Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)


Arxiv fotosu
Arxiv fotosu

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın pulyuyan maşını adlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.

Buna da bax: "Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənəv məsələyə münasibət bildirib"

2, 5 milyard avronun (2, 9 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.

Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.

Bu araşdırama ölkənin kleptokrat hakim zümrəsinin milyardlarla dollar pulu necə hərəkət etdirdiyini göstərir.

Başqa şeylərlə yanaşı bu puldan həqiqətin susdurulmnası üçün də istifadə edilib. Sözü gedən zaman kəsiyində 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara atılıb.

Bu da bəlli olub ki, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb.

Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər.

13 min pul tranşını əks etdirən sənədlərdən məlum olur ki, Azərbaycanın pulyuyan maşının özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.

Məlum fərdlər, naməlum şirkətlər…

Bundan başqa məlum olub ki, Avropanın iri maliyyə təsisatlarından Danske Bank həyəcan siqnalı verməli olduğu halda pul köçürmələrinə göz yumub.

Bu bankın Estoniya filialı sözü gedən Azərbaycan paltaryuyan maşının dörd şirkətinə əməliyyat xidməti göstərərək milyardların onun hesablarından keçməsinə şərait yaradıb.

Əsas pul köçürmələri yenə də Britaniyada qeydiyyatdan keçmiş balıqqulağı şirkətlərinə edilib, Bundan başqa böyük məbləğlərdə pullar Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə köçürülüb.

Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir.

Təhqiqatın hesabatında iddia edilir ki, pulları almalı olan şəxslərin arasında hökumət postları tutan tanınmış azərbaycanlılar da var. Bunlardan biri də Azərbaycan baş nazirinin birinci müabvini, ölkənin ən qüdrətli siyasətçilərindən biri olan Yaqub Eyyubovdur.

Araşdırma nəticələrində habelə Azərbaycanda korrupsiya ilə mübarizə etməli olan Əli Nağıyevin də adı çəkilir. “Məlum olur ki, o və ailəsi də pulların yuyulması sistemindən istifadə ediblər” – deyilir araşdırmada.

Daha 130 milyon dolların böyük əczaçılıq şirkəti olan AvroMed-ə getdiyi bildirilir. Bu şirkətin həmtəsisçisi Azərbaycan parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan millət vəkili Cavanşir Feyziyevdir.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Bəs bu pullar hardan gəlir?

Danimarkanın Berlinske qəzetinə sızan bank sənədləri Azərbaycanın hakim elitasının bunda əli olmasına əsas verir.

Bəzi pullar birbaşa Azərbaycan hökumətindən gəlib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi 9 milyon dollar köçürüblər.

29 milyon dolları Rusiyanın silah şirkəti Rosoboronoeksport göndərib.

Pulun yarısı siə Beynəlxalq Bankda müəmmalı şirkətin hesabından gəlib. Baktelekom MMC -nin adı mobil telefon nəhəngi Baktelecomun adına oxşayır. Ancaq eyni şirkət deyil. Həmin bu Baktelekom şirkəti 1 milyard 400 milyon dollar köçürüb. 2-ci və 3-cü yerlərdə 2 ofşor şirkət -Faberlex LP və Jetfield Networks Ltd -dir. Bu şirkətlərin Azərbaycanın hakim rejimi ilə birbaşa əlaqələri var. Bu şirkətlərin həmçinin italiyalı deputata rüşvət verilməsi ilə bağlı işdə də adları çəkilir. Bu barədə az sonra.

Hesabatda deyilir ki, real şirkətlər də pul köçürüb. Bunların çoxu Azərbaycanda böyük layihələrin iştirakçısıdır. Pano ASC tikinti şirkətidir və Azərbaycan hökuməti və Heydər Əliyev fondu ilə birlikdə iş görür. Pano 3,2 milyon dollar köçürüb. Ancaq hesabatda o da vurğulanır ki, bu şirkətlər verdikləri pulun pulyuma maşınına getdiyini bilə də bilərdilər, bilməyə də.

Gələn pulların qalan yarısı əsasən Britaniyada proksi direktorlar və səhmdarlartərəfindən yaradılan ofşor şirkətlərdən gəlib.Bu şirkətlər yüz milyonlarla dollar veriblər. Ancaq onların bəziləri pul da çıxarıb.

