Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:30

Paşinyan sülh müqaviləsinin 'razılaşdırılmış' maddəsindən söz açıb


"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə sual-cavab sessiyasında deyib.

Nikol Paşinyan bu məsələyə hökumətin sülh müqaviləsinin imzalanması üçün konstitusiyanı dəyişmək niyyətinin olduğuna dair iddialar barədə suala cavab verərkən toxunub.

Baş nazir deyib ki, konstitusiya ölkənin daxili həyatının təşkili üçündür, amma eyni zamanda həm də xarici əlaqələri nizamlayır.

Paşinyan əlavə edib ki, ətraf dünya ilə münasibətlər yeni şəraitlərə uyğun olaraq qurulur və dünya hazırda indiki konstitusiyanın qəbul olunduğu vaxtlardakı dünya deyil.

Baş nazirin sözlərinə görə ən mühüm məsələlərdən biri də xarici mühitdə daha təhlkükəsiz olmaqdır:

"Biz ordu və xarici münasibətlər dedikdə təhlükəsizlik komponentini nəzərdə tuturuq. Amma bura üçüncüsünü də əlavə etməliyik. Ordu və xarici münasibətlər dövlətin beynəlxalq aləmdə tanınmış ərazisində onun legitim maraqlarına xidmət etməlidir. Bu təhlükəsizliyin səviyyəsini qaldırmağa hesablanmış addımdır”.

Lakin keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının katibi Artsvik Minasyan Paşinyanın sülh müqaviləsinin bu bəndini niyə açıqlamasından təəcübləndiyini bildirib.

O əlavə edib ki, heç bir beynəlxalq müqavilə Ermənistan konstitusiyasına zidd ola bilməz.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG