Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

“Rusiya olmasaydı, İranda milli hərəkat olmazdı”


Seyid Cəfər Pişəvəri (1893 - 1947)
Seyid Cəfər Pişəvəri (1893 - 1947)

►“Məşrutənin paytaxtı Bakı idi”

“Pişəvəri Rusiyanın adamı deyildi”

“Rusiyanın təsir gücü olmasaydı, nə Məşrutə hərəkatı olardı, nə də 21 Azər”.

Bu cür düşünənlər nə dərəcədə haqlıdırlar?

"Bütöv Azərbaycan Hərəkatı"nın sədri Yasəmən Qaraqoyunlu da, araşdırmaçı Güntay Gəncalp da bu deyilənlərə qismən də olsa, haqq qazandırırlar. Onların fikrincə, Rusiyanın bu hərəkatlara dəstəyi də, təsiri də az olmayıb. Ancaq onların qan içində boğulması üçün də əlindən gələni edib.

“BƏLKƏ DƏ BU MİLLİ HƏRƏKATLAR...”

Yasəmən Qaraqoyunlu deyir ki, XIX əsrdə İngiltərə və Rusiya İranı nüfuz dairələrinə böldülər:

“İngiltərə İranın cənubuna nəzarət edirdi. Bəsrə körfəziylə həm Ərəbistan yarımadasına nəzarət etmək olardı, həm də Hind Okeanına çıxmaq mümkün idi. İngiltərənin nəzarətindəki bu bölgədə əsasən ərəblər və farslar yaşayırdı. Rusiya isə İranın şimalına, Cənubi Azərbaycana nəzarət edirdi. O zamandan, yəni 1828-ci ildən SSRİ dağılana qədər bu bölgədə nə baş verdisə, həm İngiltərənin, həm də Rusiyanın təsiri altında oldu. Bəzən maraqları toqquşsa da, daha çox üst-üstə düşdü. Ona görə mən də hesab edirəm ki, Rusiyanın Cənubi Azərbaycandakı hərəkatların hamısına təsiri, bu hərəkatlarda əli olub. Məsələn, Məşrutə hərəkatının yatırılmasında Rusiya birbaşa iştirak edib. Şeyx Xiyabani o zaman Mahaçqalada Rusiya solçuları ilə görüşmüşdü. O, solçu idi və ona mübarizəsində hətta Qızıl Ordu əsgərləri də kömək edirdi. Xiyabani ideyaları Rusiya mərkəzliydi, Qafqazdan gedən sol ideyalarla şəkillənmişdi. Eyni zamanda, Pişəvəri hərəkatında da Rusiyanın çox böyük rolu var. Amma bu, heç də o demək deyil ki, Cənubi Azərbaycandakı hərəkatlar ancaq xaricdən qaynaqlanırdı. Milli hərəkat varıydı. Həmişə mərkəzi yönətimə qarşı milli hərəkat olub. Amma bu hərəkatların uğursuzluqla nəticələnməsində həmişə Rusiyanın da rolu olub. Rusiyanın təsiri olmasaydı, bəlkə də Azərbaycan milli hərəkatları doğru istiqamətlərdə gedərdi”.

Iran -- Seyid Cəfər Pişəvərinin rəhbərliyində Azərbaycan Xalq Hökuməti (Noyabr, 1945 – Noyabr, 1946)
Iran -- Seyid Cəfər Pişəvərinin rəhbərliyində Azərbaycan Xalq Hökuməti (Noyabr, 1945 – Noyabr, 1946)

- Yəni siz bu hərəkatları Rusiyanın planı hesab etmirsiz? Sadəcə təsirləndiyini deyirsiz?..

- Yox. Məşrutə hərəkatı bütövlükdə Qacar imperatorluğunun gücləndirilməsi və yenilənməsiydi. Bu hərəkat İngiltərə və Rusiyaya qarşıydı. Məşrutə zamanında Məmməd Əmin Rəsulzadə İranda qəzet çıxarırdı. Rəsulzadə və Seyid Həsən Tağızadənin başçılığıyla vahid İran konsepsiyası dəstəklənirdi.

Bəs vahid İran konsepsiyası nə demək idi? Bu, Qacar imperatorluğunun ingilislər və ruslar arasında bölünməsinə etiraz idi. Vahid İran o dövrdə dəstəklənirdi. Bu ideyanı da dəstəkləyənlər azərbaycanlılar - türkləriydi. Amma sonradan durum dəyişdi. İngilislər yeni bir fars kimliyi oluşdurdular. Farslara “tacik” deyirdilər, bu ölkədə bir-birinin dillərini anlamayacaq qədər çox sayda irandilli qruplar var idi. İngilislər bu irandilli qrupları fars kimliyi altında mərkəzləşdirib fars milləti yaratdılar. Həmin Məşrutə dönəmində ingilislərin birbaşa iştirakıyla fars milləti inşa edildi. Ümumilikdə, İran türklüyü də vahid İran uğrunda çalışırdı. Amma ingilislərin İranı fars mərkəzli İran idi. Azərbaycan milli hərəkatının basdırılmasında Rusiya iştirak etsə də, farsların hakimiyyətə gərtirilməsində İngiltərə birbaşa iştirak edib. İngiltərə İranın simasını dəyişdi, türk İranını fars İranına çevirdi.

