Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:40

Rusiya Estoniyanın baş naziri də daxil 160-dək Avropa siyasətçisini axtarışa verib


Estoniyanın baş naziri Kaya Kallas
Estoniyanın baş naziri Kaya Kallas

Rusiya Daxili İşlər Nazirliyi sovet abidələrinin dağıdılması ilə bağlı 160-dək Avropa siyasətçisi və məmurunu axtarışa verib.

Onların arasında Estoniyanın baş naziri Kaya Kallas da var.

Bu da qeyd olunur ki, Avropa siyasətçiləri axtarış siyahısına bir qayda olaraq İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin şəxsi tapşırığı ilə daxil edilir.

Buna baxmayaraq sözü gedən siyahı indiyədək açıqlanmamışdı.

2022-ci ilin avqustunda Kallas “sovet tankı” abidəsinin Narva şəhərindən köçürülməsi təşəbbüsü ilə çıxış etmişdi:

"Hökumətin niyyəti çox aydın idi: sovet abidələrini yığışdırmaq. Sülhü qoruyub saxlamaq üçün, bunu mümkün qədər tez etmək lazımdır. Bizim arzumuz bu məsələni birdəfəlik həll etməkdir”.

Bastrıkin 2022-ci ilin dekabrında sökülməli olan sovet abidələrinin siyahısının hazırlanması ilə bağlı Estoniya hökuməti ilə “məşğul olmaq” tapşırığı vermişdi.

Sovet abidələrinin sökülməsinə görə

Jurnalistlər axytarışda olan rəsmilərin siyahısında Kallasdan başqa habelə Estoniyanın dövlət katibi Taymar Peterkopun adını aşkar ediblər.

Rusiyanın axtarış siyahısında habelə Latviyadan olan 83 siyasətçi və məmurun adları var.

2022-ci ilin mayında Latviya seymi Rusiya ilə xatirə abidələrinin qorunub saxlanmasına dair müqavilədən çıxmaq barədə qərar qəbul edib.

Latviya bu müqavilədən çıxmaqla öz ərazisindəki sovet abidələrinin sökülməsi imkanı qazanıb.

O vaxt bu müqavilədən çıxmaq barədə qərara 68 deputat səs vermişdi. Onlardan 59-u Rusiyanın axtarış siyahısındadır.

Bundan başqa Rusiya sovet əsgərlərinə qoyulmuş abidələrin sökülməsinə dair qərarların qəbulunda iştirak etmiş Riqa deputatlarını da axtarışa verib.

700-dən çox əcnəbi

Mediazona jurnalistləri bildirirlər ki, eyni səbəbdən Litvadan olan 29 siyasətçi, o cümlədən Klaypedanın meri Rusiyada axtarışa verilib.

Klaypedadakı sovet əsgərləri abidəsi 2022-ci ilin iyulunda demontaj edilib.

Rusiyanın axtarış siyahısında habelə 3 Polşa və 3 Ukrayna məmuru var.

Mediazona saytının əldə etdiyi axtarış bazasında 2024-cü ilin fevralına olan məlumata görə Ukrayna müharibəsi ilə bağlı olan 700-dən çox xarici var.

Ümumilikdə isə axtarış bazasında 96 min qeyd mövcuddur.

XS
SM
MD
LG