Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

​​​​​​​‘Suyun altında nəfəs almaq’. Rusiyada müharibəyə qarşı çıxan keşişlər


Rusiyada pravoslav dini ayini
Rusiyada pravoslav dini ayini

Sankt-Peterburq yaxınlığında bir kənddə xidmət edən pravoslav keşişi Qriqori Ata indiki durumunu vaxtilə romalıların təqib etdiyi ilk xristianlarınkına bənzədir.

“Prefekt və xristianlar eyni küçədə yaşaya bilərdilər və prefekt rəsmi formada həmin şəxsin xristian olduğunu yazanacan xristiana heç nə olmazdı”, – təqiblərdən qorxduğu üçün əsl adının açıqlanmasını istəməyən Qriqori deyib.

"O zaman iş açılırdı. İndi də belədir. Nə qədər ki, kimsə yazmır, heç nə baş vermir. Amma donos gələn kimi sizin maliyyənizi yoxlayırlar, iş yerinizə baş çəkirlər. Sonra da sizə "Rusiya hakimiyyətini gözdən salmaq” ittihamı irəli sürülür", – o əlavə edir.

"Bu günlər baş verənləri müzakirə edərkən, Harri Potter kitablarındakı kimi - "adının çəkilməməsi gərəkən biri" haqqında danışırıq", – deyə o, Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq deyib.

Qriqori Moskvanın Ukraynaya təcavüzünə və Putinin getdikcə avtoritarlaşayan şovinist siyasətinə səssizcə qarşı çıxan, sayları bəlli olmayan rusiyalı keşişlərdən biridir. Vicdanları onları Rus Pravoslav Kilsəsinin müharibəyə rəsmi dəstəyinə qarşı çıxmağa sövq etdiyi bir vaxtda, onlar həm də öz mövqelərini və icmaları ilə əlaqələrini saxlamağa çalışırlar. Kilsənin lideri Patriarx Kirill isə bir vaxtlar Putinin hakimiyyətini “Allahın möcüzəsi” adlandırmışdı.

“Bacardığım qədər partizan kimi çıxış edirəm”, – Qriqori söyləyir.

Sakit etiraz

Belaruslu ilahiyyatçı Natalya Vasileviç deyir ki, Rusiyada belə keşişlər çoxdur. O, “Xristianlar Müharibəyə Qarşı” portalının təsisçisidir. Bu portal Rusiya, Ukrayna və Belarusda bütün konfessiyalardan olan və müharibə qarşı mövqelərinə görə təqiblə üzləşən xristianlara repressiyaların monitorinqini aparır, qurbanlara yardım göstərir.

"Keşişlər müharibə əleyhinə danışanda, bunu diqqəti cəlb etmədən edirlər. Onlar sadəcə, kilsələrini və icmalarını bu virusdan, mizantropiya infeksiyasından xilas etməyə çalışırlar", – o deyir.

"Bu şəraitdə şərdə iştirak etməmək çox vacib bir hərəkətə çevrilib", – Vasileviç sözlərinə əlavə edir.

'Bu mənim borcum idi'

Rus Pravoslav Patriarxı Kirill uzun müddət müharibənin təbliğatçısı və Putinin yaxın müttəfiqi olub, onun avtoritar idarəçiliyinə göz yumub. Müharibənin ilk günlərində Patriarxlıq kahinlərə sülh üçün dua etmək əmri verdi, lakin sentyabrda bəyan etdi ki, Rusiyanın qələbə çalması üçün dua oxunsun. Kahinlər qoşunların toplanmasına köməyə və cəbhəyə gedənlərə xeyir-dua verməyə cəlb olunublar.

Məsələn, baş keşiş Andrey Tkaçyovun Telegram-da 1,5 milyondan çox izləyicisi var. O, müharibəni qızğınlıqla dəstəkləyir, israr edir ki, Rusiya “yeni İsrail”dir, “Allahın düşmənləri ona nifrət edir”.

