Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

Qardaşı: 'Qubad İbadoğlu hərəkət etməkdə çətinlik çəkir'


Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, professor Qubad İbadoğlunun sağlıq problemləri üzündən hərəkətlərində məhdudiyyət yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna danışan qardaşı Qalib Bayramov deyir ki, oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində də onun hərəkət etməkdə çətinlik çəkməsi diqqətdən qaçmayıb: "Şiddətli bel ağrılarından əziyyət çəkir. Gündə üç dəfə ağrıkəsici qəbul edir. Neçə gündür ki, bununla əlaqədar müayinə üçün həkim tələb edir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi də vəziyyətdən xəbərdardır. Çünki müayinə və müalicə üçün bu idarəyə də rəsmi qaydada müraciət olunub".

Yaxınlarının sözlərinə görə, partiya sədri kəskin ürək xəstəliyindən, eləcə də təzyiq və şəkərli diabetdən də əziyyət çəkir.

Bakı Apellyasiya Məhkəməsində Q.İbadoğlu saxlanılan gün aparılan axtarışın qanunsuz hesab edilməsi ilə bağlı vəkillərinin verdiyi şikayətə baxılıb. Partiya sədrinin adına olan, ancaq o, xaricdə yaşayıb-işlədiyinə görə illərdir başqaları tərəfindən ofis kimi istifadə edilən mənzildə iyulun 23-də axtarış aparılıb və oradan bir bölümü saxta olan dollarlar tapıldığı iddia edilib.

"Hamınız bilirsiniz ki, bu ittihamlar qondarmadır"

Axtarışın qanunsuzluğuna dair şikayət öncə Nərimanov rayon Məhkəməsinə verilsə də, bu məhkəmə şikayəti təmin etməmişdi. Ardınca Nərimanov rayon Məhkəməsinin qərarının ləğvindən ötrü apellyasiya şikayəti verilib.

Apellyasiya məhkəməsində Q.İbadoğlu deyib ki, onun təqsirsiz, o axtarışın qanunsuz olduğunu hər kəs, o cümlədən hakimlərin özləri də bilir. Di gəl, həqiqəti bilə-bilə, sifarişlə onun əleyhinə qərarlara imza atırlar: "Həbsdə olduğum müddətdə ayrı-ayrı məsələlərlə bağlı 10-dan çox məhkəməm olub. Heç birində də vəsatət və şikayətlərim təmin edilməyib. Hazırda ölkə üçün tarixi proseslər baş verir. Hər kəs çalışmalıdır ki, öz növbəsində, üzüağ çıxsın. Hamınız bilirsiniz ki, bu ittihamlar qondarmadır, mənim heç bir təqsirim yoxdur".

Lakin Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Q.İbadoğlunun sağlamlıq problemləri ilə bağlı ailə üzvlərinin dediklərinə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb. Ancaq onun həbsdə olduğu iki ay ərzində lazımi qaydada müayinə və müalicə olunmaması ilə bağlı iddiasını bugünlərdə Nərimanov rayon Məhkəməsi rədd edib. Məhkəmə belə nəticəyə gəlib ki, partiya sədrinə ehtiyacı olan bütün tibbi yardımlar göstərilir. Bu qərardan da apellyasiya şikayəti verilib.

"Daim Avropa Məhkəməsinə məlumat verilməlidir"

Qardaşı yada salır ki, sentyabrın 20-də Avropa İnsan Haqları Məhkəməsi 39-cu qaydaya əsaslanaraq Q.İbadoğlunun sağlıq durumu ilə bağlı qərar çıxarıb. Onun sözlərinə görə, qərarın qəbulundan xeyli keçsə də, onun icrası istiqamətində heç bir addım atılmır: "Azərbaycan hökuməti lazım olan tibbi müayinələr aparmalı, adekvat müalicə həyata keçirilməlidir. Qubad İbadoğlunun müalicəsi, sağlamlıq durumu barədə daim Avropa Məhkəməsinə məlumat verilməlidir. Lakin, təəssüf ki, bunları eləmirlər".

Xatırlatma

Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.

XS
SM
MD
LG