- İngiltərə üçün İranda farsın və ya türkün hakimiyyətdə olmasının nə önəmi vardı?

- O dönəmdə bütün Yaxın və Orta Doğu xalqları iki imperatorluqda birləşmişdilər. Farslar və türklərin birləşdiyi imperatorluq Qacar imperatorluğu idi, ondan əvvəlsə Səfəvi. Ərəblərlə Anadolu türklərisə Osmanlı imperiyasında birləşmişdilər. İngilislər kürəsəl imperializm siyasətinə başlamaq üçün hökmən bu iki imperatorluğu devirməliydi. Bütün Avropa siyasəti türklərə qarşı idi. Farsları hakimiyyətə gətirməklə Orta Doğuda müttəfiq qazandılar.

Buna da bax: Cərimələri də ASAN xidmətdə ödəmək olar

“XUZİSTANDAN DAHA YAXIN BAKI”

Güntay Gəncalp
Güntay Gəncalp

İndi də araşdırmaçı Güntay Gəncalpın fikirlərini təqdim edirik:

“Keçən əsrdə İran və konkret olaraq Güney Azərbaycan iki tarixi mərhələdə rus inteligensiyasının təsiri altında qalıb: Çar dönəmi və sovet dönəmi.

Bu üzdən də hərəkatı boğmaq üçün Çar Rusiyası Qacar dövlətinin yanında yer aldı. Çünki Təbriz Məşrutə hərəkatı rus inqilabından təsirlənsə də, eyni zamanda rus inqilabçıları üçün ilham qaynağına çevrilirdi.

Bunun əsas səbəbi də İran sosial və elit mühitinin Rusiyanın və rus müstəmləkəsi olan Qafqazın dolayısıyla Qərb dəyərləri ilə tanış olması idi. Osmanlı elitası birbaşa Fransa vasitəsiylə avropalaşmağı önə çıxarırdısa, İran Rusiya vasitəsiylə müasir dəyərlərlə üz-üzə gəlirdi.

Qacar dövləti və ölkəsinin xüsusən enerji qaynaqları baxımından Bakıdan asılı olması da bu prosesdə çox önəmli rol oynayırdı. İranın Xuzistan bölgəsindən neft çıxarılsa da, paytaxt və Təbriz kimi böyük şəhərlərlə Xuzistan arasında o zamanın texniki imkanlarına görə aşılması çox çətin olan uca dağlar və keçilməz yollar var idi. Bu üzdən Bakıdan İrana qatır, dəvə, at və eşşəklərlə neft daşınırdı. Yüzminlərcə iranlı işçi bu üzdən Bakıda neft quyularında çalışmaqdaydı. Bakı vasitəsiylə rus sosial həyatındakı hadisələrlə İran xalqları tanış olurdular. Xüsusən eyni dildə danışan, Arazın hər iki tərəfindəki xalq daha tez təsir dairəsinə girirdi. Bu proses bolşevik inqilabına qədər davam etdi”.

Buna da bax: "Balalarım kərtənkələlərlə bir yerdə böyüyür"

“MƏŞRUTƏNİN PAYTAXTI BAKI İDİ”

Güntay Gəncalp daha sonra deyir:

“1905-ci ildə Rusiyanın Yaponiya qarşısında yenilməsi ilə bir sosial inqilab da gerçəkləşdi. Çar despotizminə qarşı qələbə əldə edən bu inqilabın təsiri qısa müddət sonra Təbrizdə hiss edildi. Səttar Xan rəhbərliyindəki Təbriz Məşrutə hərəkatı də Qacar dövlətinin despotizminə qarşı idi. Məşrutə hərəkatının ideoloji mərkəzi əslində Bakı idi.

Əli Müsyö kimi hərəkatın ideoloqları Qafqazda yetişmiş və Qafqaz inqilabçıları ilə sıx əlaqədə idilər. Bu üzdən də hərəkatı boğmaq üçün Çar Rusiyası Qacar dövlətinin yanında yer aldı. Çünki Təbriz Məşrutə hərəkatı rus inqilabından təsirlənsə də, eyni zamanda rus inqilabçıları üçün ilham qaynağına çevrilirdi. Bolşevik inqilabının lideri V. İ. Leninin o zaman Səttar Xanı rusların məşhur üsyançısı Puqaçova bənzətməsi də təsadüfi deyildi.

1917-ci il rus sosialist inqilabından sonra Rusiyanın İran sosial həyatına olan təsiri qısa sürədə daha geniş ölçüdə ortaya çıxdı. Şeyx Məhəmməd Xiyabani sovet sosialist inqilabının dəstəkləyicisi idi. Həm özü Qafqazda olmuş, həm sosialist inqilabının məramlarını qəbul edirdi.

