Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:33

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də ölkəsinin 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsini tənqid edib. Azərbaycan məhz bu bəyannaməni Ermənistanla sülh sazişinin imzalanmasına əsas əngəl sayır.

"Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, dəhşətli bir qənaətə gəlmişəm ki, onun məzmunundan belə çıxır, Ermənistan Respublikası mövcud ola bilməz", – Paşinyan parlamentdə hökumətin gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib. Baş nazir detalları açıqlamayıb.

Paşinyan Azərbaycanın sülh sazişi ilə bağlı əsas şərtini rədd edib

Bundan bir gün öncə isə Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini rədd etmişdi. Rəsmi Bakının fikrincə, qonşu ölkənin əsas qanununda ona qarşı ərazi iddiaları yer alır.

Azərbaycan prezidenti İlham Əliyev sülh sazişinin imzalanması üçün bu dəyişikliyin edilməsini ön şərt adlandırıb.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsinə dair 1989-cu il aktına istinad var.

Paşinyan sözügedən istinadın hüquqi önəmini azaldaraq konstitusiya maddələrinin o istinad üzərində öncəliyə sahib olduğunu deyib. O, əksinə, Azərbaycan Konstitusiyasında ölkəsinə qarşı ərazi iddialarının olduğunu söyləyib.

+++

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında N.Paşinyanın dediklərinə cavab verib. O, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddiaların əsasının olmadığını yazıb. A.Hacızadənin sözlərinə görə, N.Paşinyan bununla "beynəlxalq ictimaiyyəti çaşdırır".

Azərbaycana qarşı bənzər tələblər qoyulsa…

Paşinyan deyib ki, Azərbaycana qarşı bənzər tələblər qoyulsa, bu iki ölkənin apardığı sülh prosesini dalana dirəyə bilər. Üstəlik, yekun sənədin razılaşdırılmış bölümündə tərəflərin sazişin tələblərini yerinə yetirməmək üçün daxili qanunvericiliyə dayana bilməyəcəkləri barədə bir bənd də var.

Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi mümkün sülh sazişini təsdiqləməsə, konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürə bilər.

Bir müddət öncə ölkəsinin yeni konstitusiyaya ehtiyac duyduğunu söyləyən Paşinyan bunun Azərbaycanın tələblərindən qaynaqlanmadığını deyib. Ancaq bunu da etiraf edib ki, konstitusiyada 1990-cı il bəyannaməsinə aid istinad saxlanılsa, Azərbaycanla sülh mümkün olmayacaq.

Paşinyan bu ilin mayında 2026-cı ilin sonunadək yeni konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verib. Layihənin 2027-ci ildə referendum yolu ilə səsverməyə çıxarılacağı deyilir.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildənsə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıb.

XS
SM
MD
LG