Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Putin: 'Müharibəni onlar başladılar'


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxış edir. "Qostinnıy dvor"da keçirilən tədbirə təkcə Federasiya Şurasının üzvləri, deputatlar deyil, kremlyönlü icmanın müxtəlif təmsilçiləri dəvət olunublar.

Putin deyib ki, ölkə üçün “mürəkkəb” vaxtda çıxış edir. O, Qərb ölkələrini və Ukraynanı “yalan”da, “kolonializm”də, “neoliberal totalitar dəyərlər”də ittiham edərək iddia edib ki, Ukraynaya hücum məcburiyyətdən yaranıb. Putin işğaldan öncə baş verənləri Kremlin nöqteyi-nəzərindən şərh edərək deyib ki, Qərb Rusiyaya təhlükəsizlik qarantiyaları verməkdən imtina edib.

“Müharibəni onlar başladılar, biz isə onu dayandırmaq üçün güc sərf edirik”, – Rusiya prezidenti vurğulayıb.

Putinin digər bəyanatları daha öncəki nitqlərində səslənib.

Putinin bugünkü çıxışı dekabra planlaşdırılmışdı, Ukraynada bir neçə hərbi uğursuzluqdan sonra təxirə salınıb.

Beynəlxalq və müstəqil medianın buraxılmadığı tədbirdə Putin Ukraynadakı müharibənin səbəb olduğu böyük itkilərdən danışmayıb. O, Ukraynanı “neonasist rejim” tərəfindən idarə olunduğunu iddia edib, “qarşımızdakı məsələləri həll edənəcən” müharibəni davam etdirmək vədi verib.

Bu, Putinin xalqa 18-ci müraciətidir, ancaq öncəki çıxışından təxminən iki ilə yaxın bir vaxt keçir. Prezident konstitusiyaya uyğun olaraq ildə bir dəfə deputatlar qarşısında çıxış etməlidir. Amma ötən il “hadisələrin çox yüksək dinamikası”nı əsas gətirərək çıxışını təxirə salıb.

+++

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putinin böyük çıxışında rusiyalılar arasında müharibəyə dəstəyi qızışdırmağa çalışacağı gözlənir. Putin ABŞ Prezidenti Co Baydenin (Joe Biden) Kiyevə tarixi səfərindən bir gün sonra çıxış edəcək. Bayden bu səfərlə Qərbin guya Ukraynanı dəstəkləmək marağının azalmasına dair Rusiya liderinin son bəyanatlarına zərbə vurmuş oldu.

Putinin ölkə parlamentində çıxışı televiziya ilə yayımlanacaq. Fevralın 24-də isə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının bir ili tamam olur. Putin bu hücumun bir neçə həftə çəkəcəyini planlaşdırsa da, artıq müharibənin bir ili tamam olur.

Baxmut döyüşləri uzanır

Bir çox ekspertlər deyirdilər ki, Putin çıxışında döyüşdə böyük bir uğuru qeyd edəcəyinə ümid bəsləyirdi. Ancaq Ukraynanın Baxmut şəhərinə Rusiyanın hücumu gözlənən nəticəni verməyib. Rusiya lideri Ukraynadakı müharibəni artıq Qərbə qarşı proksi müharibə kimi təqdim edir.

Fevralın 20-də axşam Kiyevdən Polşaya gedən Bayden də fevralın 21-də Varşavada Kral Qəsri qarşısında böyük çıxış etməlidir. O, Polşa liderləri və digər müttəfiqləri ilə Ukrayna münaqişəsini müzakirə edəcək.

ABŞ-nin Polşada əsgər sayının artırmasının müzakirə olunacağı gözlənilir. Hazırda bu ölkədə 11 minədək ABŞ əsgəri rotasiya ilə xidmət edir. Hərbçilərin Polşada daimi xidmətə keçməsi müzakirə mövzusu olacaq.

500 milyon dollarlıq silahlar

Kiyevdə beş saatdan çox qalan Bayden bu ölkəyə 500 milyon dollarlıq yeni silahlar vəd edib. Ukraynanın bir neçə həftəyə müharibədə yeni hücuma keçəcəyi planlaşdırır.

“Bir il keçir, Kiyev ayaq üstədir. Ukrayna ayaq üstədir. Demokratiya ayaq üstədir. Amerikalılar, dünya sizinlə birlikdədir”, – Bayden deyib.

Pentaqon yeni yardım paketinin detallarını da açıqlayıb.

Rusiya rəsmiləri Baydenin səfərinin əhəmiyyətini kiçiltməyə çalışıblar. Moskvanın tutduğu Zaporojye vilayətinə təyin etdiyi Vladimir Roqov deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Baydenin yanında nökərə oxşayırdı”.

Almaniya hökuməti səfəri “yaxşı siqnal” adlandırıb, Polşa deyib ki, bu səfəri Vaşinqtonun Rusiyaya qarşı müharibədə Kiyevə dəstək öhdəliyinin əlaməti kimi alqışlayır.

XS
SM
MD
LG