Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Paşinyan Azərbaycanın sülh müqaviləsi imzalayacağından əmin deyil


Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də vətəndaşların suallarına cavab verib
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də vətəndaşların suallarına cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də deyib ki, Azərbaycanın son nəticədə Ermənistanla artıq Avropa İttifaqının vasitəçiliyi ilə razılaşdırılmış üç prinsip əsasında sülh müqaviləsi imzalayıb-imzalamayacağı qeyri-müəyyən qalır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu barədə canlı efirdə vətəndaşların suallarına cavab verərkən bildirib.

Baş nazir xatırladıb ki, bu üç prinsip - ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması, sərhədin Ermənistan və Azərbaycan da daxil keçmiş sovet respublikalarının imzaladığı 1991-ci il bəyannaməsinə uyğun olaraq delimitasiyası, ölkələrin ərazisindən keçən nəqliyyat kommunikasiyalarının onların yurisdiksiyası altında olmasıdır:

“Biz indi əminliklə deyə bilmirik ki, Azərbaycan sülh razılaşmasını bu üç prinsip əsasında imzalamaqdan imtina edir, amma bunu da əminliklə deyə bilmirik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir. Bu məsələ və nyuansların danışıqlar zamanı aydınlaşdırılmasına ehtiyac var”.

Baş tutmayan görüşlər

Azatutyun yazır ki, Azərbaycan Qarabağın üzərində tam nəzarəti ələ aldıqdan sonra, belə görünür, Ermənistanla Qərb platformalarında danışıqlardan boyun qaçırır.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktybarın 5-də İspaniyanın Qranada şəhərində planlaşdırılan görüş Bakının son anda qəbul etdiyi qərara görə baş tutmayıb.

Azatutyunun yazdığına görə Paşinyan ümid edirdi ki, həmin görüşdə sülh müqaviləsinin parametrlərini ehtiva edən sənəd imzalanacaq.

Azatutyun xatırladır ki, Azərbaycan belə görünür, Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən oktyabrın sonlarına təyin olunmuş görüşdən də imtina edib.

Nəhayət Bakı xarici işlər nazirlərinin bəzi məlumatlara görə noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşündən rəsmən imtina edib.

“Vasitəçilərin iştirakını zəruri edən məsələlər var”

Amma bununla yanaşı Bakı Yerevanla birbaşa danışıqlar təklif edib.

Paşinyan bildirib ki, sərhədin delimitasiya və demarkasiyası ilə məşğul rəsmilərin hələlik dəqiq məkanı məlum olmayan bu görüşu iki ölkənin sərhədində noyabrın 30-da keçirilməlidir.

Paşinyan bildirib ki, Yerevan məhz bu görüşdən Azərbaycanın sözü gedən üç prinsip əsasında sülhə hazlır olub-olmadığına dair nəticə çıxaracaq.

Ermənistan baş naziri vurğulayıb ki, “bizim bugünədək bu məsələdə əminliyimiz yoxdur”.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan noyabrın 23-də demişdi ki, danışıqlarda “vasitəçilərin iştirakını zəruri edən məsələlər var”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar indiyədək həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılıb.

XS
SM
MD
LG