Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Qaranlıq Bakıdan reportaj- [Fotolar]


►İşığı közərən, sönən, öləziyən küçələrdən...

Bakı şəhər İcra Hakimiyyətinin binası üstündəki saat axşam 10-u vurur.

Yerli medianın yazdığına görə, axşam saat 10-dan şəhərdə qənaət rejiminə keçilir, bəzi işıqlar söndürülür.

"Qoy işığı söndürüm"...

Bakının kənar küçələrində işıqların közərdiyini, ya da heç yanmadığını bilməyən az olar. Hava azacıq soyuyan, qar yağan kimi ucqarlardakı yaşayış binalarında işıqlar tez-tez kəsilsə də, şəhərin mərkəzi adətən alışıb-yanırdı. Daha belə deyil.

Elə şəhər icra hakimiyyətinin da yerləşdiyi metronun İçərişəhər stansiyasının ətrafında, mərkəzi küçələrdəki işıq dirəklərində lampalar zəif yanır. Mağazaların, kafelərin çoxu əvvəlkitək ya gur işıqlandırılmır, ya da işıqlar heç yanmır. Mərkəzdə maşın yollarından aralanan kimi işıq bir az da gücdən düşür. Nə vaxtsa İçərişəhər metrostansiyasının arxasında göz qamaşırdı, indi qaramtıl kölgələr görünür.

İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinə qoyulan abidənin ətrafında isə 8 lampa dirəyindən ancaq birində işıq vardı. Qonşuluqda, kimyaçı alim Yusif Məmmədəliyevin heykəlinin yerləşdiyi ərazi isə tam bir zülmət içindədir. (Ardı aşağıda)

Bir neçə ay əvvəlin Bakısı (Fotolar)

Parklar da qaranlıqdır

Sabir bağı “işıq gələn tərəf” sayıla bilər. Ancaq aşağıya doğru, mağazaların yerləşdiyi küçələrin çoxu əvvəlki kimi işıqlandırılmır. Bu mağazaların bir neçəsi təzəlikcə icarəyə verildiyindən işıqlandırıması da kəsilib. Arxa küçələrdə isə tamam qaranlıqdır, adda-budda işıq közərir.

Bahalı mağazaların yerləşdiyi Neftçilər prospekti də əvvəlki kimi bərq vurmur. Burada da mağazaların bir neçəsi boşalıb, üstünə “İcarəyə verilir” lövhələri vurulub. Bulvar işıqlı, metronun “Sahil” stansiyasının ətrafında bəzi küçələr yarımqaranlıqdır. Şəhərin mərkəzindəki otellərin çoxu da əvvəlki kimi alışıb yanmır, işıqları zəifləyib. Metronun 28 may stansiyasından kənar küçələrə yol aldıqca qaranlığa düşürsən.

“Ağ şəhər bulvarı”nın işıqları yanır. Ancaq Perinatal Mərkəzinin yaxınlığında açılmış yeni parkda göz-gözü görmür, gecə 11-in yarısında işıqlar artıq söndürülmüşdü. Ağ Şəhərin yerləşdiyi ərazidə də daha gözqamaşdırıcı parıltı yoxdur. Burda da adi küçə dirəklərinin işıqları yanır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"Hər an qəza ola bilər”

Taksi sürücüsü Malik Məmmədov deyir, bir neçə gündür belədir:

“Son günlər şəhərin çox küçələri qaranlıqdır. Bu da biz sürücülərin işinə yaman ziyan vurur, görmək olmur. Allah eləməsin, hər an qəza ola bilər”.

Bakı kəndlərinin birində yaşayan Afət Əmirovanın fikrincə, elektrikə qənaət olunmalıdır:

“Bizim evdə işıqlar tez-tez sönür. Mərkəzdə işığı boş-boşuna yandırmaqdansa, işıq olmayan evlərə versələr, yaxşıdır”.

Rəsmi göstəriş olmasa da tədbirlər görülür

Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov ANS televiziyasına açıqlamasında deyib ki, paytaxtın bütün ərazilərində qənaət məqsədilə axşam saat 22:00-dan sonra işıqlar söndürüləcək. Ancaq Bakı şəhər icra hakimyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov onlara belə bir göstəriş verilmədiyini söyləyir:

“Heç bir qənaət-zad yoxdur. Xəbərim yoxdur. Bizdə belə bir göstəriş olmayıb, idarə də öz rejimində işləyir”.

“Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyir ki, elektriki əvvəlki qaydada verirlər, istəyən qənaət eləyə bilər:

“Biz elektriki qənaətlə vermirik. Tələbat ödənilir. Abonentlər özləri qənaət eləyirlərsə, eləsinlər. Şəhər işıqlandırma idarəsi, binalar bizim abonentdir. Qənaət eləmək istəyənə biz nə deyə bilərik?”

Bakı şəhər İşıqlandırma İdarəsinin rəisi Məhərrəm Babayev də qənaətlə bağlı hələ onlara rəsmi göstəriş verilmədiyini bildirir, ancaq onu da sözlərinə əlavə edir ki, gecə saat 1-dən sonra bəzi tədbirlər görülür:

“Hələlik rəsmi bir şey yoxdur. Gecə saat 10 yalan söhbətdir. Gecə 1-dən sonra başlayırıq, ancaq o da hələ dəqiq deyil. Hələlik işıqlar yanır, ancaq baxırıq, görək, sonra necə olacaq. Xərclərlə bağlıdır, ancaq rəsmi bir şey yoxdur”.

Qənaət neft gəlirlərinin azalması ilə bağlıdır

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı ekspert Azər Mehdiyev qənaət rejimini neft gəlirlərinin azalmasına bağlayır:

“Heç kəsə sirr deyil ki, Azərbaycanda dövlət büdcəsi ilə çox bədxərc sistem qurulmuşdu. Yeni parkların, küçələrin, binaların işıqlandırılması zamanı həddən artıq elektrik enerjisindən istifadə olunurdu. Təbii ki, bu xərclərin hamısı dövlət büdcəsindən ödənilirdi. Ancaq indi büdcə xərclərinə qənaətə ehtiyac yaranır. Bunun ilk əlamətlərindən biri kimi də məhz elektrik enerjisinə sərf olunan vəsaitin azaldılması gündəmə gəlir. Bu xərcləmə ilə bağlı ciddi bir sistem qurulmalıdır. Həqiqətənmi şəhərdəki bütün binaların bütün sutka ərzində işıqlandırılmasına ehtiyac var? Binaların hansı halda, nə zaman işıqlandırılmadsına bir aydınlıq gəlməlidir. Həm də şəhərin küçə və parklarının işıqlandırma rejimi elə təmin edilməlidir ki, bu insanların hərəkətinə, təhlükəsizliyinə zəmanət vermiş olsun”.

... Dünyanın düz vaxtında elə də güclü işıqlandırılmayan Əhmədli tərəfə yol alanda isə əsl qaranlığa düşürsən. Magistral yolda işıqlar yansa da, ətrafdakı yaşayış binaları zülmətə qərq olub. Sakinlər deyir, mənzilbaşına çatanadək bir neçə dəfə büdrəməli olurlar...

Buna da bax:

Oliqarxların malikanələri görmək imkanı...
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

XS
SM
MD
LG