Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:59

Özbəkistanda öskürək siropundan ölənlər: nəzarətsizlik və korrupsiya


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük qızı və köməkçisi Saida Mirziyoyeva Daşkənddən uzaqda yerləşən xəstəxanada uşaqlara baş çəkirsə, deməli, ciddi bir olay baş verib.


Nazir jurnalistlərə “çox da dərinə getməyin” deyəndə isə kiminsə nəyisə gizlətməyə çalışdığına şübhə yeri qalmır.


Özbəkistan mediası və sosial şəbəkələri, azı, bir həftədir yüzlərlə uşağın dərmandan zəhərlənməsindən, onlarla uşağın xəstəxanaya düşməsindən danışır. Uşaqlar yod çatışmazlığı ilə mübarizə kampaniyası çərçivəsində dövlətin təsdiqlədiyi dərmandan zəhərləniblər.

Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Dərman bazarında nəzarətsizlik və korrupsiya var

Hökumət rəsmiləri apardıqları kampaniya ilə uşaqların zəhərlənməsi arasında bağlantını qəbul etmək istəmirlər. Onların bu tərəddüdü anlaşılandır, axı elə ötən qış 65 uşaq Hindistandan gətirilmiş öskürək dərmanından zəhərlənərək həyatını itirib. Olub-bitənlər sürətlə böyüyən dərman bazarındakı nəzarətsizlik və korrupsiyadan xəbər verir.

Son zəhərlənmə qalmaqalında, hələlik, ölüm halları qeydə alınmasa da, bu, hökumətdən ötrü həssas məsələdir. Hökumət 6,5 milyon uşağı bu profilaktik müalicəyə məruz qoyub; üstəlik, bunu şişirdilmiş qiymətə edib.

Ötən həftə Fərqanə vadisindəki Namanqan və Əndijon əyalətlərində uşaqların xəstəxanaya düşməsi barədə xəbərlər yayılanda, hökumətin məsuliyyəti ilə bağlı suallar ortaya çıxdı.


Britaniyada fəaliyyət göstərən “Central Asia Due Diligence” (“Mərkəzi Asiya Siyasi Risklərin Təhlili Mərkəzi”) araşdırma şirkətinin direktoru Alişer İlxamov deyir ki, indi hər şey “hansısa maraq toqquşmasının” meydana gəldiyini göstərir.

“Hansısa dövlət rəsmisinə pay verilib?”

“[Hansısa] dövlət rəsmisinə “ pay” verilib, yoxsa nüfuzlu biri ilə şirkətin patronaj əlaqəsi olub, o da onları ən yüksək səviyyədə irəli çəkib?”, - deyə İlxamov AzadlıqRadiosu-na müsahibəsində soruşur.

Saida Mirziyoyeva sentyabrın 23-də əyalətə səfəri zamanı Baş Prokurorluğun Namanqanda 70-dən çox uşağın xəstəxanaya düşməsi ilə bağlı cinayət işi açdığını söyləyib.


Onun rəsmi “Telegram” kanalında bununla bağlı post paylaşılıb. Postda Mirziyoyevanın Namanqana "dövlət başçımızın tapşırığı ilə” gəldiyi deyilir. Prezident Mirziyoyevin ofisi daha öncə həmin əyalətdə uşaqların xəstəxanaya düşməsi ilə bağlı narahatlığını dilə gətirmişdi.


“Durumu gözlərimizlə görmək üçün xəstəxanaya getdik və uşaqların vəziyyəti haqda bilgi aldıq. Onların əhvalı yaxşıdır, hər biri yavaş-yavaş sağalır və çoxu evə, ailələrinin yanına qayıdıb”, - Mirziyoyevanın rəsmi “Telegram” kanalında deyilir. Ancaq araşdırmaya dair heç bir ayrıntılı bilgi verilmir.


Səhiyyə nazirinin müavini Elmira Basitxanova sentyabrın 27-də “Samo” adlı yerli əczaçılıq şirkətinin istehsal etdiyi kalium-yodid tərkibli “Antistrumin” həbləri ilə uşaqların xəstəliyi arasında əlaqənin “hələlik, sübuta yetirilmədiyini” deyib. O, uşaqların xəstəliyini qriplə əlaqələndirməyə çalışıb, ancaq E. Basitxanovanın təmsil etdiyi nazirlik sentyabrın 22-də “Antistrumin”dən istifadəni tam dayandırıb.

Qan analizinin nəticələri açıqlanmayıb

Təcili tibbi yardım üzrə Respublika Elmi Mərkəzinin həkimi Orif İnamov Gazeta.uz xəbər saytına israrla deyib ki, Antistrumin “zəhərlənmə doğura bilməz”.

Ancaq O.İnamov uşaqların niyə mədələrinin yuyulduğunu jurnalistlərlə dartışmaq və ya onların qan analizlərinin nəticələrini bölüşmək istəməyib. Özbəkistanlı müstəqil həkim, ölkənin internetdəki ən populyar təbibi, “YouTube”da 3,6 milyon abunəçisi olan Nodirbek İsçanovsa məsələyə başqa yöndən baxır.

N.İsçanov bu həftənin əvvəlində paylaşdığı və artıq 1 milyondan çox adamın izlədiyi videoda deyib ki, sözügedən dərmanın Səhiyyə Nazirliyinin özünün açıqladığı sənəddə göstərilən dozası “nəhəngdir” və yan təsirləri doğurmağa qadirdir.

Sən kiminsən, “Samo”

Yaranmış durum insanların diqqətini “Samo” şirkətinə və onun bu nəhəng dövlət kontraktını necə əldə etməsi məsələsinə yönəldib.

Gazeta.uz-un araşdırması bununla bağlı bəzi narahat suallar verib.

Nazirliyin bu saytın reportyorlarını mətbuat konfransına çağırmaması Özbəkistanda jurnalistikanın üzləşdiyi oartamı yenə göz önünə sərir.

“Daryo” adlı iri və özəl media qurumu mətbuat konfransına qatılandan sonra orada deyilənlər barədə xəbər dərc edib, ancaq qısa zamanda həmin xəbəri silib.


Gazeta.uz tədbirdə iştirak etmiş jurnalistlərə istinadən yazır ki, Səhiyyə naziri Amrillo İnoyatov media nümayəndələrindən “bu məsələdə çox dərinə getməmələrini” xahiş edib.


Səhiyyə Nazirliyi sentyabrın 25-də “Samo” ilə bağlı ayrıca araşdırma başlatdığını bildirib.


Özbəkistan mediası və bloqerlərin yenicə yaydığı şirkət sənədlərində “Samo”nun ailə şirkəti və təsisçilərin dördünün soyadının, yaxud ata adının eyni olması üzə çıxıb.

ABŞ-ı çoxdan tərk edib hələ də tapılmayan şəxsə bənzəyir

Bu dördlüyün arasında Nodir Yunusov adlı Özbəkistan vətəndaşının da adı var.


Kun.uz xəbər saytı yazır ki, N.Yunusovun “insan alveri…, hüquq pozuntuları və maliyyə qəsbkarlığı” ittihamları ilə ABŞ hökumətinin axtardığı eyniadlı şəxslə zahiri bənzərliyi çoxdur. N.Yunusovun ABŞ İmmiqrasiya və Gömrük İdarəsinin (ICE) saytındakı profilində onun ABŞ-ı on il əvvəl tərk etdiyi və hələ tapılmadığı deyilir.

XS
SM
MD
LG