Bu şirkətlərin həqiqi sahiblərinin kimliyi naməlumdur. Azərbaycanın pulyuyan maşınına pul qoyan və ya götürən şirkətlərin 33-ü Rusiyanın pulyuyan maşını haqda OCCRP-nin hesabatında da yer alıb. Həmin hesabata görə, Rusiyanın 20 milyard dolları Rusiya, Moldova, Latviya ərazilərində kütləvi əməliyyatlarla ofşora köçürülüb.

BAKTELEKOM BU PULU QAZANMAYIB

Azərbaycanın pulyuyan maşını haqda hesabatda isə deyilir ki, Baktelekomun köçürdüyü pulları hardan aldığı məlum deyil. Bunlar hökumətdən, Mərkəzi Bankdan və ya Beynəlxalq Bankdan alınan borclardır? – bilinmir.

O aydındır ki,şirkət bu pulu qazanmayıb.

Baktelekomun Azərbaycanın hakim elitasına bağlı olmasını deməyə əsaslar var. Şirkəti Rasim Əsədov yaradıb. O, Azərbaycanın müstəqillik dövründə ilk Daxili İşlər nazirinin oğludur. OCCRP bundan əvvəlki hesabatlarda onun rejimlə əlaqələrini sənədləşdirib.

Onun biznes tərəfdaşı birinci ledi Mehriban Əliyevanın yaxın qohumudur. Onun qardaşı Səbail rayonunun prokurorudur.

Burda deyilənlərlə bağlı OCCRP Əsədovla əlaqə yaratmaq istəyib, ancaq buna nail olmayıb.

CAHANGİR HACIYEVİN XƏBƏRİ OLMAYIB?

Hazırda 13 illik həbs cəzasını çəkən Beynəlxalq Bankın keşmiş rəhbəri Cahangir Hacıyev vəkili vasitəsilə OCCRP-yə deyib ki, onun Əsədovun və ya Baktelekomun pul köçürməsi haqda məlumatı olmayıb.

Ancaq Baktelekomun Beynəlxalq Bankdakı hesablarından tez-tez və çoxlu pul köçürmələrini nəzərə alanda buna inanmaq çətindir.

Şirkət 2013 və 2014-cü illərdə Pulyuyan Maşına 530 dəfə pul köçürüb. Hər gün pul köçürülürmüş , bəzən elə gün olub ki, 3 dəfə pul köçürülüb. Bir dəfəyə ən az pul köçürmə 138 min dollar olub. Ən böyük köçürmə isə 6 milyon dollar idi. Ümumilikdə 1,4 milyard dollar köçürülüb.

ADİ SÜRÜCÜ

İkinci ən çox pul köçürən Faberlex LP-dir. Bu Britaniya şirkəti 169 milyon dollar göndərib. Azərbaycan lehinə lobbiçilik edən italiyalı deputat Luca Volontenin işini araşdıran italiyalı prokurorların aşkar etdiyi faktlara görə, Faberlex-in sahibi 51 yaşlı Azərbaycan vətəndaşı Məhərrəm Əhmədovdur. Azərbaycanın Pulyuyan Maşının əsasında duran daha iki şirkət də onun adınadır. Bunlar Hilux Services və Polux Management LP-dir.

HILUX SERVİCES LP/OCCRP-1
HILUX SERVİCES LP/OCCRP-1

Bütün isə problem ondadır ki. bu şirkətlərin sahibi Məhərrəm Əhmədov milyarder və ya milyonçu deyil. O maliyyəçi və iş adamı da deyil. O, Bakıda sıravi sürücüdür. O, Bakı yaxınlığında quşçuluq fabriki ərazisindəki evində yaşayır.

Şəkildə onun evidir:

Məhərrəm Əhmədovun evi
Məhərrəm Əhmədovun evi

Bu isə onun şirkətinin sənədləridir.

POLUX MANAGEMENT LP/OCCRP-4
POLUX MANAGEMENT LP/OCCRP-4

​Bu şirkətləri Şotlandiyanın Qlazqo şəhərində qeydiyyatdan keçirən, banklarda hesab açan , hesablarından 1,7 milyard dollar pul keçən Əhmədov etiraf edib ki, şirkətlərə direktor kimi cəlb olunduğunu bilir, ancaq onun adı ilə aparılan maliyyə əməliyyatlarından xəbəri yoxdur.

O deyir ki, Bakıda bankda sürücü işləyir. Elə həmin bankdakılar onu direktor qoyublar. Sənədləri də bank hazırlayır.

O BİRİ İKİ ŞİRKƏTDƏ EYNİ MƏNZƏRƏ

Azərbaycan Pulyuyan Maşınını işlədən digər əsas şirkətlər - LCM Alliance LLP və Metastar İnvest LLP- də də eyni əhvalatı danışırlar.

LCM ALLİANCE LLP/OCCRP-2
LCM ALLİANCE LLP/OCCRP-2

LCM Alliance LLP-nin bank sənədlərinə görə Emil Əliyev direktordur, bank sənədində imzası olan şəxs isə Zəminə Zamanovadır.

OCCRP Emil Əliyevin kimliyini hələlik müəyyənləşdirə bilməyib, Bakıda SR Group Co.-da ictimaiyyətlə əlaqələr üzrə menecer olan Zəminə Zamanova isə bank sənədlərində imzanın onun adına olmasını eşidəndə çox təəccüblənib. Hərçənd onun Linkedin səhifəsi Zamanovanın Kapital Bankda ( bu banka Azərbaycan prezidenti İlham Əliyevin ailəsi sahibdir) 2011-2014-cü illərdə direktor köməkçisi olduğunu göstərir, Zamanova deyir ki, bu, onun rəsmi işi olmayıb:“Mən sənədləşmə işinə yalnız kömək edirdim : bunu gətir, onu götür, kağızı doldur, bunu yaz.”

Metastar-ın offisi isə Azadlıq prospektindəki ünvanında hələ də işləyir.

METASTAR İNVEST LP/OCCRP-3
METASTAR İNVEST LP/OCCRP-3

Sənədlərə görə şirkətin direktoru və sahibi Elvin Şirinovdur. Ancaq işçilər deyirlər ki, o, yalnız kağızda bossdur. Əvvəllər şirkətlə hesablaşmalar aparmış iş adamı deyir ki, Şirinov Metastarın adi işçisidir.

Jurnalist özünü OCCRP-nin reportyoru kimi təqdim edəndə isə Şirinov şirkətlə hər hansı əlaqəsi olmasını dandı.

OCCRP-nin reportyoru informasiya almaq üçün rəsmi müraciəti təqdim etməyə gələndə isə şirkət işçiləri ofisin qapılarını bağladılar.

Metastar Invest MMC-nin ofisi
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

ƏLİ HƏSƏNOVDAN REAKSİYA

OCCRP-nin hesabatına sentyabrın 5-də Əli Həsənov reaksiya verib.

"Hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir."

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP-nin hesabatı ilə bağlı açıqlamasında deyib.

Hesabata qayıdaq.

Azərbaycanın Pulyuyan Maşınından pul alanlar kimlərdir?

Avropa Şurasının Parlament Assambleyasının 3 üzvü: almaniyalı deputat və sloveniyalı siyasətçi beynəlxalq təşkilatların əleyhinə gedib, Azərbaycanda seçkilərin ədalətli keçirildiyini dedilər, italiyalı siyasətçi Azərbaycandan rüşvət alma ittihamı ilə istintaq altındadır. UNESCO rəhbərinin bolqarıstanlı əri də Azərbaycanın Pulyuma Maşınından pul alıb.

2013-cü il oktyabrın 25-də Polux şirkətinin hesabından 660 min dollar məbləğində 7 köçürmə edilib. Hesabına pul köçürülənlərdən ikisi Avropa Birliyi lobbiçiləri olub.

84 min dollar Eduard Lintnerə “xodmətə” görə verilib. Lintner Almaniyadan keçmiş deputadır, Xristian Sosial Birlik partiyasının üzvüdür. O bu pulu almazdan iki həftə qabaq Azərbaycanda prezident seçkilərini izləmiş Almaniya müşahidəçiləri dəstəsinə başçılıq edirdi. O, beynəlxalq aləmin tənqid elədiyi Azərbaycan seçkiləri haqda dedi ki, bu seçkilər Almaniadakı standartlar səviyyəsində keçirilib.