Bu üzdən də 1917-ci ildə Təbriz Demokrat Firqəsi Xiyabanini rəhbər olaraq seçdikdən sonra Sovet Rusiyası ilə hərtərəfli münasibətlər qurmaq üçün ona tam səlahiyyət vermişdi.

Ayrıca, Mirzə Küçük Xan rəhbərliyində Gilanda başlayan “Cəngəl” hərəkatı da birbaşa sovetlərin təsiri ilə meydana çıxmışdı. Heydər Əmoğlu və Pişəvəri kimi Qafqazda yetişmiş kommunist inqilabçılar Mirzə Küçük Xan liderliyində qurulan Cəngəl hökumətində Nazirlər Kabinetində yer almışdılar. Ayrıca, İran Kommunist partiyası da ilk dəfə olaraq Bakıdakı iranlı inqilabçılar tərəfindən qurulmuşdu”.

Buna da bax: "O boyda yol gəliblər, təklif etdikləri işə bax"

“TƏSİRLƏNMƏNİN ZİRVƏSİ”

Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı qəbirüstü abidəsi
Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı qəbirüstü abidəsi

Güntay Gəncalpa görə, sovetlər zamanında İran Azərbaycanında Rusiyadan təsirlənmənin zirvəsi Pişəvəri hərəkatı timsalında ortaya çıxdı:

“İkinci Dünya Savaşı davam edərkən İran iki superdövlət tərəfindən işğal edildi. İngiltərə Qərb tərəfindən, Sovet Rusiyası da Quzeydən İranı işğal etdilər. Bu işğalın davamında sovetlərin dəstəyi ilə Təbrizdə Pişəvəri rəhbərliyində “Azərbaycan Milli Hökuməti” quruldu. Savaş bitdikdən və müttəfiqlər İranı tərk etdikdən sonra bu milli hökümət məğlub oldu və onun qurucuları və tərəfdarlarının çoxu Sovet Azərbaycanına yerləşdilər”.

“PİŞƏVƏRİ RUSİYANIN ADAMI DEYİLDİ”

Yasəmən Qaraqoyunlu isə 21 Azər hərəkatı haqqında bunları deyir:

“Rza xan 1925-ci ildə hakimiyyətə gələndən sonra antitürk siyasəti yürütməyə başladı. Türk dili qadağan olundu, türk millətinə qarşı irqçilik siyasəti yeridildi, əski Sasani ənənələri bərpa edildi, İranın siması dəyişdi. Təbii ki, türklər buna qarşı dirənəcəkdilər, mübarizə aparacaqdılar. Bu fürsət də İkinci Dünya müharibəsi ərəfəsində ələ keçdi. O dönəmdə başqa yol yox idi. Bütün Orta Doğu xalqları ya Avropanın, Amerikanın müttəfiqi olmalıydılar, ya da Rusiyanın. Quzey Azərbaycanda amerikapərəst bir hərəkat şəkillənə bilməzdi. Çünki Pişəvəri hərəkatından öncə, hələ Məşrutədən etibarən Güney Azərbaycan Rusiyanın nəzarətindəydi, ordakı hərəkatlara Rusiya təsir edirdi. Belə də oldu. Mən deyə bilmərəm Pişəvəri Rusiyanın adamı idi, bu hərəkatı Rusiya yaratmışdı, xeyr! Bu, fars müstəmləkəçiliyinə qarşı türklərin mübarizəsi idi. Sadəcə, Rusiyadan, solçu ideologiyasından istifadə etməklə mübarizə aparılırdı. Amma bu, milli hərəkat idi. Pişəvərinin muxtariyyət uğrunda mübarizəsində də, bunu qazandıqdan sonra gördüyü işlərdə də bunu görürük: Azərbaycan dili bərpa edildi, Azərbaycan Universiteti yaradıldı. Türkləşmə gedirdi, düzdür, Pişəvəri türk adını çəkə bilmirdi, Azərbaycan sözünü işlədirdi. Həmin muxtariyyət qalsaydı, bu gün çox irəlidə olardıq, bir sıra məsələlər həll edilərdi. Ancaq Rusiya onu devirdi. İranla neft anlaşmasına görə geri çəkildi. Geri çəkilməsə də hərəkat boğulacaqdı. O dövrdə bu hərəkatı ABŞ, İngiltərə dəstəkləmirdi çünki. Bəs bu hərəkat kimə söykənəydi? Bizdə yanlış bir düşüncə var: “Milli hərəkat xarici gücə söykənməməlidir”. Tamam yanlışdır. Xarici gücə söykənməyən bütün milli hərəkatlar məğlub olur. Pişəvərinin də Quzey Azərbaycana və Rusiyaya söykənməkdən başqa yolu yox idi. Yazıqlar olsun ki, Rusiya onu güdaza verdi və beləliklə, hərəkat boğuldu”.

Güntay Gəncalp söhbətə belə son qoyur:

“Keçən əsr İran sosial və siyasi həyatını incələrkən Rusiya təsiri göz önündə bulundurulmazsa, bu tarixi prosesi anlamaq mümkün olmaz”.

XS
SM
MD
LG