Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:21

‘Zorakılıq, qəddarlıq Rusiya mədəniyyətinin bir hissəsinə çevrilib’


Oleksandra Matviyçuk
Oleksandra Matviyçuk


Oleksandra Matviyçuk Ukrayna QHT-si olan Vətəndaş Azadlıqları Mərkəzinin direktorudur. Bu təşkilat 2022-ci ildə Rusiyanın törətdiyi müharibə cinayətlərini sənədləşdirdiyi üçün Nobel Sülh Mükafatına layiq görülüb.

Hüquqşünas və insan haqları fəalı Matviyçuk AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə geniş müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması Kremlin illərlə cəzasız qalmasının nəticəsidir. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və digər yüksək rütbəli rəsmilər ədalət qarşısına çıxarılmalıdır. Ancaq o bu prosesin uzun çəkəcəyini də anladığını söyləyir.

Suriyalı həmkarın mesajı

“Genişmiqyaslı hücumun başlanmasından sonra biz onlarla regional qurumla səylərimizi Putin üçün tribunal naminə birləşdirdik. Biz yerli təşkilatların ümumukrayna şəbəkəsini yaratdıq, 10 ay birlikdə çalışdıqdan sonra birlikdə 31 min müharibə cinayəti halını qeydə aldıq. Bu, nəhəng rəqəm kimi görünsə də, aysberqin sadəcə ucudur. Miqyası anlamaq üçün qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu rəsmən 70 min cinayət işi qeydiyyata alıb.

…Bizim Ukraynada üzləşdiyimiz bütün bu cəhənnəm Rusiyanın on illərlə qarşılaşdığı total cəzasızlığın nəticəsidir. Çünki Rusiya ordusu Çeçenistan, Gürcüstan, Moldova, Liviya, Suriyada dəhşətli hərəkətlər törədib. Onlar heç vaxt buna görə cəzalandırılmayıblar. Həmin bu cəzasızlığa görə bu zorakılıq, …qəddarlıq, beynəlxalq hüququn və təməl insan haqlarının sayılmaması və insan ləyaqətinin inkar edilməsi Rusiya mədəniyyətinin bir hissəsinə çevrilib.

Buna görə də aramızda çoxlu oxşarlıqlar var. Tammiqyaslı hücum başlayanda Suriyadakı həmkarımdan mesaj aldım. O deyirdi: "Xahiş edirəm, öz hökumətinə de ki, tibb işçilərini tibb işçisi, xəstəxanaları xəstəxana kimi qeyd etməsin. Çünki Rusiya qəsdən onları vuracaq”. Və bu baş verdi.

Nobel Sülh Mükafatı nitqimdə yeni doğulmuş körpəsini itirən ananın hekayəsini danışdım. Bu hekayə Mariupol doğum evindən idi… Rusiyanın xəstəxanaları və tibb işçilərini bombaladığı çox sayda oxşar hekayələr var. Suriyalı həmkarım bizə demişdi: "Evakuasiya maşınlarının üzərində “Uşaqlar” yazmayın. Çünki ruslar bu evakuasiya maşınlarını qəsdən vuracaqlar". Pilot Mariupol teatrını bombalayanda onun bu sözlərini xatırladım. Teatr binasının üzərində iri hərflərlə "Uşaqlar" yazılmışdı. Yüzlərlə insan uşaqlarla teatra sığınmağa çalışmış, ancaq sığına bilməmişdi. Çünki Rusiya onu dağıtmışdı”, – o deyir.

Sistemin gücsüzlüyü

Matviyçuk beynəlxalq sistemin gücsüzlüyünə də toxunub: “Hətta sən eşidiləndə belə beynəlxalq sistem nəsə etməkdə gücsüzdür. Beynəlxalq sülh və təhlükəsizlik sisteminin mövcudluğu illüziyadır. O mövcud deyil. Bütün BMT sistemi Rusiyanın əməllərini dayandıra bilmədi. BMT Baş Katibi Prezident Zelenski ilə görüşmək üçün Kiyevə gəldi, eyni gündə (28 aprel, 2022-ci il) Rusiya raketləri yaşayış binalarını vurdu və AzadlıqRadiosunun Ukrayna xidmətindən jurnalist Vira Hırıçı öz mənzilində öldürdü.

