Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:35

Əmisi oğlu reportyoru cinsi orientasiyasına görə öldürdüyünü deyir


Əvəz Şıxməmmədov
Əvəz Şıxməmmədov

“Kanal 13” və bir sıra başqa internet televiziyalarıyla əməkdaşlıq edən Şıxməmmədov həm də LGBT fəalı kimi tanınırdı

Reportyor Əvəz Şıxməmmədovu qətlə yetirməkdə ittiham edilən əmisi oğlu Əmrulla Güləliyev onu cinsi orientasiyasına görə öldürdüyünü deyib. O bildirib ki, bu zəmində aralarında mübahisə yaranıb və qanlı hadisə baş verib.

Qəsdən adam öldürməkdə ittiham olunan 24-yaşlı Güləliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

O, iyulun 18-də məhkəmədə ifadə verərkən deyib ki, ögey əmisi oğlunun davranışına görə illərdir aralarında mübahisələr olurdu. Hadisə günü də növbəti dəfə mübahisə etdiklərini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, Əvəzin hərəkətlərinə görə acıqlansa da, onu öldürmək niyyəti yox idi:

“Əvəzgilə getdim, ona axırıncı dəfə xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə dedi ki, “mənim sənətimdi, get, işinlə məşğul ol”. Əsəbiləşdim, mətbəxdən bıçağı götürüb vurdum. Əslində, məni söyməsəydi, vurmayacaqdım. Evdə heç kim yox idi deyə, səsə gələn olmadı. Əməlimdən peşmanam, gərək öldürməyəydim...”

O, istintaqdakı ifadəsində isə bildirib ki, hələ 3 ay öncə Əvəzi öldürmək qərarı vermişdi.

“Bizə heç nə demirdi”

Mərhum reportyorun qardaşı, onun hüquqi varisi qismində tanınan Təbriz Şıxməmmədov danışır ki, hadisə vaxtı rayonda olub. Onun sözlərinə görə, əmisi oğlu ilə qardaşı arasında mübahisədən də, Əvəzin həyat tərzindən də məlumatı olmayıb:

“Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddət sonra gəlirdi. Bizə heç nə demirdi. Ailəmin Əmrullaya qarşı şikayəti yoxdu...”

Ancaq anası Cəmalə Şıxməmmədova oğlunun dediklərinin əksinə, təqsirləndirilən şəxsdən şikayətçi olub. O, Güləliyevə ən ağır cəzanın verilməsini tələb edib.

Anası təsdiqləyib ki, Əvəzlə əmisi oğlu Əmrulla danışmırdı. Onun sözlərinə görə, Əvəz başqalarından fərqli geyinsə də, xaraktercə xeyirxah insan idi:

“Heç kiminlə işi yox idi. Səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Bütün yorğan-döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm, o, günahsız balamı öldürüb”.

Hüquqi varis

Məhkəmədə məlum olub ki, mərhum Şıxməmmədovun həm anası, həm də qardaşı onun hüquqi varisi qismində tanınıb. Onların təqsirləndirilən şəxsə münasibətlərində isə kəskin fərq var.

Prokuror bildirib ki, bir nəfər hüquqi varis qismində qala bilər. O, təklif edib ki, qardaşı hüquqi varislikdən çıxarılsın, yalnız anası saxlanılsın. Ancaq ana bu məsələ ilə bağlı öz fikrini bildirməkdən ötrü məhkəmədən vaxt istəyib. Ona bir həftə vaxt verilib.

24-yaşlı Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə ittiham olunan Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. Güləliyev CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Kanal 13” və bir sıra başqa internet televiziyalarıyla əməkdaşlıq edən Şıxməmmədov həm də LGBT fəalı kimi tanınırdı. O, cinsi azlıqların hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

XS
SM
MD
LG