Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:24

Qazaxıstanın qonşularının ‘yuxusu qaçıb’


Almatı, 7 yanvar, 2022-ci il
Almatı, 7 yanvar, 2022-ci il

Uzun müddət siyasi azadlıqların məhdudlaşdırılması nəticəsində ölkədə tanınmış müxalif sima yoxdur. Elə indiki etrazların da gələcəyi, hər hansı mənalı dəyişikliyə nail olub-olmayacağı sual altındadır

Daşkənddən tutmuş Moskvayadək liderlər Qazaxıstandakı etirazları və zorakılığı narahatlıqla izləyirlər. KTMT qüvvələrinin ölkəyə dəvət olunması Prezident Kasım Jomart Tokayevin hakimiyyət uğrunda mübarizəsində yeni səhifə açdı.

“Rusiyanın öz müştəriləri və müttəfiqlərini getdikcə daha qətiyyətlə dəstəklədiyini görürük. Uğurlu olsa, Rusiyanın regionda təhlükəsizliyin əsas təminatçısı kimi rolu güclənə bilər”, – Moskva Karnegi Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Qabuyev deyib.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalanmasının təkan verdiyi etirazlar bütün ölkəyə yayılıb, bir sıra administrativ binalara basqın edilib, yandırılıb. Polis isə kütləni dağıtmaq üçün rezin güllələrə, gözyaşardıcı qaza əl atıb.

Rusiya

Qazaxıstan hökuməti KTMT-dən kömək istəməklə yanaşı öz əsgərləri də etirazçılara qarşı “antiterror əməliyyatı” aparır. AzadlıqRadiosu-nun müxbiri Reid Stendiş bu ölkədə baş verənlərin bütün regiona təsir göstərəcəyini, oxşar rejimlər üçün xəbərdarlıq və sınaq olduğunu yazır.

Bu özəlliklə, Rusiya Prezidenti Vladimir Putinə aiddir. 2014-cü il Ukrayna, 2020-ci il Belarus etirazlarından dərs çıxarmış Putin çətin vəziyyətdə qalmış tərəfdaşına dərhal əl uzatdı.

“Məncə, Moskva Tokayevin getməsinə razı olmaz və rejimi saxlamaqdan ötrü istənilən alətdən qətiyyətlə istifadə edir”, – Qabuyev deyib.

KTMT bundan öncə üzv ölkələrdəki iğtişaşlara müdaxilə etməyib. Son addım “Rusiyanın xarici siyasətində Qazaxıstanın önəmli rolunu göstərir”, – Qabuyev söyləyib.

Qonşuların reaksiyası

Belarus lideri Alyaksandr Lukaşenka, Özbəkistanın Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə dəstək bildirib. Çin vəziyyətin tezliklə sabitləşəcəyinə ümidini ifadə edib.

Çinin tanınmış şərhçisi Hu Sijin Qazaxıstandakı etirazları “rəngli inqilab”a bənzədib. 2003-cü ildə Gürcüstanda, 2005-ci ildə isə Ukraynada etirazlar dalğası kremlpərəst liderlərin devrilməsi ilə nəticələnmişdi. Hu, Çinlə Rusiyanın vəziyyətin düzəlməsi üçün birlikdə işləyəcəyini sözlərinə əlavə edib.

“Rusiya və Çin Birləşmiş Ştatlara və Qərbə Qazaxıstanın uzunmüddətli çaxnaşmaya girməsinə imkan verməyəcək”, – Hu yanvarın 6-da tvitində yazıb.

Rejimi dəyişmədən...

Bu Orta Asiya ölkəsini 30 ilə yaxın Nursultan Nazarbayev idarə edib. O, 2019-cu ildə prezidentlikdən getdi, Tokayevi varisi seçdi.

“Qazaxıstan rejimi dəyişmədən rəhbərliyi dəyişməyin mümkün olduğunu göstərdi və bunu yenə də edə bilərlər”, – Qlazqo Universitetində Avrasiya araşdırmaları üzrə professor Luka Ankesçi deyir.

Uzun müddət siyasi azadlıqların məhdudlaşdırılması nəticəsində ölkədə tanınmış müxalif sima yoxdur. Elə indiki etrazların da gələcəyi, hər hansı mənalı dəyişikliyə nail olub-olmayacağı sual altındadır.

“Etirazların konkret lideri yoxdur, möhkəmlənmiş müxalifət yoxdur, bu isə rejimin yenidən güc yığacağı deməkdir”, – Vaşinqtondakı Milli Müdafiə Universitetindən Erika Marat belə deyir.

“KTMT kontingentləri hər hansı daxili məsələni həll etməyəcək, iqtisadi və siyasi problemləri yoluna qoymayacaq. Onlar Qazaxıstanda avtoritarizmi dərinləşdirəcək, etirazların daha da genişlənməsinə səbəb ola bilər”, – Marat vurğulayıb.

XS
SM
MD
LG