Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Qarabağdakı ermənilər Azərbaycanı qazı kəsməkdə ittiham edir


Qarabağ, 11 mart, 2022-ci il
Qarabağ, 11 mart, 2022-ci il

Qarabağdakı separatçı qurumlar martın 21-də axşam qaz təchizatının “Azərbaycan tərəfin birbaşa müdaxiləsilə kəsildiyini” iddia edib

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanı regiona təbii qaz təchizatını kəsməkdə, şaxtalı havada onlara humanitar problemlər yaratmaqda suçlayır.

Qarabağa qaz təchizatı ilk dəfə martın 8-də kəsilib, buna Azərbaycanın nəzarətində olan ərazidən keçən kəmərin zədələnməsi səbəb olub.

Daha sonra Xankəndi Bakını kəmərin sürətli təmirinə imkan verməməkdə ittiham edib. AzadlıqRadiosu-nun Ermənistan xidməti 11 günlük fasilədən sonra kəmərin martın 18-də təmir olunduğunu, ertəsi günü Qarabağın qaz təchizatının bərpa edildiyini xəbər verir.

Dünən axşam qaz yenidən kəsilib

Ancaq Qarabağdakı separatçı qurumlar martın 21-də axşam qaz təchizatının “Azərbaycan tərəfin birbaşa müdaxiləsilə kəsildiyini” iddia edib.

Özünü Qarabağın “İnformasiya Qərargahı” adlandıran qurum Azərbaycan tərəfin təmir zamanı qaz kəmərinə krant qoyduğunu və qazı kəsdiyini iddia edib.

Bölgədəki Rusiya hərbçilərinin komandirlərinə dərhal məlumat verildiyi, qaz təchizatının bərpası üçün işlər görüldüyü qeyd olunur.

Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağın qaz təminatı ilə bağlı Azərbaycana qarşı açıqlamasına münasibət bildirib. O deyib ki, Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır: "Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin. Beləliklə də regional sülh və əmin-amanlığa töhfə versin".

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi son iki ildə üç birgə bəyanat imzalayıblar. Həmin sənədlərdə Azərbaycan və Ermənistan həm bölgədə atəşkəsin qorunması, həm də nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı üzərilərinə bir sıra öhdəlik götürüblər.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə isə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG