Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Prezidentin islahat söhbətinin arxasında nə durur?


Mehman Əliyev: “Hökumət islahat deyəndə birinci növbədə…”

“2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”, - prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial problemlərlə bağlı müşavirədə deyib.

İslahatların dərinləşdirilməsi deyəndə İlham Əliyev nəyi nəzərdə tutur? AzadlıqRadiosu bu suallarla siyasi və iqtisadi şərhçilərə üz tutub. Təhlilçilərin çoxu yaxın zamanda siyasi islahat gözləmədiklərini bildirsələr də, cəmiyyətdən gələn təzyiq nəticəsində hakimiyyətin bəzi addımlar atacağını istisna etmirlər.

“Vətəndaş cəmiyyəti ilə müəyyən dialoqa gedilə bilər”

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev dövlət başçısının “islahatların dərinləşdirilməsi” söyləyərkən nəyi nəzərdə tutduğunu deyə bilmir. Ancaq o, hakimiyyətin siyasi islahatlara və ya hüquq-mühafizə qurumlarında, məhkəmə qurumlarında islahatlara start verəcəyini də güman etmir. Mehman Əliyevin qənaətincə, hakimiyyət islahata getməyə qorxur:

“Bu, daha böyük aktivliyə gətirə bilər. Bundan başqa, məhkəmə təzyiq alətidir. Məhkəmə hakimiyyətdən asılı olmasa, müstəqil fəaliyyət göstərərsə, o zaman siyasi məhbus problemi, qondarma işlər olmayacaq. Bu mənada hakimiyyətin yaxın zamanda dəyişikliyə gedəcəyini düşünmürəm. Amma vətəndaş cəmiyyəti ilə müəyyən dialoq ola bilər, KİV-lərlə bağlı addım atıla bilər, partiyalarla danışıqlara gedilə bilər”.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyevin qənaətincə, hökumət diqqəti sosial problemlərə yönəldəcək: “İslahat deyəndə hökumət birinci növbədə sosial və iqtisadi problemlərin həllinə çalışacaq. Bu gün hakimiyyətin əsas məqsədi sosial gərginliyi azaltmaq, imkan daxilində sosial rifahı yaxşılaşdırmaqdır. Sosial vəziyyət pis olanda bu etirazlara, siyasi fəallığa gətirib çıxarır”.

O, hakimiyyətin ictimai əhval-ruhiyyəni diqqətlə izlədiyini, “insanların yaşayış səviyyəsi düşdüyündən” son zamanlar Azərbaycan cəmiyyətində etirazların yetərincə artdığını qeyd edir.

“2015-ci ildən sonra vədlər verilirdi ki, hər şey yaxşı olacaq, düzələcək. Bu gözləntilər özünü doğrultmadı və ona görə narazılıqlar artmağa başladı. Bütün bunlar hamısı cəmiyyətin aktivləşməsinə gətirdi. Hakimiyyət də bunu başa düşür və ona görə də daha operativ addımlar atmağa başlayıb”, – Mehman Əliyev bildirir.

“Baş verən ixtisardır, islahat deyil”

REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli hakimiyyətin islahat dedikdə nəyi nəzərdə tutduğunu söyləməkdə çətinlik çəkir.

O, hakimiyyətin indilik struktur islahatları apardığını, idarəetmə islahatlarına başlamadığını qeyd edir. İqtisadçı hələlik, ixtisarların getdiyini, qurumların birləşdirildiyini, publik hüquqi şəxslərin yaradıldığını söyləyir:

“Ənənəvi strukturların islaholunmaz vəziyyətdə olduğunu nəzərə alıb ona paralel, çevik strukturlar yaradılır. Hələlik, bu yöndə addımlar atılır. Bu da dövlət aparatının kiçildilməsi, çevikləşməsi üçün ilkin addımlardır. Bu addımların da ümumi xətti, fəlsəfəsi görünmür. Yəni qanunvericilik baxımından təsbiti, icra qurumlarında köklü islahatlar, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarında islahatlar paralel aparılmalı idi. Bunu görmürük. Baş verən ixtisardır, islahat deyil. Son məqsəd nədir, o da bəlli deyil”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli hakimiyyətin son məqsədi “idarəetmənin, insanların rifah halının yaxşılaşdırılması” kimi ümumi sözlərlə ifadə etdiyini deyir. Amma bunun necə və hansı zaman kəsimində baş verəcəyi haqda aydın danışılmadığını da vurğulayır.

Gecikmiş qərar, yoxsa..?

O ki qaldı prezidentin maaşların və təqaüdlərin artırılması haqda vədlərinə, Natiq Cəfərli deyir ki, bu, gecikdirilmiş qərardır, çünki manatın devalvasiyasından sonra ölkədə minimum əməkhaqqı da, təqaüd də MDB məkanında ən pis göstəricilərə malik idi. O, manatın 2 dəfədən çox dəyərdən düşdüyü halda son 3 ildə maaş və təqaüdlərin təxminən 20 faizə yaxın artırıldığını, Azərbaycanın beynəlxalq reytinqlərdə gerilədiyini bildirir. Bu səbəbdən də devalvasiyadan dəyən ziyanın düzəldilməsi yönündə gec də olsa addım atıldığını düşünür.

Mehman Əliyevin sözlərinə görə, indiki durumda hakimiyyətin problemli kreditləri bağışlaması, təqaüd və maaşların artırılması çıxış yolu deyil.

“Hakimiyyətin bu gün maaşları və ya pensiyaları iki dəfə artırmağa imkanı yoxdur. Bazarı tənzimləmək, normal münasibət yaratmaq yönündə ciddi işlər görməlidir. Amma mən bilmirəm hakimiyyət buna nə qədər hazırdır. Burda hər şey cəmiyyətin mövqeyindən asılı olacaq. O tələb edəcəksə bu dəyişikliklər baş verəcək”, – MehmanƏliyev söyləyir.

Siyasi şərhçi Şahin Hacıyev baş verənləri belə dəyərləndirir: “Siyasi rəhbərlik artıq konkret problemlərin olmasını qəbul edir”.

O da islahatlarla bağlı mövzunun arxasında sosial gərginliyin artmasının dayandığını, müxalif qüvvələrin keçirdiyi mitinqlərdə siyasi tələblərlə yanaşı sosial tələblərin gündəmə gətirilməsinin təsirinin olduğunun düşünür.

Siyasi şərhçinin fikrincə, indiyə kimi bu, nadir hallarda olurdu. Ancaq Şahin Hacıyev də digər təhlilçilər kimi hakimiyyətin bu problemlərin həllində nə qədər ardıcıl olacağını bəri başdan deyə bilmir.

XS
SM
MD
LG