Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Neft Rusiyanın yeni büdcəsini heç elədi


Rusiyanın baş naziri Dmitry Medvedev
Rusiyanın baş naziri Dmitry Medvedev

Neftin qiyməti2004-cü ildən bəri ilk dəfə olaraq bir barrel üçün 30 dollardan aşağı düşüb. Moskva 2016-cı ilin büdcəsinə yenidən baxmalı olacaq

Neft qiymətləri 2004-cü ilin aprelindən bəri ilk dəfə olaraq bir barrel üçün 30 dollardan aşağı düşüb. Birja satışı zamanı neftin qiyməti bir müddət 29, 96 dollar həddinə enib. Günün sonunda qiymət yenidən 30, 22 dollara qayıtsa da, belə görünür, Moskvanın əsəbləri dözmür.

"Ən pis ssenari"

Rusiyanın baş naziri Dmitry Medvedev deyib ki, ucuzlaşmaqda davam edən neft Rusiyanın 2016-cı il büdcəsinə yenidən baxılmasına səbəb ola bilər.

Baş nazir xəbərdarlıq edib ki, ölkə özünü “ən pis” iqtisadi ssenariyə hazırlamalıdır.

Dmitry Medvedev-i tənqid edən son karikaturalardan biri
Dmitry Medvedev-i tənqid edən son karikaturalardan biri

Neft və qaz Rusiya dövlət gəlirlərinin yarısını verir.

2016-cı il üçün Rusiya büdcəsi oktyabr ayında qəbul edilərkən neftin optimal qiyməti olaraq bir barrel üçün 50 dollar götürülmüşdü. O vaxtdan bəri prezident Vladimir Putin bu rəqəmi “qeyri-realist” adlandırıb.

Reuters agentliyi bildirir ki, nazirliklərə və büdcə təşkilatlarına 2015-ci ildə olduğu kimi xərclərin daha 10 faiz ixtisar olunması tapşırılıb.

Bu da xəbər verilib ki, pensiyalar və büdcə təşkilatlarındakı maaşlar azalmaya məruz qalmayacaq.

Hökumət bildirir ki, belə bir ixtisar daha 700 milyard rubla (9, 1 milyard dollar) qənaət edilıməsinə imkan verərdi.

Yalnız 82 dollara olan neft Rusiyanı xilas edə bilər

Rusiyanın maliyyə naziri Anton Siluanov deyib ki, Rusiyanın büdcəsi yalnız neftin qiyməti bir barrel üçün azı 82 dollar olarsa, tarazlaşdırıla bilər.

O deyib ki, büdcəyə yenidən baxılacaq və bu dəfə neft qiymətlərinin bir barrel üçün 40 dollar olaraq götürüləcəyi gözlənilir.

“Biz 2016-cı il büdcəsini yeni reallıqlara uyğun tərtib etməliyik” – deyib nazir.

Ən böyük risk bundadır ki, aşağı qiymətlər uzun müddətdə, yəni illər və onilliklər ərzində davam edə bilər

İqtisadiyyat naziri Alexei Ulyukayev isə xəbərdarlıq edib ki, Rusiya uzun müddtdə neft qiymətlərinin 15 və ya 20 dollar həddinə hazır olmalıdır.

“Ən böyük risk bundadır ki, aşağı qiymətlər uzun müddətdə, yəni illər və onilliklər ərzində davam edə bilər” – deyib Siluanov.

Cənab Medvedev həmçinin yüksək bank faizlərinin Rusiyanın iqtisadi inkişafına əngəl olduğunu deyib. Rusiya bankının hazırda təyin etdiyi rəqəm 11 faizdir.

Ötən il Rusiya Bankı faizləri 10, 5 fazidən 17 faizə qaldırmaqla bazarlarda təlatümlü vəziyyət yaratmışdı.

Hazırda Rusiyada inflyasiya 15 faizdir, lakin bank ümid edir ki, bu rəqəm gələn il üçün 4 faiz olacaq.

Neftin qiymətindən asılı “yaxşı prezident”

“The Wall Street Journal” qəzeti yazır ki, Rusiya hökumətinin dövlət aktivlərinin satıla biləcəyi barədə bəyanatları Moskvanın nə qədər çətin durumda olduğunu göstərir.

Məqalədə deyilir ki, yüksək neft qiymətləri prezident Vladimir Putinin son 15 ildəki hakimiyyət və populyarlığının hərəkətverici qüvvəsi olub. O, neftdən gələn gəlirlərlə sosial xərcləri artırıb və rusların yaşayış səviyyəsini yüksəldərək “yaxşı prezident” olub.

Lakin neft qiymətlərinin düşməsi və üstəlik Ukraynaya müdaxilə nəticəsində Rusiya iqtisadiyyatı 3, 7 faiz geriləməyə məruz qalıb və real gəlirlər azalıb.

Hökumət iqtisadiyyatın bu il də yüksəlişdə olacağını vəd etsə də, Dünya Bankı Moskvanın 0, 7 faiz geriləmə ilə üzləşəcəyini proqnozlaşdırıb.

XS
SM
MD
LG