Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Paşinyan: 'Dağlıq Qarabağ probleminin həll olunduğuna dair bəyanatlar yersizdir'


Nikol Paşinyan və İlham Əliyev Brüsseldə, 31 avqust, 2022-ci il
Nikol Paşinyan və İlham Əliyev Brüsseldə, 31 avqust, 2022-ci il

Ermənistan Qarabağda normal həyatın, təhlükəsizliyin təminatı, insan haqlarının müdafiəsinə yardım göstərməyə davam edəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda separatçıların “müstəqillik” elan etməsinin 31-ci ildönümü münasibətilə təbrikində deyir.

“31 il öncə bu gün Dağlıq Qarabağ muxtar vilayəti və Şaumyan rayonu deputatlarının birgə iclasında Dağlıq Qarabağın öz müqəddəratın təyinetmə yoluyla müstəqilliyi haqda bəyannamə qəbul edildi”, – Paşinyanın təbrikində deyilir.

“Onların öz beşiyində yaşamaq hüquqları var”

Baş nazir həmin qərarın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarının bərpasına zəmanət olaraq verildiyini bildirir.

“Həmvətənlərimizin Dağlıq Qarabağda, yaxud onun bir hissəsində yaşamağa davam etməsi faktı dəyişməz qalır. Onların öz beşiyində, təhlükəsiz, hüquqlarının müdafiə olunacağı şəraitdə yaşamaq hüquqları var. Dağlıq Qarabağ probleminin mahiyyəti də elə bundadır”, – Paşinyan vurğulayıb.

O qeyd edib ki, “Artsax (Qarabağ) ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın statusu məsələsi həll olunmayınca Dağlıq Qarabağın ərazi vahidi kimi daha mövcud olmaması, Dağlıq Qarabağ probleminin həll olunduğuna dair bütün bəyanatlar yersizdir”.

“Bu kontekstdə ATƏT-in Minsk qrupunun həmsədrliyi təsdiqlənmiş və təxirəsalınmaz beynəlxalq mandata malikdir”, – o qeyd edib.

Beynəlxalq ictimaiyyətə çağırış

Paşinyanın sözlərinə görə, beynəlxalq ictimaiyyət 44 günlük müharibənin səbəb olduğu humanitar problemlərin həllindən ötrü səylərini əsirgəməməli, “Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin reallaşmasına imkan verməməlidir”.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Ötən həftə Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.

Münaqişə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun işinin də bitdiyini bildirir, onu “reanimasiya etmək” cəhdlərini pisləyir. Bu günlərdə ABŞ qrupa yeni həmsədr təyin etdiyini açıqlayıb.

XS
SM
MD
LG