Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:01

Növbəti 100 nəfər Laçın postundan keçirilib


Həkəri çayı üzərində Azərbaycanın sərhəd postu
Həkəri çayı üzərində Azərbaycanın sərhəd postu

Avqustun 23-də səhər "Laçın" sərhəd-keçid məntəqəsindən Ermənistana 100-ə yaxın adam gedib.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Xəbərə görə, onlar Rusiya vətəndaşlığını qəbul etmiş etnik ermənilər, həmçinin Rusiya pasportuna malik olanlardır.

+++

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Qarabağdakı separatçılara istinadla xəbər verir ki, iyunun 14-dən bəri ilk dəfə olaraq Rusiya sülhməramlılarının vasitəsilə Qarabağdan Ermənistana 41 nəfər keçirilib.

Xəbərdən məlum olur ki, sərhəddən keçənlərin arasında Rusiya vətəndaşları da olub.

"Azatutyun" yazır ki, Rusiya Federasiyasının vətəndaşları Qarabağdan Ermənistana keçmək imkanını çoxdan gözləyirdilər. Onların Qarabağa hansı məqsədlə gəldiyi deyilmir.

Xəbərdə deyilir ki, Rusiya sülhməramlıları ilə əldə olunmuş razılaşmaya əsasən, tələbələrin və Rusiya vətəndaşlarının Qarabağdan Ermənistana keçirilməsi yaxın vaxtlarda davam etdiriləcək.

"Aşağılayıcı şərait". Sülhməramlıların maşınları buraxılmayıb

Separatçılar deyirlər ki, buna baxmayaraq, Azərbaycan tərəfi çox sayda adamın ikitərəfli hərəkətinə mane olmaqda davam edir.

Məlumatda deyilir ki, hazırda yüzlərlə Ermənistan vətəndaşı təcili və planlı müalicə məqsədilə Ermənistana qayıda bilməsini gözləyir.

Separatçı rejimin məlumatında iddia edilir ki, Azərbaycan Həkəri çayı üzərindəki postdan keçənlər üçün "aşağılayıcı şərait" yaradır, belə ki, azərbaycanlılar və dəvət olunmuş jurnalistlər onların iradəsi əksinə şəkil və video çəkirlər.

Məlumatda bildirilir ki, azərbaycanlılar Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin körpüdən keçməsinə icazə verməyib və adamlar sərhədin o tayına yüklərini daşımaqla piyada keçiblər. Sərhədin o tayında onları Gorusdan gəlmiş nəqliyyat vasitələri gözləyirdi.

Ermənistan və separatçılar israr edirlər ki, Laçın postu qanunsuzdur, belə ki, o, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında nəzərdə tutulmayıb.

Azərbaycan dəfələrlə bəyan edib ki, onun Həkəri çayı üzərindəki dövlət sərhədində post qurması beynəlxalq hüquqa və Azərbaycan qanunlarına uyğundur.

Erməni tərəfi Laçın yolunun ikitərəfli hərəkət üçün tam açıq olmasını tələb edir.

Separatçı rejimin məlumatında bildirilir ki, Azərbaycan iyunun 15-dən bugünədək Ermənistandan Qarabağa humanitar yüklərin gətirilməsinə icazə vermir.

Ötən həftə BMT-nin Təhlükəsizlik Şurasında Yerevanın təşəbbüsü ilə Laçın dəhlizinə həsr olunmuş təcili iclas keçirilib.

İclasda çıxış edən səfirlər Laçın dəhlizinin açılmasına çağırıblar, amma Yerevanın gözləntilərinə rəğmən, iclasda heç bir qətnamə qəbul edilməyib.

Bundan başqa, iclasda iştirak edən səfirlərdən bəziləri Azərbaycanın təklif etdiyi Ağdam yolu variantını da dəstəkləyiblər.

Separatçılar Ağdam yolu ilə gətiriləcək hər hansı humanitar yardımdan imtina edirlər.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG