Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:26

Qarabağ münaqişəsi bitdimi?


Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırır.
Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırır.

"Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik. Separatçıların kitabı bağlandı birdəfəlik!". Bunu oktyabrın 17-də prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlərlə görüşdə çıxışı zamanı deyib. Oktyabrın 15-də isə o, Xankəndində dövlət bayrağını qaldırmışdı.

Lakin Ermənistanla hələ də sülh sazişi imzalanmayıb. Azərbaycanda bəzi ekspertlər düşünür ki, belə olan halda, münaqişənin tam bitdiyini demək düz deyil.

Deputat: "Artıq bizim Qarabağ problemimiz yoxdur"

Hərçənd deputat Elman Məmmədov da "Turan"a deyib ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tamamilə bitib: "Artıq bizim Qarabağ problemimiz yoxdur. Əks fikirlərin hamısı isə cəfəngiyatdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub".

E.Məmmədov
E.Məmmədov

Ermənistanla sülh sazişinin imzalanmasına gəlincə, deputat qeyd edib ki, Azərbaycan sülhsevər dövlət kimi bunun imzalanmasının tərəfdarıdır, təkliflərini də verib: "Azərbaycan verdiyi sözünün üstündə durur, Nikol Paşinyan isə gündə bir fikir dəyişir - beynəlxalq görüşlərdə müəyyən bəyanatlar verir, sonra gəlir Yerevanda başqa söz deyir".

"Burada əsas söz sahibi Azərbaycandır"

Deputat hesab edir ki, Rusiya ordusunun Qarabağda olması Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına mane olmur: "Artıq ərazilərimizdə separatçılar yoxdur, ərazi bütövlüyümüz təmin olunub, ona görə də bu gün sülhməramlılara ehtiyacımız yoxdur. Sülhməramlılar Azərbaycan ərazisinə "Laçın dəhlizi" adlanan bir yerdə nəqliyyatın, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün gəlmişdilər. Ancaq özlərinə aid olmayan xoşagəlməz işlərlə məşğul olublar. Yaxın vaxtlarda görüşlər olacaq, yəqin ki, onların burada qalıb-qalmaması və yaxud da nə vaxta qədər qalması dəqiqləşəcək. Burada əsas söz sahibi Azərbaycandır".

Elmar Məmmədyarov: 'Azərbaycan və Ermənistan birbaşa danışıq aparmalıdır'
Gözlə

No media source currently available

0:00 0:25:15 0:00

Amma Ermənistan baş naziri Nikol Paşinyan bu gün, oktyabrın 17-də Avropa Parlamentində deyib ki, ölkəsi ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Ermənistan rəsmiləri həmçinin deyirlər ki, Avropa İttifaqının vasitəçiliyi ilə oktyabrın 5-də Qranadada iki ölkə liderlərinin nəzərdə tutulan görüşünə də məhz Azərbaycan qatılmaqdan imtina edib. Azərbaycan bunu Almaniya kansleri və Fransa prezidentinin də qatıldığı həmin görüşə Türkiyə tərəfinin də dəvətinə imkan verilməməsi ilə izah etmişdi.

"Münaqişəni bitmiş hesab etmək hələ tezdir"

Siyasi şərhçi Ərəstun Oruclunun AzadlıqRadiosuna bildirməsinə görə, zahirən elə görünür ki, Azərbaycan artıq öz ərazisinə nəzarəti tam bərpa edib, ölkənin ərazi bütövlüyü tam təmin olunub: "Amma biz bugünlərdə Vladimir Putinin dilindən eşitdik ki, Rusiyanın "sülhməramlı" deyilən hərbi kontingenti hələ 2025-ci ilin sonunadək qalacaq. Əgər, Putinin özü dediyi kimi, Qarabağın dağlıq hissəsində cəmi 1000-1500 erməni əhali qalıbsa, o zaman bir neçə min Rusiya hərbçisinin Azərbaycan torpağında qalmasında nə ehtiyac var?".

Ə.Oruclu
Ə.Oruclu

Ekspertin fikrincə, bunları nəzərə alaraq münaqişəni bitmiş hesab etmək hələ tezdir: "Artıq Ermənistanda Qarabağ separatçıları yeni planlar qurur, separatçı qurumun buraxılması qərarını yanlış sayırlar".

Politoloq hesab edir ki, Rusiya istəsə, bölgədə yenidən separatizmi qızışdıra bilər: "Azərbaycan torpaqlarının işğalı arxasında da Rusiya dayanmışdı. Sadəcə Ermənistanda indiki hakimiyyət Rusiyanın tələblərinə cavab vermir və Azərbaycan Rusiyaya daha çox lazımdır deyə, Rusiya başqa bir mövqe tutub, həmin mövqe isə hər an dəyişə bilər".

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bunun ilkin müddəti 5 il göstərilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG