Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Qərb Ukraynaya yardımı artıracaqmı


Ukraynalı hərbçi İzyum və Xarkov arasında
Ukraynalı hərbçi İzyum və Xarkov arasında

Ancaq Ukraynanı dəstəkləmək istəyindən başqa Qərb liderləri bir çoxlarının “Ukrayna yorğunluğu” adlandırdığı halla da mübarizə aparmalı olurlar

Ukrayna ordusunun son həftə ərzində Rusiya qüvvələrini geri çəkilməyə məcbur etməsi həm onun gücü, həm də Qərbin hərbi dəstəyinin effektini növbəti dəfə gündəmə gətirib.

Ukrayna hərbçilərinin dünyanın ikinci ən güclü ordusunu əsasən Qərb artilleriyası və raketləri ilə geri itələməsi nəticəsində onlarla şəhər işğaldan təmizlənib.

Əməliyyatın bu qədər uğurlu olması Ukraynanın Müdafiə naziri Oleksiy Reznikovu belə heyrətə gətirib. O, “Financial Times”a müsahibəsində əməliyyatın “gözlənildiyindən də yaxşı” getdiyini deyib.

Ehtiyatlılıq

İlk baxışdan elə görünə bilər ki, Ukraynanın bu uğurları ABŞ və Avropanı Kiyevə daha çox hərbi yardım göndərməyə həvəsləndirəcək. Ancaq Vaşinqtonda təhlilçilər və lobbiçilər qısa zamanda çox şeyin dəyişməyəcəyini deyirlər. Hətta Ukraynanın uğurlarının bu ölkəyə daha güclü silahların verilməsi fikrini dalana salacağını düşünənlər də var.

"Bayden administrasiyası və əlbəttə ki, Berlin və Paris kimi Avropa paytaxtlarında gördüyümüz ehtiyatlılıq tendensiyası davam etməkdədir. Şübhə etmirəm ki, bütün bu yerlərdə … bu uğuru Ukraynanın daha çox yardıma ehtiyacı olmaması kimi göstərməyə çalışanlar olacaq”, – 2003- 2006-cı illərdə ABŞ-ın Ukraynada səfiri olmuş Con Herbst deyir. Bu yaxınlarda Ukraynaya səfər edən Herbst hazırda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktorudur.

Ukraynaya yardım məsələsi Rusiyanın hücuma başlamasından bəri Qərb dövlətləri ilə onların vətəndaşları arasında mübahisə mövzusudur.

Azərbaycan yeni itkilərini açıqlayacaq. Cəbhədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Tərəddüdlü Qərb

2021-ci ilin sonlarında hücuma hazırlaşan Moskva Ukraynanın sərhədlərinə döyüşə hazır qoşunlar toplayanda və müharibə qaçılmaz görünəndə Qərb dövlətləri Kiyevin yardım xahişlərini rədd edir, hərbi yardımların Kremli daha çox təhrik edəcəyini deyirdilər.

Hətta Putinin genişmiqyaslı hücuma başlamasından sonra belə ilk vaxtlarda Qərb dövlətləri hərbi dəstəkdən imtina edirdilər. Ekspertlər hesab edirlər ki, Qərb liderləri Putinin Kiyevi tezliklə tutacağını gözləyirdi.

Ancaq Ukraynanın Rusiyanın hücumuna ciddi müqaviməti müharibənin çoxlarının gözlədiyi kimi bir tərəfin üstünlüyü ilə getməyəcəyini göstərdi və Qərbin ilk yardımları gəlməyə başladı.

Di gəl, Qərb həm də Rusiya ərazisindəki hədəflərin vurulmaması şərtini qoyub.

ATACM raketləri

Herbst deyir ki, son günlərin uğurlarını dəstəkləmək və son nəticədə Rusiyanı Ukraynadan çəkilməyə məcbur etmək üçün Kiyevin daha uzun mənzilli artilleriya və raketlərə, döyüş təyyarələrinə və daha müasir canlı qüvvə daşıyan maşınlara ehtiyacı var.

Ukraynanın 300 kilometrlik məsafədə yerləşən hədəfləri vura bilən ATACM raketləri ilə bağlı tələblərinə hələlik, cavab verilmir.

