Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Nobel Sülh Mükafatına necə qərar verilir?


Bu ilin Nobel Sülh Mükafatının qalibi oktyabrın 6-da Osloda açıqlanacaq. Həmin mükafat haqqında nə bilirik? Mükafata kim layiq görülə bilər?


İsveçli sənayeçi, dinamit ixrtiraçısı Alfred Nobelin vəsiyyətinə görə, bu mükafat “millətlər arasında dostluğun inkişafı, nizami orduların ləğvi, yaxud kiçildilməsi, sülh konqreslərinin yaradılması və təbliği üçün ən çox iş görən və ya əlindən gələni edən” şəxsə verilməlidir.


Minlərlə insan namizəd təklif edə bilər: hökumət və parlament üzvləri, indiki dövlət başçıları, universitetlərin tarix, sosial elmlər, hüquq və fəlsəfədən dərs deyən professorları, keçmiş Nobel Sülh Mükafatı laureatları və başqaları.


Bu il 351 adamın namizədliyi irəli sürülüb. Ancaq onların tam siyahısı 50 il qapalı məkanda gizli saxlanacaq.


Builki favoritlər arasında Ukrayna Prezidenti Volodımır Zelenskiy və rusiyalı siyasətçi Aleksey Navalnı da var. Ancaq ekspertlər onların qazanma ehtimalının az olduğunu deyirlər.

Birincisi, Zelenskiy müharibə dövrünün lideridir. İkincisi də komitə ötən il mükafatları Rusiya nümayəndələrinə verib. Bu üzdən, onların hər ikisinin şansı azdır.

Qərarı kim verir?

Qalibi Norveç parlamentinin təyin etdiyi beş nəfərdən oluşan Norveç Nobel Komitəsi seçir. Üzvlər çox zaman (amma həmişə deyil) istefada olan siyasətçilər olur. İndi komitənin rəhbəri hüquqşünas, üzvlərindən biri alimdir.

Onların hamısının namizədliyini Norveçin siyasi partiyaları irəli sürür və təyinat Norveç parlamentindəki qüvvələr balansını əks etdirir.

Qərar necə verilir?

Namizədliklərin irəli sürülməsi yanvarın 31-də başa çatır. Komitənin fevralda keçirilən ilk iclasınadək üzvlər öz namizədlərini irəli sürə bilərlər.

Seçim zamanı konsensusa diqqət yetirilir

Bütün namizədlər müzakirəyə çıxarılandan sonra siyahı qısaldılır. Ardınca siyahıda adı qalan namizədlərin hər birini daimi müşavirlərdən və digər ekspertlərdən ibarət qrup dəyərləndirir.

Komitə namizədlərin müzakirəsi üçün, təxminən, ayda bir dəfə görüşür. Son qərar, adətən, komitənin yekun iclasında verilir. Yekun iclas, çox vaxt oktyabrın əvvəlinə düşür.

Seçim aparılarkən, konsensusa diqqət yetirilir. Konsensus olmayanda, qərar səs çoxluğu ilə qəbul edilir.

Üzvlərdən birinin etiraz əlaməti olaraq komitəni tərk etməsi son dəfə 1994-cü ildə mükafat Fələstin lideri Yassir Ərafata, İsrailin Baş Nazirləri Şimon Peresə və Yitzhak Raminə veriləndə baş verib.

Namizədlər kimlərdir?

Namizədlərin tam siyahısı gizli saxlansa da, namizədlikləri irəli sürənlər adlarını açıqlaya bilərlər.

Adı açıqlanan namizədlər arasında Qreta Tunberqin və digər ətraf mühit fəalı Vanessa Nakatenin, eləcə də həbsə atılmış rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza ilə çinli etirazçı Penq Lifanın adları var.

Mükafatı yaxından izləyən ekspertlərin fikrincə, bu il Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 75 ili tamam olduğundan, komitə insan haqları fəallarını önə çəkmək istəyəcək.

Komitə eyni zamanda iqlim dəyişikliyini önə çəkərək, Qreta Thunberqin başladığı “Fridays for Future” (“Gələcək naminə cümələr”) hərəkatını da mükafatlandıra bilər.

Laureata nə verilir? `


Laureat medal, diplom, 11 milyon İsveç kronu (994 min dollar və ya indiki məzənnəylə 1 milyon 689 min manat) və təbii ki, dünya ictimaiyyətinin geniş diqqətini qazanır.


Güney Afrikalı arxiyepiskop Desmond Tutu 1984-cü ildə mükafata layiq görülərkən deyib ki, Nobel mükafatı laureatı olmaq iki tərəfi də kəsən qılınc kimidir: “Bir gün mənə heç kim qulaq asmırdı. Ertəsi gün mən orakula dönmüşdüm” (“orakul” deyərkən, antik Yunanıstanda qeybdən soraq verən kahin, bir növ falçı, rəmmal nəzərdə tutulur -red.).

Qaliblər nə zaman açıqlanır və mərasim nə vaxtdır?

Qalib(lər) oktyabrın 6-da Bakı vaxtı ilə gündüz saat 1-də Osloda yerləşən Norveç Nobel İnstitutunda elan ediləcək. Qərarı Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen açıqlayacaq.


Mükafatın təqdimat mərasimi dekabrın 10-da - Alfred Nobelin ölümünün ildönümündə Oslo meriyasının binasında keçiriləcək.

XS
SM
MD
LG