Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:42

Sakinlər: 'Yolları qazırlar, xəbərdarlıq nişanları qoymurlar'


Yol
Yol

«Ötən həftə yaxınlığımızdakı yolda bir «KamAZ» aşdı. Sürücü öldü, qaldı, bilmədik, ancaq dəhşətli mənzərəydi».

«SÜRÜCÜLƏRİN GÜNAHI NƏDİR?»

Ağdaşın Aşağı Nemətabad kəndinin sakini Mərdan İsayev deyir, bu səhnəni yaradan səbəb yollardakı qazıntılardır. Su xətti çəkilişinə görə yolu qazan fəhlələr iş vaxtı bitəndə qazıntı yerlərini örtmədən çıxıb gedirlər. Qaş qaralanda isə ərazidən ötən avtomobillər xəndəklərə düşür. İritonnajlı maşınlar aşır, sürücülər xəsarət alır:

***Buna da bax-Şikayət: '...əsgərlər yaralananda, yolun ortasında UAZ-da keçinməsinlər'

«Su çəkirlər, Allah ömürlərini uzun eləsin, ümid edək ki, yaxın vaxtlarda susuzluq bəlasından canımız qurtaracaq. Bəs bu sürücülərin günahı nədir ki, bunların qazdıqları xəndəklərə düşüb boyun-başlarını, qol-qabırğalarını sındırırlar? Gözümüzün önündə o boyda «KamAZ» aşdı. Sürücünün aqibətini bilmədik. Maşın xəndəyə düşüb aşmışdı, böyürü üstə qalmışdı. Su idarəsinin fəhlələri xəndəyi örtməyiblər, başa düşdük, növbəti gün işlər davam edəcək. Bəs xəbərdarlıq nişanları niyə qoyulmur?».

Kənd sakini Abbas İsmayılovun deməsinə görə, kənd yolunda qəza təhlükələri artıb. Yollarda işıqlandırma olmadığından, sürücülər qazılmış xəndəkləri görmür. Yağışlı günlərdə isə təhlükə ikiqat artır. Dərin xəndəklər su ilə dolduğundan görünməz olur.

«PROBLEM HƏLL OLUNUB»

Kənd icra nümayəndəliyindən «Qaynar xətt»ə bildirilib ki, xəndəyə düşən yük maşınının sürücüsü 48 yaşlı Polad Süleymanov bədən xəsarətləri alıb:

***Buna da bax-Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

«Vətəndaşların narazılığı haqlıdır, xəndəklər yollarda sürücülərə təhlükəli vəziyyət yaradır. Ancaq artıq o problem həll olunub. O sürücüyə isə elə kənddəki tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. Xoşbəxtlikdən ciddi xəsarətləri olmayıb».

Ağdaş Rayon Su İdarəsindən isə «Qaynar xətt»ə bildirilib ki, qazıntı yerlərində xəbərdarlıq nişanları var, ancaq bəzən sürücülər bu nişanlara məhəl qoymur:

«Dəfələrlə olub ki, gedib görmüşük xəbərdarlıq nişanını götürüb atıblar kənara... Yəni, belə hallar da olur».

Hüquqşünas Vaqif Alıyev deyir, qanunvericiliyə görə, yolun qazıntı aparılan və insan həyatına təhlükə yaradan hissələrində xəbərdarlıq nişanları quraşdırılmalıdır. Nişan olmayan ərazidə hər hansı təhlükəyə görə qazıntını aparan qurum məsuliyyət daşıyır.

XS
SM
MD
LG