Bu, yaşamaq üçün çox təhlükəli dünyadır. Bu o deməkdir ki, təhlükəsizliyimiz, insan haqları təminatlarımız beynəlxalq düzən və öz mandatlarını yerinə yetirməli olan beynəlxalq təşkilatların arxitekturasından deyil, yalnız güclü hərbi müdafiəsi olan ölkədə yaşayıb-yaşamamağımızdan asılıdır. Düşünsək, bunun çox təhlükəli gedişat olduğunu görərik. Çünki bu, hökumətlərin təhsilə, inkişaf layihələrinə, iqlim dəyişikliyi və yoxsulluq kimi mürəkkəb problemlərin həllinə, yaxud hansısa yeni texnologiyalara deyil, ... silahlara yatırım etməsinə səbəb olacaq.

Bugünkü dünyada isə o qədər texnologiya var ki, qat-qat daha tez öldürən silahlar, o cümlədən nüvə silahları düzəldə bilirik. Buna görə də dünya daha təhlükəlidir. Buna görə də beynəlxalq düzəni bərpa etməliyik. Bu o deməkdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir insanın insan haqları və təhlükəsizliyini təmin etmək üçün bu beynəlxalq sülh və təhlükəsizlik sisteminin kardinal islahatına başlamalıyıq. İnsanların avtoritar və daha betər rejimlərdən aktiv mühafizəsini təmin etməliyik. Kiçik və simvolik addımdan başlamalıyıq: Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmalıyıq.

Düşünürəm ki, bunun baş verməsi üçün hər şeyi etməliyik. BMT Baş Assambleyasında səslərin 2/3-ni əldə etməliyik. Bu o deməkdir ki, biz bu ölkələrin siyasi rəhbərliklərini tarixi məsuliyyətə dəvət etməliyik. (BMT Xartiyasında BMT TŞ-nın daimi üzvünün xaric edilməsi mexanizmi əksini tapmayıb.) Özü də mən sadəlövh deyiləm. Bilirəm ki, ölkələrin və siyasətçilərin fərqli məqsədləri ola bilər və öz xalqını təmsil etməyən hökumətlər var”, – insan haqları fəalı bildirir.

İki sistemin müharibəsi

“Bəs nə üçün gələcəyə nikbinliklə baxıram? Çünki öz təcrübəmə əsaslanaraq bilirəm ki, qanuni alətə güvənə bilmədikdə hər zaman insanlara güvənə bilərsən. Bizim reallığı dəyişdirən bütün nəhəng təşəbbüslərimiz adi insanların iştirakına əsaslanıb…

…Bəli, bu, asan iş deyil. Ancaq ədalət dünyanın hər yerində milyonlarla insan üçün çox anlaşılan bir dəyərdir. Bu mənada dövlət sərhədləri mövcud deyil. Bu mənada, sadəcə iki dövlət arasında müharibə yox, iki sistem, avtoritarizm və demokratiya arasında müharibə var”, – o, sözlərinə əlavə edir.

Matviyçuk Nobel Sülh Mükafatını onun təmsil etdiyi qurumla paylaşan Rusiya və Belarus təmsilçiləri ilə birlikdə müsahibə verməkdən imtina edib. O öz qərarını belə izah edir:

“Ukrayna xalqı Rusiya, Ukrayna və Belarusdan kimlərinsə bu mükafata birlikdə layiq görüldüyünü eşidəndə bacı xalqlar haqda sovet hekayəsini xatırlayır. İnsanlar bilirlər ki, bu, nəhəng bir yalan idi. Çünki sovet dövründə bacı millətlər yox idi, yalnız dominant olan bir millət, bir dil, bir mədəniyyət var idi”, – Matviyçuk vurğulalyır.

XS
SM
MD
LG