Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Vardanyan Bakının onun çıxıb getməsi üçün təzyiq göstərdiyini deyir


R.Vardanyan
R.Vardanyan

Qarabağdakı separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan iddia edir ki, Azərbaycan onun çıxıb getməsi üçün çox ardıcıl şəkildə, addım-addım çaxnaşma yaratmağa və Qarabağ xalqına təzyiq göstərməyə çalışır.

“Onlar bunu xüsusi strategiya ilə, ölkəmizi hissələrə parçalamaqla, ‘salyami taktikası’ ilə edirlər”, – Vardanyan həftəsonu Qarabağda yerli sakinlərlə görüşündə vurğulayıb.

"Blokada, humanitar böhran"

Artıq bir həftədən çoxdur azərbaycanlı fəallar Xankəndi-Laçın yoluna yığışaraq Qarabağdakı mədənlərin qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər. Qarabağdakı rejim humanitar fəlakətdən danışır, ancaq Azərbaycan XİN yolun humanitar keçid üçün açıq olduğunu deyir.

Vardanyan hazırda ciddi informasiya müharibəsi getdiyini söyləyib.

"Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, bu, ekoloji problemdir. Ancaq reallıq budur ki, bu, blokada, humanitar böhrandır", – Vardanyan bildirib. Onun iddiasına görə, Azərbaycan Qarabağın erməni əhalisinin çıxıb getməsini istəyir, "ancaq bu, yolverilməzdir".

Aksiya davam edir

AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) yazır ki, özlərini ekoloji fəallar adlandıran azərbaycanlılardan ibarət qrup artıq səkkizinci gündür Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizini bağlayıb.

Ermənistan rəsmiləri daha öncə Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağdakı erməniləri təcrid vəziyyətinə salmaq cəhdində suçlayıb. Rəsmi Bakı ittihamları rədd edib.

R.Vardanyan daha öncə özünü Bakı ilə danışıqların tərəfi, "Qarabağ ermənilərinin elçisi" kimi gördüyünü dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmüş milyarderin Moskvadan aydın gündəliklə göndərildiyini deyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG