Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Qumuxda çaya dərman qutularını kim atıb?


Arxiv fotosu
Arxiv fotosu

"Bir də baxdıq ki, məhəllənin uşaqları qucaqlarında çoxlu dərman qutularıyla gəlirlər. Sən demə, çayın kənarına gətirib dərmanla dolu iri qutular tullayıblar. Həm çayı zəhərləyiblər, həm də ərazidəki insanların, əsasən, uşaqların həyatını təhlükəylə üz-üzə qoyublar".

Bunu AzadlıqRadiosu-na Şəkinin Qumux kənd sakini Mirvari Əliyeva deyir.

Buna da bax:​ Sakin: "İki qurumun mübahisəsinə görə çimə bilmirik"

“Kimin uşağına baxırsan...”

Bir həftədən çoxdur ki, kənddən keçən çayın kənarına istifadə müddəti ötmüş dərmanlarla dolu iri qutular atılıb. Sakinlərin sözünə görə, yaxınlıqda yaşayan uşaqlar yüzlərlə dərman qutusunu açaraq onunla oynayırlar. Mirvari Əliyeva:

"Uşağı səhərdən axşamadək nəzarətdə saxlamaq olmur. Gözdən qoyunca, uşaqları gedib çay kənarında - dərman qutularının arasında tapırıq. Kimin uşağına baxırsan, hərəsinin qucağında bir iri qutu dərmanla gəzir. Gəlib ərazini dərmanlardan təmizləməsələr, bir azdan kənddə zəhərlənmə baş alıb gedəcək".

Sakinlərin iddiasına görə, dərmanlar həm də ərazidən keçən çaya atılır. Bu çaydansa heyvanlar su içir.

Buna da bax: Partlayış baş verən yataqxana sakini: 'İki həftədir çadırda qalmışıq'

“Mənşəyi bilinməyən dərmanlardır”

Kənd sakini Mövlüd Hüseynov:

“Üstəlik, dərmanların atıldığı ərazi bizim heyvanların örüş yeridir. Dərmana görə heyvanları otarmağa apara bilmirik. İri qutulardır, hamısının içində istifadə müddəti keçmiş dərman... Mənşəyi bilinməyən dərmanlardır. Məhlul şəklində olan dərmanlar günün altında qalıb iylənir, ətrafa yayılır”.

Kəndin aşağı tərəfində bulaqlar var, sakinləri narahat edən həm də odur ki, çaya atılan dərmanlar axara düşərək bulaqlar olan ərazilərədək gedib çıxır.

Kənd sakinləri tez-tez zibilliyə çevrilən ərazini özləri təmizləyirlər. Düzdür, kimlərsə də hamı yatandan sonra "gecə qara-cücə qara" deyib, kənardan maşınla gətirib bura dərmanla dolu qutular atır.

Buna da bax:​ Gəncə sakini: 'Təcili yardım çağırışa ayrıca çantayla gəlir...'

“Hələ də şikayət varsa...”

Şəki Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sirli dərman qutuları barədə quruma da məlumat daxil olub. Ərazinin təmizlənməsi üçün kənd bələdiyyəsinə göstəriş verilib. Kənd bələdiyyəsi də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müraciət edib: 2-3 gün əvvələdək bu problem həll olunmalıydı. Hələ də şikayət varsa, araşdırılacaq".

Yazı çapa hazırlanarkən, qurumdan AzadlıqRadiosu-na bildirilib ki, sözügedən ərazidə təmizlik işləri aparılıb.

XS
SM
MD
LG