Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Paşinyan Qarabağın keçmiş liderlərinə bir daha xəbərdarlıq edib


Nikol Paşinyan
Nikol Paşinyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan iyunun 14-də yenidən Qarabağın separatçı liderlərinə xəbərdarlıq edib.

Paşinyan iddia edib ki, onlar hazırda Ermənistanda olan Qarabağ köçkünlərini Yerevanda keçirilən antihökumət etirazlarında iştiraka cəlb edirlər.

Azatutyun xatırladır ki, Paşinyan bu həftə təhlükəsizlik qüvvələri ilə onun istefasını tələb edən etirazçılar arasında baş vermiş qarşıdurmanın ardınca parlamentdə keçirilən qızğın debatlarda Qarabağ separatçıları barədə eyni ittihamları səsləndirmişdi.

O iddia etmişdi ki, ermənilərin Qarabağdan kütləvi köçünə məhz separatçı liderlər təkan veriblər.

Paşinyanın fikrincə Qarabağ qüvvələri Azərbaycanın hücumuna qarşı ona görə çıxmayıblar ki, separataçı liderlər və Ermənistan müxalifəti Qarabağ ermənilərinin Ermənistana kütləvi köçünü və nəticə etibarilə onlardan Yerevan hökumətinin devrilməsində istifadə olunmasını istəmişdilər.

Paşinyan parlamentdə uca səslə “onlar qorxaq fəraridirlər” demişdi.

“Biz çox səbirli və tolerantıq, amma...”

Qarabağ separatçı rejiminin son “prezidenti” Samvel Şahramanyan iyunun 14-də Paşinyanın ittihamlarını rədd edib. Şahramanyan deyib ki, Qarabağ erməniləri 2023-cü ilin sentyabr hadisəsi zamanı özlərini təklənmiş hiss ediblər:

“...Mən artıq çıxışlarımda bunu demişəm. Biz bir neçə saatın içində tamamilə tək qaldığımızı, bizdən sayca 1:12 nisbətində çox olan Azərbaycan qüvvələrinə müqavimətin mümkünsüzlüyünü, həyatımızı xilas eləməli olduğumuzu anladıq”.

Şahramanyan həm də polisi iyunun 12-də arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında etirazçılara qarşı “aşırı zor” işlətməkdıə ittiham edib.

O israr edib ki, Qarabağ qaçqınlarının dinc nümayişlərdə iştirak üçün “hüquqi və mənəvi haqları” var, çünki onlar da Ermənistan vətəndaşlarıdır.

Baş nazir Paşinyan iyunun 13-də keçirdiyi hökumət müşavirəsində “Qarabağın dindar-feodal elitasını” kəskin tənqid etmişdi:

“Biz çox səbirli və tolerantıq, amma heç kim bunu hökumətin zəifliyi kimi qavramamaldır. Dünən mən Milli Məclisin uca tribunasından da demişdim. Ümid edirəm ki, bu mesajların ünvanlandığı adamlar mesajları başa düşəcəklər, bizi gücə əl atmağa məcbur etməyəcəklər...”

Qalstanyana dəstək verənlərin cəzalandırıldığı xəbər verilir

Azatutyun yazır ki, Ermənistan hakimiyyəti artıq Qalstanyanın hərəkatına dəstək bildirmiş ən azı üç Qarabağ lideri barəsində tədbir görüb.

Mayın sonlarında Xankəndinin və Xocavəndin keçmiş “merləri” həbs olunublar. Sonradan ev məhbusluğuna keçirilən bu şəxslər onlara qarşı irəli sürülmüş dələduzluq ittihamlarını qondarma hesab edirlər.

Şahramanyan Xankəndinin keçmiş meri kimi təqdim olunan olunan Davit Sarkisyanı müdafiə edib və ona qarşı ittihamı "siyasi təqib" adlandırıb.

Paşinyan bundan əvvəl, hələ mart ayında “Dağlıq Qarabağ Respublikası hələ də mövcudluğunu davam etdirir” dediyinə görə Şahramanyana xəbərdarlıq etmişdi.

Qarabağın keçmiş “baş naziri” kimi təqdim olunan Artak Beqlaryan Paşinyanın hədələrini rədd edərək demişdi ki, baş nazir və onun müttəfiqləri Qarabağ ermənilərinə qarşı nifrəti qızışdırırlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG