Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Afrika, ya ölüm? Priqojin Belarusda çox qala bilməz


(soldan sağa) Vladimir Putin, Sergey Şoyqu, Alyaksandr Lukaşenka, Yevgeni Priqojin
(soldan sağa) Vladimir Putin, Sergey Şoyqu, Alyaksandr Lukaşenka, Yevgeni Priqojin

Sağ qalmaq. Həbsə girməmək. Yaxud hər ikisi. Rusiyanın “Vaqner” özəl hərbi qruplaşmasının lideri, 62-yaşlı Yevgeni Priqojin hazırda belə bir çətin seçim qarşısında qalıb.

İyunun 24-də qaldırdığı qiyamı bir gün sonra dayandıran Priqojinin Belarusa getməsilə bağlı razılaşma əldə olunub. Belarus lideri Alyaksandr Lukaşenka onun ölkəsində olduğunu desə də, bunu rəsmi təsdiqləmək mümkün olmayıb.

Rusiya Prezidenti Vladimir Putin “xəyanət”i bağışlamayacağını deyib.

“Putin bir qayda olaraq, xəyanətkarların aradan asanlıqla çıxmasına imkan vermir. Ona görə də Priqjonin günlərinin sayıldığını deyərdim”, – 2000-ci illərin ortalarında Ağ evin Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə direktor olmuş Tomas Qraham (Thomas Graham) AzadlıqRadiosunun müxbiri Tod Prinsə (Todd Prince) deyir.

“Priqojinin yerinə olsaydım, həmişə çiynim üzərindən baxardım. Belarus ən təhlükəsiz yer deyil”, – o söyləyib.

FSB-nin qurbanları

Putinin rəhbərliyi altında Rusiyanın xüsusi xidmətləri Qərb daxil olmaqla xarici ölkələrin ərazisində “xəyanətkarlara” qarşı sui-qəsd cəhdləri həyata keçirib. Qurbanlar sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş zabiti Aleksandr Litvinenko, keçmiş agent Sergey Skripal da var. Litvinenko Londonda radiokativ izotopdan zəhərlənərək ölüb, Skripal isə ölümdən dönüb.

Rusiyanın müttəfiqi Belarusa rusiyalı agentliklərin soxulması isə daha asan olar. Ancaq indilik, Kremlin, yaxud Rusiya kəşfiyyat agentliklərinin niyyətləri aydın deyil. FSB Priqojin və Vaqner üzvlərinə “silahlı qiyam” ittihamlarını ləğv etdiyini açıqlayıb.

Bəzi ekspertlər bunu Putin üçün zəiflik əlaməti sayırlar. Ancaq Putinin tərəfdarları deyirlər ki, Vaqner qiyamının əzilməsi Rusiya və ictimai dəstəyi azalan prezident üçün daha da pis olardı.

“Belarusa getmək, Vaqner-ə nəzarəti əldən vermək Priqjonin etmək istədiyi ən axırıncı şeydir. Bu məsələnin necə bitəcəyindən əmin deyiləm”, – Rusiya üzrə ekspert, Vaşinqtonda yerləşən “Silverado Policy Accelerator” təhlil mərkəzinin sədri Dmitri Alperoviç iyunun 26-da bir podkastda deyib.

“Onun ilin sonuna çıxmayacağı dəqiqdir”

Priqojinin Belarusda olması təsdiqlənsə belə, daha böyük sual onun orada qalacağı, yaxud başqa bir ölkəyə köçüb-köçməyəcəyidir. Məsələn, şirkətləri və əsgərlərinin illər boyu biznes əməliyyatları apardığı Afrika ölkələrindən birinə.

Rusiyalı siyasi şərhçi və keçmiş jurnalist Olqa Romanova Priqojinin təhlükəsizlik səbəblərindən Belarusda qalacağına şübhə edir.

“Məncə, o, sakitcə Belarusdan çıxacaq, qəfildən Afrikada bir yerdə peyda olacaq, əgər olsa. Priqojinin çox yaşayacağını düşünmürəm. Onun ilin sonuna çıxmayacağı dəqiqdir”, – o, “Current Time”a deyib.

Ancaq Priqojinin Afrikaya necə gedib çıxacağı da bir başda sualdır. Birləşmiş Ştatlar onun özəl hərbi qruplaşmasını, ona bağlı bir sıra şirkətləri “Afrika ölkələrində qarışıqlıq, sabitsizlik yaratdığına” görə sanksiya siyahısına salıb. Bu isə Priqjonin hətta şəxsi təyyarəsi ilə Afrikaya getməsini əngəlləyir.

Priqojin dəstəyə bel bağlamasaydı...

AzadlıqRadiosunun müxbiri Robert Koalson isə yazır ki, ekspertlər Vaqner qiyamının nəticələrinin hələ indi başladığını deyirlər. Baxmayaraq ki, Prezident Vladimir Putin və administrasiyası etimad və sabitlik havası yaratmağa çalışırlar.

Təhlilçilərin fikrincə, Priqjonin əsas hərbi və kəşfiyyat rəsmilərinin aktiv dəstəyinə ümidi olmasaydı, qiyama başlamazdı. Həmin məmurların da Müdafiə naziri Sergey Şoyqu, Baş qərargah rəisi Valeri Gerasimova münasibətinin yaxşı olmadığı deyilir. Vaqner üzvlərinin Ukrayna sərhədinə yaxın Roistov-na-Don şəhərini asanlıqla tutması, Moskvaya doğru maneəsiz yürüşə başlaması da mümkün dəstəyin əlamətləri sayılır.

Priqojin əvvəllər general-polkovnik Mixail Mizintsevin Şoyqunun yerinə təyin olunmasına çağırıb. Mizintsev “Mariupol qəssabı” kimi tanınıb, 2022-ci ilin əvvəlində Azov şəhəri limanını mühasirəyə alıb, sona şəhər Rusiya qüvvələrinin nəzarətinə keçib.

Priqojinin digər təklifi Gerasimovu General Sergey Surovikinlə əvəzləmək idi. Sonuncu yanvaradək Rusiyanın Ukraynadakı əməliyyatlarına komandirlik edib.

“The New York Times” iyunun 28-də anonim ABŞ rəsmilərinə istinadla yazıb ki, Surovikinin Priqojinin planlarından “qabaqcadan xəbəri olub”. Kremlin sözçüsü Dmitri Peskov deyilənləri qiyam haqda daha bir “spekulyasiya” adlandırıb.

“Sədaqət sınağı”

Müharibəyə fokuslanan “Rybar” Telegram kanalı qiyamın Müdafiə Nazirliyində “sədaqət sınağı”na çevrildiyini yazıb. Nazirliyin keçmiş rəsmisinə bağlı bu kanal artıq bəzi zabitlərin guya təchizat və səfərbərlikdə nöqsanlara görə vəzifələrindən kənarlaşdırıldığını xəbər verir.

Kanal iddia edib ki, hava qüvvələrinin komandiri General Mixail Teplinski Ukraynadakı əməliyyatlara faktiki başçılıq edir, ancaq Gerasimov rəsmən vəzifədə qalır.

Rusiyalı keçmiş jurnalist, hazırda Karnegi Fondunun təhlilçisi Andrey Kolesnikov Putin və administrasiyasının birlik, etimad və sabitlik təsəvvürü yaratmağa çalışmasının əks-effekti olduğunu deyir. Onun sözlərinə görə, Putin bununla “Priqojinin onu gerçəkdən qorxutduğunu göstərmiş oldu”.

Təhlilçilərin fikrincə, belə şəraitdə Şoyqu və Gerasimovun şəxsi sədaqəti həlledici faktora çevrilə bilər.

“Məncə, Priqojin həqiqətən də Putinin onun xeyrinə qərar verəcəyini, Şoyqu və Gerasimovla bağlı nəsə edəcəyini gözləyirdi. Əvəzində isə onun qiyamı bu şəxslərin vəzifədə qalma müddətini uzada bilər, baxmayaraq ki, Rusiya silahlı qüvvələrində səriştəsiz adı çıxarıblar, onları sevmirlər”, – Rusiya ordusunun veteran müşahidəçisi Maykl Kofman (Michael Kofman) Twitter-də yazıb.

XS
SM
MD
LG