Di gəl, 2022-ci ilin martında bir qrup pravoslav keşiş açıq məktubla müharibəni dayandırmağa çağırdı. O vaxtdan məktubu 300-ə yaxın insan onu imzalayıb.

Sankt-Peterburqdan saatyarımlıq məsafədə yerləşən kənd kilsəsinə rəhbərlik edən və adının dəyişdirilməsini istəyən Aleksandr Ata da məktubu ilk imzalayanlardan olub.

“Bir keşiş kimi, müəyyən ictimai rolu olan şəxs kimi mövqeyimi açıqlamalı oldum. Bu mənim borcum idi", – o, AzadlıqRadiosuna deyib.

Aleksandrın sözlərinə görə, məktubun dərcindən sonra, o, təkbətək görüşə çağırılıb və ona bir daha məktub imzalamayacağına söz verməsi üçün təzyiq göstərilib. Ona həm də tapşırılıb ki, müharibə ilə bağlı açıq bəyanat səsləndirməsin.

“Söz verdim. Və o vaxtdan bəri heç bir görüş olmayıb", – o deyib.

Bəzi narazı keşişlər isə cəzalandırılıb. 2022-ci ilin martın İohan Burdin Ata “silahlı qüvvələri gözdən salmaqda” ittiham olunaraq cərimələnib. O daha sonra vəzifəsindən kənarlaşdırılıb.

Aleksandr deyib ki, bir yerli sakin kilsənin onu işdən çıxarması üçün oxşar iş aparır.

"Kiçik kəndimizdə tanımadığım bir şəxs mənə qarşı imza toplayır. Mənə belə bir məktubun olduğunu deyiblər, amma bildiyimə görə, heç kim onu imzalamayıb", – Aleksandr söyləyib.

"Suyun altında nəfəs almaq"

Andrey Kordoçkin İspaniyanın Madrid şəhərindəki kilsənin rus pravoslav keşişidir, o da müharibə əleyhinə bəyanatlarına görə qınanıb və töhmət alıb.

Kordoçkin müharibəyə qarşı 2022-ci il məktubunun həmmüəllifi idi və onun sözlərinə görə, müharibəni "yetərincə kəskin" pisləmədiyinə görə tənqid olunub. O, "təcavüz" və "işğal" kimi sözlərdən də yayınır.

"Kilsənin məqsədi həmişə tövbəni təşviq etməkdir. Bu, təhqiredici və ya alçaldıcı ola bilməz. O, insanların başı üzərində hakim kimi dayana bilməz, çünki sonucda hamımız Allahın qarşısında dayanırıq", – deyə o, verdiyi mesajı müdafiə edir.

Kordoçkin Rusiyada xeyli sayda müharibə əleyhinə din xadimlərinin işlədiyinə inanır.

“Çoxunu şəxsən tanıyıram. Tamamilə müharibəyə qarşıdırlar, ancaq çətin seçim qarşısında qalıblar – açıq danışsalar, mühacirət etməli olacaqlar", – o bildirir.

Narazı keşişləri İohan Kurmoyarov Atanın taleyi – həbsxana da gözləyə bilər. O, 2022-ci ilin iyulundan Rusiya silahlı qüvvələrinin “nüfuzdan salınması” maddəsi ilə Sankt Peterburqda saxlanır.

Kordoçkin deyir ki, Rusiyada müharibə əleyhinə çıxan pravoslav kahinlərin acınacaqlı durumu rusiyalı rok əfsanəsi Boris Qrebenşçikovun Allahdan “Bizə suyun altında nəfəs almağı öyrətməsini” istədiyi ritmi yada salır:

“Bu sözlər mövcud vəziyyəti tam əks etdirir. Belə şəraitdə düzgün qərarlar çıxarmaq olmur. Cəmiyyət sürətlə radikallaşır, ona görə də narazılara açır yer qalmır. Bu həm cəmiyyətə, həm də kilsəyə aiddir".

XS
SM
MD
LG