Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Qorbaçovun dalınca danışılanlar


Mixail Qorbaçov
Mixail Qorbaçov

Qorbaçov gah Putini Rusiyaya sabitlik gətirdiyi üçün tərifləyib, gah da onun hakimiyyətini möhkəmləndirməkdən ötrü media və narazılara təzyiqini pisləyib

Keçmiş Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun ölümünə görə dünyanın müxtəlif yerlərindən başsağlığı axını davam edir. Almaniyanın Kansleri Olaf Şolts Qorbaçovun Almaniyanın yenidən birləşməsində rolunu alqışlayıb. Ancaq onun Rusiyada davamlı demokratiya qurmaq cəhdinin “iflas etdiyini” deyib.

“Mərkəzi və Şərqi Avropada demokratiya hərəkatları onun Rusiyada hakimiyyətdə olmasından faydalandı. Ancaq Qorbaçov Rusiyada demokratiyanın iflas etdiyi bir vaxtda dünyasını dəyişdi”, – Şolts vurğulayıb.

Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Conson, Makron

Rusiya Prezidenti Vladimir Putin son illər ölkədə vətəndaş cəmiyyətinə təzyiqlərinə görə tənqid edilir.

Britaniyanın vəzifədən getməkdə olan Baş naziri Boris Conson isə deyib: “Putinin Ukraynada təcavüzü davam etdiyi bir vaxtda onun sovet cəmiyyətini açmaq yolunda yorulmadan çalışması hamımız üçün örnək olaraq qalır”.


Fransa Prezidenti Emmanuel Makron Qorbaçovu qərarıyla rusiyalılar üçün “azadlıq cığırı” açan “sülh adamı” adlandırıb. “Onun Avropada sülhə sadiqliyi birgə tariximizi dəyişdi”, – Makron Twitter-də yazıb.

Qonşu Çin Qorbaçovun Pekinlə Moskva arasında əlaqələri yaxşılaşdırdığını qeyd edib.

Litva

“Litvalılar Qorbaçovu xoş yad etməyəcək”, – Litvanın Xarici işlər naziri Qabriyelius Landsberqis tvitində yazıb. O, 1990-cı illərin əvvəllərində Litvada azadlıq hərəkatına rəhbərlik etmiş Vitautas Landsberqisin oğludur.

1991-ci ilin yanvarında sovet əsgərləri Litvanın əsas teleqülləsində 14 nəfəri öldürüb. Qorbaçov bu hücuma göstəriş vermədiyini deyib. Latviyada isə sovet xüsusi qüvvələri beş nümayişçini qətlə yetirib.

“Onun ordusunun onun rejiminin ölkəmizdəki işğalını uzatmaq üçün dinc sakinləri qətlə yetirməsi faktını heç vaxt unutmayacağıq. Onun əsgərləri silahsız etirazçılara atəş açıb, onları tankların altına salıb. Biz onu bu cür xatırlayacağıq”, – Landsberqis yazıb.

Putin, Navalnı

Rusiya Prezidenti Vladimir Putin başsağlığı mətnində Qorbaçovu dünya tarixinə böyük təsiri olan siyasətçi və dövlət xadimi adlandırıb.

Qorbaçov ölkəyə “dramatik dəyişiklik” vaxtı başçılıq edib, o zaman islahata böyük ehtiyac olduğunu anlayıb, Putin bildirib.

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı isə Qorbaçovun hakimiyyətdən “dinc yolla” getdiyini qeyd edib.

Moskvadan 260 km şərqdə həbsxanada saxlanan Navalnı mesajını avqustun 31-də Twitter-də, komanda yoldaşları vasitəsilə yayıb.

Dünyanın bir sıra liderləri və siyasətçiləri keçmiş sovet lideri Mixail Qorbaçovun 91 yaşında vəfatı münasibətilə başsağlığı veriblər. Avropada kommunizmin çöküşünə səbəb olmuş islahatların müəllifi avqustun 30-da 91 yaşında “ağır və uzun sürən xəstəlikdən” vəfat edib.

Sosial media istifadəçiləri isə Qorbaçovu Rusiyanı dünyada ikinci səviyyəli dövlətə çevirdiyinə görə tənqid edir. Azərbaycanda sosial media istifadəçiləri keçmiş siyasətçinin Bakıda 1990-cı ilin 20 yanvar faciəsinin təşkilatçısı kimi yad edir.

“Nadir lider”

ABŞ Prezidenti Co Bayden Qorbaçovu “fərqli gələcəyin mümkün olduğunu görən və buna nail olmaq üçün bütün karyerasını riskə atan nadir lider” adlandırıb. “Nəticə isə milyonlarla insan üçün daha təhlükəsiz dünya və daha böyük azadlıq demək idi”, – Bayden bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş Qorbaçovun “tarixin gedişatını dəyişdyini”, Aİ Komissiyasının prezidenti Ursula von der Leyen isə onun “unutmayacağımız miras” qoyduğunu söyləyib.

Rusiya parlamentinin aşağı palatası Dumanın hakim Vahid Rusiya partiyasından üzvü Oleq Morozov deyib ki, Qorbaşçov Rusiya üçün “ədalətsiz” yeni dünya düzəninin “həmmüəllif”lərindən biri olub.

Morozov Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsini postsovet dünya düzənini dəyişmək cəhdi adlandırıb. O ümid etdiyini bildirib ki, Qorbaçov hərəkətlərinin nəticələri üçün “vicdan əzabı” çəkib.

Putinin “əsrin ən böyük geosiyasi fəlakəti” saydığı çöküş

Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Qorbaçovun ölümünə görə başsağlığı verib.

Keçmiş sovet liderinin Moskvadakı Novodeviçi məzarlığında, 1999-cu ildə vəfat etmiş həyat yoldaşı Raisanın yanında dəfn olunacağı gözlənir.

1985-ci ildə Kommunist Partiyasının başına keçən Qorbaçov altı il ona sədrlik edib. Onun rəhbərliyi Dəmir Pərdənin yıxılması, Almaniyanın yenidən birləşməsi və Sovet İttifaqının dağılması ilə nəticələnib. Putin sonuncunu “əsrin ən böyük geosiyasi fəlakəti” adlandırıb.

Qorbaçov Sovet İttifaqını ayaqda saxlamaq üçün “qlasnost” (aşkarlıq) və “perestroyka” (yenidənqurma) islahatlarına başlayıb.

1989-cu ildə Şərqi Avropada demokratiya tələbiylə etirazlar başlayanda hərbi müdaxiləyə qarşı çıxıb.

20 yanvar faciəsi

Ancaq 1990-ci ildə Azərbaycanda 147 nəfərin ölümüylə nəticələnmiş qanlı 20 yanvar faciəsi məhz SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusunun Bakıya yeridilməsi nəticəsində baş verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi faciənin 30-cu ildönümündə yaydığı bəyanatda Qorbaçovu yanvarın 19-da SSRİ və Azərbaycan SSR Konstitusiyasını pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamaqda ittiham edirdi.

“Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu”, – bəyanatda deyilirdi.

Qorbaçov sonralar “Həyat və islahatlar” kitabında 20 yanvar qırğını haqda yazırdı ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

Milli münaqişələr

Qorbaçov sovetlərdə daha böyük azadlığın millətçi qüvvələri qızışdıracağını gözə almamışdı. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə alovlandı, etnik poqromlar törədildi. Kreml Baltik respublikalarının müstəqillik hərəkatları ilə mübarizəyə başladı. Bu respublikalarda Moskvanın onillərlə davam edən dominantlığından narazılıq güclü idi.

Bütün bunlar Sovet İttifaqının 15 respublikasında demokratiya və muxtariyyət istəyini alovlandırdı.

1991-ci ilin avqustunda çevriliş nəticəsində Qorbaçov siyasi baxımdan daha da zəiflədi və bir həftə sonra Kommunist Partiyasının baş katibliyindən istefa verdi.

Dekabrın sonunda Sovet İttifaqının prezidenti vəzifəsindən istefası isə sovet imperiyasının dağılmasına gətirdi.

O 1990-cı ildə Şərq-Qərb gərginliyinin azaldılmasında roluna görə Nobel sülh Mükafatına layiq görülüb, ancaq eyni zamanda dünyanın ən böyük ölkəsinin dağılmasının yaratdığı xaosa görə milyonlarla rusiyalının ədavətini də qazanıb.

Putinə münasibəti

Sonrakı illərdə Qorbaçov gah Putini Rusiyaya sabitlik gətirdiyi üçün tərifləyib, gah da onun hakimiyyətini möhkəmləndirməkdən ötrü media və narazılara təzyiqini pisləyib.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndə Qorbaçov deyirdi ki, bu ilhaqa Rusiyanın milli maraqlı kontekstində baxır. O, mediaya seçimi olsaydı, “eyni cür” davranacağını söyləyib.

Ancaq fevralın sonunda Rusiyanın Ukraynaya hücumundan sonra Qorbaçovun indiki prezidentə yanaşmasının kəskin dəyişdiyi bildirilir. Keçmiş liderlə təmasda olan tanınmış rusiyalı jurnalist Aleksey Venediktov belə deyirdi.

“Sizə Qorbaçovun dilxor olduğunu deyə bilərəm, əlbəttə, o anlayır. Bu onun həyatının əsəri idi”, – Venediktov söyləyib.

XS
SM
MD
LG