Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Satıcılar deyir, daha nisyə girməz kisəyə


►Devalvasiya kasıbların ümid yeri olan nisyə dəftərləri də "vurdu"

Bitki yağı, 200 qram pendir, iki çörək, 5 yumurta... Aldıqlarını əlindəki kağız parçasına yazır. Kağızı da, ərzaqları yığıdığı zənbili də götürüb ayağını çəkə-çəkə dükandan çıxır...

Məhəllə dükanından nisyə ərzaq alan yaşı 70-i haqlamış Tamam Əliyevadır. Öhdəsində keçən il vəfat eləmiş oğlunun həyat yoldaşı, iki məktəbli nəvəsi var. Deyir, illərdir şəhərin yuxarı məhəlləsindəki bu dükandan ərzağı nisyə alır. Gəlini maaş alan kimi gətirib borcunu ödəyir:

“Biz ölərik”

“Bu qonşu dükan da olmasa, biz ölərik. Hər şeyi nisyə alırıq. Hər şey deyəndə ki, görürsən də, yağ, yumurta, çörək...”

Dükan sahibi Elxan Hüseynov deyir ki, Tamam Əliyeva kimi nisyə ərzaq alan müştəriləri çoxdur. Aralarında təqaüdçüsü də var, müəllimi də. Heç vaxt borcu gecikdimirlər. Həm də neçə illərdir onları tanıyır deyə, nisyə verir. Özünün də əvvəllər olduğu kimi, nisyə dəftəri yoxdur. Elə alıcılar nə aldıqlarını bir vərəqə yazır, pulları olanda gətirib ödəyirlər:

“İndi eşitmişəm ki, çoxu nisyə vermir. Ancaq 20 ilin qonşusuna necə verməyim? Həm də bilirəm ki, olan kimi, ayın axırı gətirir verir. Aldıqları da çay, yağ, kartof, belə şeylərdir. Nisyə dəftərim yoxdur. Özləri kağıza yazır, axırda həmin kağızı yazdığını gətirib ödəyir. Çox çətin zəmanəyə gəldik. O adamlara nisyə verməsək, necə dolanarlar? Onsuz da güc-bəla keçinirlər”.

Buna da bax: Əsgərlər məhkəmədə işgəncələrdən danışdılar

Əvvəl kilo ilə alan indi ədədlə alır

Ancaq Elxan Hüseynov ehtiyacı olan müştərilərə nisyə ərzaq verən tək-tük satıcılardandır. Manatın ikinci dəfə kəskin ucuzlaşmasından sonra əvvəllər nisyə verənlər daha vermir. Dükan sahibi Ülvi Hacıyev deyir ki, nisyə versələr, özləri ziyana düşəcəklər:

“İndi nisyə vermək dükanı ziyana salır. Məsələn, mən bir malı 90 qəpiyə almışam, 1 manata satıram. Nisyə alana da 1 manata verirəm. Ancaq o qaytaranda həmin mal 1 manat yox, 1 manat 20 qəpiyə olur. O adamsa qaytaranda 1 manata aldığı üçün 1 manat qaytarır. Biz ziyana düşürük. Ona görə də ikinci devalvasiyadan sonra nisyə vermirik. Ondansa özümdə qalsın, 1 manat 20 qəpiyə satım. Çünki dollar hər gün bahalaşdığından gətirdiyimzi mallar da tez-tez bahalaşır”.

Satıcı Gülarə Əliyeva deyir ki, indi satış əvvəlki kimi deyil. İstəyənlər olsa da, nisyə verə bilmir:

“Əvvəl verirdik, çünki camaat işləyib nisyə götürdüyünü pulunu 10-15 günə, uzağı 1 aya qaytarırdı. İndi elə deyil, həmin adamlar işləmir. Bir günə 1-2 kilo nəsə satsam, sevinərəm. Onu da nisyə versəm, səhəri malı nəylə alacağam? Heç satış da yoxdur. Çox dəhşətli vəziyyətdir. Quran haqqı, əvvəllər kilolarla meyvə tərəvəz alan adam indi 2 soğan, iki pomidor ala bilir. O gün qonşu kişi gəlib 1 dənə xiyar aldı. Öz-özümə dedim ki, “Ay Allah, bu adama nə oldu ki, bir xiyar alır?” Sözlə deyiləsi deyil”.

Buna da bax: Mərkəzi Bank 500 milyon manat da “xərcə düşdü”

Ticarət-xidmət sektorunda alıcı yoxdur

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı Nemət Əliyev deyir ki, manatın sonuncu ucuzlaşması uzun illərdir ölkədə işləyən nisyə mexanizmini də çökdürüb:

“Çox təəssüf ki, Azərbaycanda neft bumunun yaşandığı dövrdə də nisyə mexanizmi olub. Əhali alıcılıq qabiliyyəti zəif olduğundan həmişə bir-birinə əl tutmağa çalışıb. İndi isə daha belə deyil. Birinci devalvasiyadan sonra bankların və əhalinin üst-üstə itkiləri 5,8 milyard dollar həcmində oldu. İkinci devalvasiyada da bir o qədər itki dəydi. Alıcılıq qabiliyyəti daha da pisləşdi. Maaş, təqaüd, yerində sayır, qiymət isə bahalaşır. Alıcılıq kəskin düşüb. Ona görə nisyə şəkildə alış-veriş edənlərin çevrəsi artıb. Ancaq ticarət-xidmət sektoruna çox zərbə dəyib. İndi onların da ödəmə qabiliyyətləri yoxdur. Nisyədə olan pullarını geri qaytarmaqda çətinlik çəkirlər. Ona görə də nisyə vermək istəmirlər”.

Nemət Əliyev deyir ki, yoxsul təbəqənin indiki ağır vəziyyətində hökumət onlara əl uzatmalıdır. İstər Bakıda, istərsə bölgələrdə hər rayon üzrə bu cür adamların siyahısını tutmalıdır. Onlara, heç olmasa, gün ərzində bir dəfə isti yemək verməlidir.

Nazirlik: 23 fərman və sərəncam imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son on gündə prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 23 fərman və sərəncam imzalanıb.

“Yanvarın 25-də sosial cəhətdən həssas kateqoriyalardan olan insanlara sosial ödənişlərin artırılması, ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzalanıb”.

Söhbət təqaüd və müavinətlərə əlavə olunan 10 faizlik artımdan gedir. Bu artım fevralın 1-dən qüvvəyə minir.

Tamam Əliyevanın da bu artımından xəbəri var. Az qala pıçıltılı ilə gileylənir: “Cəmi 10 manat artırıblar. Çörəkdən başqa bu gün nisyə aldıqlarım isə yarıbayarı bahalanıb”.

XS
SM
MD
LG