Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:07

7 körpənin öldüyü yanğın: ‘Əsas adamlar kənarda qalıblar’


Hadisə zamanı
Hadisə zamanı

Respublika Perinatal Mərkəzində bu il yanvarın 9-da 7 körpənin öldüyü yanğınla bağlı prokurorluğun apardığı istintaqdan təqsirləndirilən şəxslər də narazı qalıb, zərərçəkən tərəf də. Hər iki tərəf bunu oktyabrın 7-də sözügedən yanğınla bağlı məhkəmənin ilkin hazırlıq iclasında dilə gətirib.

Onların fikrincə, işin prokurorluğa geri qaytarılmasına, yenidən hərtərəfli, obyektiv istintaq aparılmasına ehtiyac var. Məhkəmədə də bu haqda vəsatət qaldırıblar.

“Əsas adamlar kənarda qalıblar. Bircə videogörüntüyə baxmaq yetər ki, bu işi məhkəmə geri qaytarsın”, - yanğında körpəsini itirmiş Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədov belə deyir.

Yanğına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə 3 nəfər çıxarılıb - Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri olmuş Hamlet Mustafayev və hadisə vaxtı Dəstək xidmətləri şöbəsinə rəhbərlik edən Elnur Əhmədli. Onların üçü də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsiylə ittiham olunur. M.Abasquliyevaya CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsiylə də ittiham verilib.

Bu 3 nəfərin heç biri həbsdə deyil, istintaq dövrü üçün barələrində ev dustaqlığı, polis nəzarətinə vermə kimi qətimkan tədbirləri seçilib.

“Atılan imzalar kimə aiddir, bizə məlum deyil”

M.Abasquliyevanın vəkillərinin üçü də istintaqda onun hüquqlarının pozulmasından narazılıq edib. Onlar cinayət işinin materiallarındakı sənədlərin bir çoxunun əslinin olmadığını, kserosurətlərdən yararlanmaqla adamlara ağır ittihamlar verildiyini deyirlər. Vəkillərin sözlərinə görə, müstəntiq M.Abasquliyevanın adından protokollara imzalar atıb:

“Mehriban Abasquliyeva yanvarda istintaqda dindirilib, bir də iyunda. Amma fevralda onun adından bir sıra sənədlər tərtib olunub”.

Digər təqsirləndirilən Elnur Əhmədlinin vəkili Fərid Həsənov da müvəkkilinin adından bir sıra sənədlərin imzalandığını vurğulayıb. Müdafiəçi həmin protokolların sübut sayılmaması haqda vəsatət qaldırıb: “Müvəkkilimin adından atılan imzalar kimə aiddir, bizə məlum deyil”.

Vəkilləri narazı salan daha bir məqam da yanğında yaşamını itirən körpələrin valideynindən əlavə, daha 4 nəfərin zərərçəkmiş qismində tanınmasıdır. Sözügedən 4 nəfərin hadisə vaxtı tüstüdən zərər gördüyü iddia edilir.

M.Abasquliyevanın vəkili Əlövsət Abbasov onların zərərçəkmiş statusuna xitam verilməsi barədə vəsatət qaldırıb. Zərərçəkmiş tərəfin nümayəndəsi Adəm Məmmədov da bunu dəstəkləyib:

“Hadisə vaxtı evində olan şəxslər məsuliyyətə cəlb edilib, amma iş başında olan, baş verənlərə görə məsuliyyət daşıyan, adi telefon zəngi eləməyən adamlar zərərçəkmiş kimi tanınıblar”.

Onlardan biri – həkim Gülbahar Zülfüqarova deyir ki, heç zərərçəkmiş kimi tanınmaq istəmir. Hadisədən sonra da oradan çıxıb, bir daha gəlməyib.

Heç bir vəsatət təmin edilməyib

Etirazlara baxmayaraq, məhkəmə işi istintaqa qaytarmaqdan imtina edib. Bütövlükdə isə məhkəmədə qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı oktyabrın 21-nə təyin edilib. Elə həmin gün prokuror ittiham aktını açıqlayacaq və ardınca da dindirmələr başlanacaq.

Fiziki şəxslərlə yanaşı, Perinatal Mərkəzin özü də zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında hadisə nəticəsində Mərkəzə 361 min manat ziyan dəydiyi iddia edilir.

Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulsa da, onların heç biri özünü təqsirli bilmir və yaşanan olaya görə günahkar olmadıqlarını deyir.

XS
SM
MD
LG