələrin inkişafına çalışılmalıdır".

XS
SM
MD
LG