Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

'Onunla ünsiyyətə görə başqa məhbusları cəzalandırırlar'


B.Həsənov
B.Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, Qarabağ döyüşçüsü Babək Həsənovun həbsdə aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna qardaşı Cavid Həsənli danışıb. Onun sözlərinə görə, B.Həsənov mayın 17-si, saat 13.00-dan etibarən aksiyaya başlayıb, bu barədə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə də yazılı məlumat verib.

C.Həsənli deyir ki, onlara da bu xəbəri B.Həsənov özü mayın 17-də ailəsi ilə telefonla danışarkən çatdırıb. Aclıq aksiyası keçirməsinin səbəblərinə gəlincə, B.Həsənovun ailə üzvlərinə dediyinə görə, müəssisə rəhbərliyi başqa məhbusları onunla ünsiyyətdən çəkindirməyə çalışır. Rəhbərliyin bu qadağasına əməl etməyənlər isə cəzalandırılır: "Onunla təmasda olan məhkumlara təzyiq edilir, bir daha Babək Həsənovla görüşməmək tapşırılır. Olmasa, onlara təzyiq edilir".

Qardaşının sözlərinə görə, B.Həsənov ailəsinə danışıb ki, mayın 16-da başqa bir məhbus Qorxmaz Mehdiyev onu şam yeməyinə dəvət edib. Bundan sonra onu çağırıb B.Həsənovu haradan tanıdığını soruşublar, bir daha onunla təmasda olmamaq haqda göstərişi verilib: "Ertəsi gün - mayın 17-də isə məhbusların səhər toplanışından öncə Qorxmaz Mehdiyevlə Babək Həsənov müəssisənin həyətində birlikdə gəzə-gəzə söhbət edərkən onları görüblər. Buna görə Qorxmaz Mehdiyevi döyüb, karsa salıblar. Bundan dərhal sonra Babək Həsənov rəhbərliyə yazılı məlumat verməklə aclığa başlayıb".

"Rüşvət alıb buraxırlar"

C.Həsənlinin sözlərinə görə, qardaşının tələbləri Q.Mehdiyevin cərimə kamerasından çıxarılması, onu döyüb işgəncə verən müəssisə əməkdaşlarının cəzalandırılması, məhkumlara qarşı qeyri-insani davranışlara son qoyulmasıdır:


"Ümumiyyətlə, o müəssisədə vəziyyət çox acınacaqlıdır. Heç bir əsas olmadan məhkumlara təzyiq edilir. Həftələrlə, hətta bir ay karsda saxlayırlar, rüşvət alıb buraxırlar. Babək Həsənov həmçinin, müəssisədəki ərzaq mağazasında bəzi məhsulların adi marketlərdən 2, hətta 4 dəfə baha satıldığını deyir. Məhkumlara sovqat çatdırılmasına qadağa olduğu bir vaxtda belə bahalıq da narazılıq yaradıb".

Penitensiar Xidmət isə istər aclıq aksiyası, istər bir məhbusla ünsiyyətə görə digərinin təzyiqə məruz qalması, istərsə də ərzağın baha satılması barədə deyilənləri təkzib edir. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edən məhbus yoxdur: "Başqa bir məsələ ilə əlaqədar bugün (mayın 18-də) səhər oranın rəhbərliyi ilə əlaqə saxlamışam. Belə hal yoxdur".

M.Sadıqovun sözlərinə görə, ərzaq və başqa tələbat mallarının müəssisə daxilindəki köşklərdə 2-4 dəfə baha satılması haqda deyilənlər də gerçək deyil. Şöbə rəisi deyir ki, orada yalnız zəruri tələbat malları satılır, özü də adi mağazalarda olan qiymətə: "Ödəniş də nağdsız aparılır. Yəni, məhkumun hesabındakı vəsaitdən tutulur".

B.Həsənovla ünsiyyətə görə başqa məhkumun cəzalandırılmasına gəlincə, M.Sadıqov deyir ki, bu, mümkün deyil.

COVID-19 (koronavirus) pandemiyasıyla əlaqədar matın 6-dan həbs yerlərində saxlanılan şəxslərin yaxınlarıyla görüşlərinə, onlara sovqat çatdırılmasına qadağa qoyulub.

Xatırlatma

Babək Həsənov 2018-ci il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada vurğulanıb ki, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu "qurama iş" adlandırıb.

XS
SM
MD
LG