Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Qəzzada müvəqqəti atəşkəs qüvvəyə minir, 13 israilli girov azad edilib


Fələstinin islamçı HƏMAS qrupu ilə İsrail arasında müvəqqəti barışıq zamanı İsrail hərbi texnikası Qəzzanı tərk edir
Fələstinin islamçı HƏMAS qrupu ilə İsrail arasında müvəqqəti barışıq zamanı İsrail hərbi texnikası Qəzzanı tərk edir

ABŞ və Aİ-də terrorçu təşkilat kimi tanınan HƏMAS radikal Fələstin qruplaşması Qəzza zolağına aparılmış girovların İsrail hərbçilərinə təhvil verilməsinə başlayıb.

İlk olaraq İsrailə mövsümi iş üçün gəlmiş 12 Tayland vətəndaşı azad olunub.

Taylandın baş naziri onların azad edilməsi faktını təsdiq edib.

Bunun ardınca Qəzza zolağında saxlanan 13 israilli girov – qadınlar və uşaqlar Qırmızı Xaça verilib. Qırmızı Xaç onları İsrail tərəfinə verəcək.

Girovları Qəzza zolağı və Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsindən buraxırlar.

Onları burada İsrail hərbçiləri, habelə həkimlər və psixoloqlar gözləyirlər.

Buradan girovlar helikopterlə İsrailin cənubundakı Hatserim bazasına gətirilir, daha sonra xəstəxanalara aparılır.

Onlar ailələri ilə ilk dəfə məhz xəstəxanada görüşürlər və ən azı iki gün burada saxlanırlar.

***

Qəzza zolağında müvəqqəti atəşkəs rejimi qüvvəyə minib. Bu barədə İsrail ilə HƏMAS radikal qruplaşması arasında vasitəçilərin iştirakı ilə keçirilən danışıqlarda razılıq əldə olunub. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat sayır.

Atəşkəsin qüvvəyə minməsi barədə "The Times of Israel" məlumat yayıb.

Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma Qəzzaya humanitar yardımın çatdırılması və girovların dəyişdirilməsindən ötrü hərbi əməliyyatlara fasilə verməyi nəzərdə tutur. HƏMAS-ın girov götürdüyü şəxslərlə İsrail həbsxanalarında saxlanan fələstinlilərin dəyişdiriləcəyi gözlənilir.

Prosedur necə olacaq

Noyabrın 24-də qadın və uşaqlardan ibarət 13 israilli girov buraxılmalıdır. Bunun yerli vaxtla 16:00-da baş verəcəyi gözlənilir.

Dörd günlük atəşkəs dövründə azı 50 girovun buraxılacağı bildirilir. HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı azı 200 nəfəri girov götürüb.

Noyabrın 24-də İsrail həbsxanalarından qadınlar və yeniyetmələr olmaqla 39 fələstinli buraxılmalıdır. Dörd günə 150 fələstinli məhkum azad edilə bilər.

İsrailli girovları Misirə, fələstinli məhkumları isə Fələstin administrasiyasının nəzarətində İordan çayının Qərb sahilinə aparacaqlar. İsrail hakimiyyəti bəyan edib ki, öz vətəndaşlarını görməyincə fələstinliləri azad etməyəcək.

İsrail əməliyyatların davam edəcəyini bildirir

Atəşkəs rejimi dövründə Qəzza zolağında istənilən hərbi əməliyyat dayandırılmalı, İsrail hərbçiləri sektora havadan nəzarətə altısaatlıq fasilə verməlidirlər. Bölgəyə humanitar yardım daxil olmalıdır. Hər gün 130 min litr dizel yanacağı və 200 yük maşını humanitar yardım göndərilməsi planlaşdırılır.

İsrail hakimiyyəti barışıqdan söz getmədiyini vurğulayaraq bəyan edib ki, razılaşdırılan müddət bitən kimi HƏMAS-a qarşı hərbi əməliyyatlar bərpa olunacaq.

HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində azı min 200 israilli öldürülüb, onların çoxu dinc sakinlər idi. Müxtəlif ölkələrin vətəndaşlarının olduğu 240-a yaxın şəxs girov götürülüb. HƏMAS-ın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyi bildirir ki, oktyabrın 7-də İsrail ordusunun cavab əməliyyatı 14 mindən çox adamın həyatına son qoyub. Onların çoxu qadınlar və uşaqlardır.

İsrail Qəzzada quru əməliyyatına başlayıb və hazırda bölgənin şimal hissəsinə nəzarət edir. Buraya Qəzza şəhərinin bir sıra əraziləri və dəniz sahili daxildir.

XS
SM
MD
LG