Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:28

Canavarlar kənddə sürüylə gəzir


Canavar
Canavar

«Bir aydan sonra məktəb açılır, uşaqlar məktəbə getməlidir. Canavarlar kənddə sürü şəklində gəzir. Hökumət qurumlarından istədiyimiz odur ki, bu məsələni həll etsin. Balalarımızı göz görə-görə yırtıcıların ağzına ata bilmərik».

Bunu AzadlıqRadiosuna Ağsunun Padar kəndinin sakinləri deyir.

Kənd sakini Səkinə Əmiraslanova azyaşlı övladlarının aqibətinə görə narahatdır. O deyir ki, bu il iyulun 24-də işdən qayıdan həyat yoldaşını həyətədək canavar qovub:

«Yoldaşım özünü həyətə zorla atdı, qapını arxadan vurub bağladı, canavar xeyli qapının arxasında qaldı. Gecə saatları idi. Həmin anda küçəyə çıxan olsaydı, caynağından salamat qurtara bilməzdi».

«GÖRDÜM, ATAM CANAVARLA ƏLBƏYAXADADIR»

Avqustun 6-da canavarların sürü ilə kəndə soxulması və iki kənd sakinini parçalaması kəndliləri daha da qorxuya salıb. Canavarların bir neçə yerdən dişlədikləri Fikrət Şeydayev və Həsrət Qurbanov xəstəxanaya yerləşdiriblər və hər ikisinə quduzluğa qarşı vaksin vurulub, tibbi yardımlar göstərilib.

***Buna da bax-Kəndli: 'Yolla gedəndə üstünə canavar, tülkü tullanır...'

70 yaşlı Həsrət Qurbanovun oğlu Əli Qurbanov «Qaynar xətt»ə danışır ki, vaxtında özünü yetirməsəydi, atası hazırda həyatda deyildi:

«Təsadüfən həyətə girdim və gördüm ki, atam canavarla əlbəyaxadadır. Kişinin üzü parça-parça olmuşdu. Baltanı götürüb atamı canavarın pəncəsindən qurtardım. Xəstəxanaya çatdırdıq, həkimlərin atamın sağ qalacağına ümidi yox idi. Altı saata yaxın cərrahiyə əməliyyatı keçdi. Hələ də vəziyyəti ağırdır».

Sakinlərin deməsinə görə, kənd meşə ətrafında yerləşdiyindən əvvəllər də ara-sıra vəhşi heyvanlar «qonaq gəlirmiş». Ancaq bu yay olduğu qədər sürü ilə yox... İndi canavarlar, çaqqallar həyətlərə sürü şəklində dolur, mal-qaranı parçalayır, insanlara hücum çəkirlər.

«QİDA ÇATIŞMAZLIĞI YARANIB»

Zooloq Asif Məstəliyev «Qaynar xətt»ə yırtıcıların kəndlərə üz tutmasının səbəblərindən danışır:

***Buna da bax-Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib

«Vəhşi heyvanların təbii yaşayış sahələri əkilir, kolluqlar kəsilib, meşələr getdikcə seyrəlir. Onlar meşədə qidalana bilmirlər. Kənd ətraflarında olan kolluqlardakı təbii qidalarla qidalanırlar. Əvvəllər vəhşi heyvanların ovlanmasına icazə vardı. Dəri tədarükü məntəqələri fəaliyyət göstərirdi. Yırtıcıları ovlayırdılar və onların dərilərini məntəqələrə təhvil verirdilər. Ancaq vəhşi heyvanlar ovlanmaqla azalan deyil. Bir neçə ildir ki, Beynəlxalq Konvensiyaya uyğun olaraq, onların ovlanması qadağan olunub deyə, kütləvi artım baş verib və təbii olaraq, qida çatışmazlığı yaranıb. Bu üzdən də qida üçün həyətlərə üz tuturlar».

Zooloq əlavə edir ki, vəhşi heyvanların kəndlərə üz tutmasının mənfi cəhətlərindən biri də parazitlər və insan sağlamlığı üçün təhlükəli olan helmint qurdları daşımasıdır.

«VALİDEYNLƏR MƏSULİYYƏTLİ OLMALIDIR»

Ağsu Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yaşayış məntəqələrinə hücum edən vəhşi heyvanların vurulmasına icazə verilib:

«Canavar meşədən qaçıb gəlir, kəndə girir, məmur bu canavarın qarşısını necə ala bilər axı. Hər bir valideyn məsuliyyətli olmalı, özü övladının təhlükəsizliyini düşünməli, məktəbə özü aparıb-gətirməlidir. Hər şeyi icra hakimiyyətinin, yaxud baytarlıq idarəsinin, bələdiyyənin üstünə yıxmaq olmaz».

Beynəlxalq Konvensiyaya görə, vəhşi heyvanların ovlanması qəti qadağandır. Bununla bağlı çox ciddi cəza tədbirləri tətbiq edilir. Lakin Azərbaycanda yırtıcıların hücum çəkdikləri bir sıra yaşayış məntəqələrində onların məhvinə icazə verilib.

XS
SM
MD
LG