Eduard Lintner
Eduard Lintner

Lintner üst-üstə Azərbaycanın Pulyuma Maşınından 1,1 milyon dollar alıb. Lintnerin izahı budur ki,o, pulları Azərbaycan-Almaniya münasbətlərini inkişaf etdirən Cəmiyyət üçün alırdı.

Polux şirkəti 2013-cü ilin oktyabrın 25-də Kalin Mitrevə də 27 min dollar köçürüb. Mitrev UNESCO-nun Baş Direktoru olan İrina Bokovanın əridir. Mitrevə pul rəhbərlik xidmətlərinə görə verilib.

Mitrevə 2012-2014-cü illər arası üst-üstə 576 min dollar köçürülüb.Həmin vaxt Mitrev iş adamı idi, indi isə Avropa Yenidənqurma və İnkişaf Bankının direktorudur.

Mitrev deyir ki, ona pulu nəyə görə verdiklərini bilmirdi.

Xanımının bu işlərdən xəbəri var idimi? – sualına Mitrev cavab verməyib. Bukova isə Berlingske qəzetinə cavabında yazıb ki, o bu işlərdə əyrilik olduğunu qəti şəkildə rədd edir və bütün bu deyilənlərin çap olunmasını şər hesab edəcək.

Luca Volonte
Luca Volonte

Azərbaycanın pulyuma maşınından ən çox pul alan avropalı siyasətçi isə AŞPA deputatı və AŞPA-da Avropa Xalq Partiyası deputatları qrupunun keçmiş sədri itlaiyalı Luca Volontedir – 2 milyon 640 min dollar!.

Bu köçürmələrə görə İtaliyanın özündə Volonte haqda cinayət işi başlanıb. Müstəntiqlərin dediyinə görə, Volonte Azərbaycanda insan haqları pozuntularını, siyasi məhbusların olmasını pisləyən AŞPA hesabatını gözdən salmaq üzərində işləyirdi.

Sloveniyanın Milli Partiyasının sədri və AŞPA-nın keçmiş üzvü Zmago Jelincic Plemeniti isə 2012-ci ilin iyulunda Metastardan 31820 dollar pul alıb. Plemeniti Azərbaycanda 2010-cu il parlament,2013-cü il prezident seçkilərində müşahidəçi olub.

Plemeniti OCCRP-yə deyib ki, pul ona Tone Svetinanın “Ukana” kitabını sloveniya dilindən rus dilinə tərcüməyə görə verilib. Bu kitab ikinci dünya müharibəsində Sloveniya torpaqlarında vuruşan azərbaycanlı partizan Mehdi Hüseynzadə haqdadır. Mehdi Hüseynzadə Plemenitinin atası ilə birlikdə vuruşub.

Azərbaycanın Pulyuma Maşını təkcə siyasətçilərə pul verməyib. 2014-cü ildə Hilux CNN televiziyasının keçmiş prodüseri Sager Eckartın Birləşmiş Ərəb Əmirliklərində olan bank hesabına 2,6 milyon dollar köçürüb.

Eckart Azərbaycan hökumətinin baxışlarını təbliğ edənlər siyahısındadır.

İtaliyalı memar Mario Palmonella da Azərbaycanda memarlıq layihələrinə görə Hilux-dan pul alıb.

İtaliyalı memar Bakıda işləyib-yaşayan italyanların imzaladığı açıq məktubda imzası olanlardan biridir. Qərb mediasında Azərbaycanın tənqid olunmasına etiraz bildirilən həmin məktub belə başlanırdı: “biz hamımız azərbaycanlıyıq”.

Memar və onun ailə üzvləri Azərbaycanın Pulyuma Maşınından 74 min dollar alıb. O, OCCRP-yə deyib ki, Azərbaycanda insan haqlarının durumundan xəbərdardır, ancaq Azərbaycandaiş görmək istəyən belə məktubu da imzalamalıdır.

XS
SM
MD
LG