Herbstin sözlərinə görə, ABŞ-ın Ukraynaya hərbi yardımı zaman keçdikcə artsa da, Bayden Administrasiyası Rusiyanı daha da qızışdırmaqdan ehtiyat etdiyindən dəstəyi yavaş-yavaş artırır.

Avropaya gəlincə, AB-nin ən güclü iqtisadiyyatına malik Almaniya Ukraynaya yardım məsələsində liderlik göstərmədiyi üçün tənqid olunur. Berlin bu məsələdə həm “ayaqlarını sürüyür”, həm də Kiyev onun çox az yardım etdiyini düşünür.

“Almaniya birtərəfli qaydada belə addımlar atmayacaq”

Bu ayın əvvəli Berlinə səfər edən Ukraynanın Baş naziri Denıs Şmıhal Almaniya Kansleri Olaf Şoltsdan əlavə silah, o cümlədən “Leopard 2” döyüş tankları istəyib.

Ancaq hətta Ukraynanın şərq cəbhəsində döyüşlərin gedişində ciddi dönüş yaratmasından sonra belə Almaniyanın Müdafiə naziri Kristine Lambrext Kiyevin xahişini bir daha rədd edib.

"Hələlik, heç bir ölkə Qərb istehsalı piyada döyüş maşını, yaxud əsas döyüş tankı verməyib. Biz tərəfdaşlarımızla razılaşmışıq ki, Almaniya birtərəfli qaydada belə addımlar atmayacaq”, – Lambrext sentyabrın 12-də Berlində deyib.

Ancaq Ukraynanı dəstəkləmək istəyindən başqa Qərb liderləri bir çoxlarının “Ukrayna yorğunluğu” adlandırdığı halla da mübarizə aparmalı olurlar. Cəmiyyət müharibə xəbərlərindən yorularaq daha yaxın problemlərə, məsələn, inflyasiya və Rusiya qazından asılılığın azaldılması kimi məsələlərə fokuslanır. Bu şərtlərdə isə Ukraynaya hərbi yardımın artırılması çətinləşə bilər.

Təslim danışıqları?

Ukraynalıların şərq vilayətlərini sürətlə azad etməsi ilk növbədə onların rus komandirlərini gözlənilmədən fakt qarşısında qoymasıdır.

Avqustun əvvəllərindən bəri Kiyev Xerson bölgəsində əkshücumun görüntülərini yayırdı. Bunun ardınca Rusiya qüvvələrini cənuba daşımağa məcbur oldu.

Cənub Əməliyyat Komandanlığının sözçüsü Natalya Humenyukun verdiyi məlumata görə, Ukrayna qüvvələri son iki həftə ərzində cənub istiqamətində 500 kvadrat kilometrlik ərazini azad ediblər.

Humenyuk rusların Xarkovdakı məğlubiyyətindən sonra Xerson istiqamətindəki bəzi Rusiya bölmələrinin Ukrayna qüvvələrinə təslim olmaq üçün danışıqlara başladığını deyir.

Hazırda Xarkov vilayəti diqqət mərkəzində olsa da ekspertlər cənubda qarşıdurmanın yenidən güclənə biləcəyini deyirlər.

Sərhəddə baş verənlərlə bağlı informasiya axışını necə qiymətləndirirsiniz?
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Kreml yeni plan hazırlamalıdır

Əksər ukraynalı hərbi ekspertlər ötən həftə başlamış əkshücumdan sonra Rusiyanın Donetsk vilayətini bütünlükdə ələ keçirmək planının artıq mümkün olmadığını, Kremlin yeni plan ortaya qoymalı olduğunu deyirlər.

Rusiya sentyabrın 11-də Xarkov, Sumı, Poltava, Zaporojye və Dnepropetrovsk vilayətlərində mülki elektrik və su infrastrukturunu raket atəşinə tutub.

Ukrayna kəşfiyyat xidmətinin (SBU) keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak hesab edir ki, Rusiya elektrik və istilik stansiyalarını, habelə elektrik xətlərini atəşə tutmağa davam edəcək. Moskva həm də “Ukrayna cəmiyyətini terrorizə və şantaj etmək” üçün Zaporojye AES-ə nəzarətindən sui-istifadəni davam etdirəcək. Ancaq onun sözlərinə görə, bu üsullar Rusiyanın strateji zəifliyini nümayiş etdirir.

XS
SM
MD
LG